Estoniyada İQP-lərə antidron rolu verilir

2026/06/cvbcv-1782379039.jpg
Oxunub: 252     13:12     25 İyun 2026    
“Frankenburg Technologies” və “Milrem Robotics” şirkətləri “Mark I” önləyici raketini insansız quru platformalarına inteqrasiya edərək münasib xərcli mobil hava hücumundan müdafiə sistemi hazırlamaq məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.

Ordu.az xəbər verir ki, münasib xərcli önləyici sistemlər istehsal edən Estoniya mərkəzli “Frankenburg Technologies” ilə dünyanın aparıcı robotik və avtonom sistem istehsalçılarından olan “Milrem Robotics” Eurosatory 2026 sərgisində yeni nəsil Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə sistemlər sahəsində əməkdaşlıq etmək üçün Anlaşma Memorandumu imzalayıb.

Əməkdaşlıq “Frankenburg Technologies” tərəfindən münasib qiymətli və miqyaslana bilən antidron əməliyyatları üçün xüsusi hazırlanmış “Mark I” raketinin “Milrem Robotics” şirkətinin insansız quru platformalarına inteqrasiyasına yönələcək.

Şirkətlərin birgə açıqlamasına əsasən, önləyici raketin insansız mobil platformalarla birləşdirilməsi nəticəsində kritik milli infrastruktur və hərbi obyektlərin getdikcə artan genişmiqyaslı PUA təhdidlərindən qorunması üçün yeni paylanmış qısamənzilli hava hücumundan müdafiə həlləri yaradılacaq.

Bu tip sistemlər ənənəvi hava hücumundan müdafiə həlləri ilə müqayisədə daha aşağı xərclə avtonom şəkildə yenidən mövqelənmək, hava təhdidlərinə sürətlə reaksiya vermək və paylanmış qısamənzilli hava hücumundan müdafiə örtüyünü saxlamaq imkanına malik olacaq.

“Frankenburg Technologies” şirkətinin “Mark I” sistemi aşağı xərcli hava təhdidlərinin yayılması fonunda sürətlə artan bazar tələbatına cavab verən, dünyanın ilk münasib xərcli və seriyalı istehsala uyğun önləyici raketi kimi təqdim olunur.

Kommersiya bazarında mövcud olan komponentlər əsasında hazırlanmış “Mark I” raketinin qısamənzilli önləmə xərclərini ənənəvi sistemlərlə müqayisədə 10 dəfədən çox azaltdığı bildirilir.

Qabaqcıl faydalı yükləri daşıya və inteqrasiya edə bilən insansız quru platformaları sahəsində geniş təcrübəyə malik olan və Türkiyə də daxil olmaqla bir çox ölkə ilə robotik vasitələr sahəsində əməkdaşlıq edən “Milrem Robotics” isə öz sistemlərini yeni nəsil hava hücumundan müdafiə imkanları ilə gücləndirməyi hədəfləyir.

Şirkətlər təxminən 12 ay ərzində birgə sistem nümayişi keçirməyi planlaşdırırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   İQP   Antidron  


Bizi "telegram"da izləyin