İki yerə bölünən Rusiya: Duqinin “həlak olanlar” və “əylənənlər” tənqidi nəyin xəbərçisidir?

2026/06/1782326425.jpg
Oxunub: 251     22:42     24 İyun 2026    
“Rusiyanı ağılla dərk etmək olmaz” ifadəsi Tyutçevin şeirinin ilk misrasıdır, lakin davamı daha maraqlıdır: “Rusiyaya yalnız inanmaq olar”, çünki onun “özünəməxsus mövqeyi var”.

İyunun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna məsələsinə həsr olunmuş səfirlərin “dəyirmi masa” toplantısında çıxışı zamanı bir daha bəyan edib ki, “xüsusi hərbi əməliyyat” qarşısında qoyulan bütün məqsədlər həyata keçiriləcək. O, eyni zamanda “əsaslandırmağa” çalışıb ki, Krımın, Donbasın və Novorossiyanın əhalisi “azad iradə ifadəsi ilə öz müqəddəratını müəyyən edib”.

Bir gün əvvəl Ukrayna ilə danışıqların əsaslarını Rusiya Prezidenti Vladimir Putin müəyyənləşdirib. O, Xarici İşlər Nazirliyinin kollegiya iclasında “bir-iki il əvvəl” etdiyi çıxışına istinad edərək Ukraynadan Krımın, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya məxsusluğunu tanımağı və bütün bu ərazilərdən öz qoşunlarını çıxarmağı tələb edib.

Bu məqsədə nail olmaq mümkündürmü? Əgər əsas meyar kimi beynəlxalq hüquq götürülsə, cavab xeyrdir. Ukraynanın Rusiyaya vurduğu ağrılı zərbələr, Avropanın “üçlüyü”nün və digər ölkələrin dəstəyi, ABŞ xüsusi xidmət orqanlarının Ukrayna Silahlı Qüvvələrinin imkanları ilə bağlı proqnozları belə nəticəyə gəlməyə əsas verir ki, bütün Donbasın, Xerson və Zaporojye vilayətlərinin “nasist rejimindən azad olunması” üçün Rusiyaya illər, çox böyük insan, maddi və maliyyə resursları lazım olacaq.

Avropalı dövlət və siyasi xadimlər, kəşfiyyat xidmətləri, ekspertlər və analitiklər, eləcə də ABŞ Prezidenti Rusiyanı mövcud təmas xətti boyunca atəşkəsə çağırdığı və digər məsələlərin danışıqlar masasında həll olunmasını təklif etdiyi halda, Rusiya özünün “özünəməxsus mövqeyini” nümayiş etdirir.

Əvvəlcə Rusiya Dövlət Dumasında Kommunist fraksiyasının rəhbəri Gennadi Züqanov hakimiyyəti vətəndaşların banklardakı 67 trilyon rubldan artıq əmanətlərini “milliləşdirməyə” və “büdcədəki boşluqları bağlamağa” çağırıb.

Bundan sonra “Milli Müdafiə” jurnalının baş redaktoru və politoloq İqor Korotçenko yeni Dövlət Dumasında “NATO üzvü ölkələrdə daşınmaz əmlakı və bank hesabları olan şəxslərə yer verilməməli olduğunu” bildirib. Digər mənbələrdən məlum olub ki, “xüsusi hərbi əməliyyat”ın mindən çox iştirakçısı Dövlət Dumasına deputat seçilmək istədiyini bəyan edib.

Və nəhayət, Kremlin ideoloqu Aleksandr Duqin yenidən gündəmə gəlib. Onun fikrincə, Rusiyada xalqın “yarısı müharibə aparır, hərbi əməliyyatlarda iştirak edir, həlak olur, digər yarısı isə yox”. Duqin əmindir ki, Ukraynaya qarşı müharibə “dövlət müharibəsindən xalq müharibəsinə çevrilməlidir” və hesab edir ki, bu, “çox çətin qərardır, lakin Prezident Putin bu maneəni də aşacaq”.

Duqin faktiki olaraq yeni bir “Vətən müharibəsi” elan olunması ideyasını səsləndirib. Çox güman ki, Rusiya “qismən səfərbərlik” elan edəcək. Sual isə ondan ibarətdir ki, Prezident Putin “Vətən müharibəsi elan etmək maneəsini” nə vaxt aşacaq, Dövlət Dumasına seçkilər ərəfəsində, yoxsa yeni hökumət formalaşdırıldıqdan sonra?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Duqin   Müharibə  


Bizi "telegram"da izləyin