“Şəhid leytenant Caner Gönyeli” təlimi dəniz mərhələsindən sonra başa çatıb

2026/06/1782378808.jpg
Oxunub: 287     13:09     25 İyun 2026    
“Şəhid leytenant Caner Gönyeli 2026” Axtarış-Xilasetmə Dəvət Təlimi dəniz mərhələsinin tamamlanmasından sonra uğurla yekunlaşıb.

Ordu.az xəbər verir ki, təlimin dəniz mərhələsi flaqman gəmi olan TCSG “Yaşam” axtarış-xilasetmə gəmisinin Qazimağusa limanından ayrılması ilə başlayıb.

Təlimi Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, daxili işlər nazirinin müavini Kübra Güran Yiğitbaşı, Sahil Mühafizə Komandanı kontr-admiral Ahmet Kendir, Şimali Kipr Türk Cümhuriyyəti Təhlükəsizlik Qüvvələri Komandanı general-mayor İlker Görgülü, eləcə də yerli və xarici müşahidəçilər izləyiblər.

Gəminin təlim rayonuna çatmasından sonra ssenariyə uyğun olaraq planlaşdırılan axtarış-xilasetmə fəaliyyətlərinə başlanılıb.

Axtarış-xilasetmə ssenarisi tətbiq olunub

Ssenariyə əsasən, Şimali Kipr Türk Cümhuriyyətinin ərazi sularından kənarda və Türkiyənin axtarış-xilasetmə zonasında çoxlu sayda qeyri-qanuni miqrantin olduğu quru yük gəmisi ilə kommersiya yaxtasının toqquşması nəticəsində axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.

Gəmilərdən gələn təhlükə siqnallarından sonra Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin axtarış-xilasetmə qurumları fəaliyyətə başlayıb. Ardınca Sahil Mühafizə Komandanlığına məxsus axtarış-xilasetmə təyyarəsi zərərçəkənlərin yerinin müəyyən edilməsi üçün bölgədə kəşfiyyat uçuşu həyata keçirib.

Zərərçəkənlərin bir hissəsinin aşkarlanmasından sonra helikopterlərdəki axtarış-xilasetmə heyəti dənizdə olan bəzi şəxsləri “quick strop” üsulu və üzən xərəkdən istifadə etməklə xilas edib. Yaralılar tibbi müayinə üçün helikopterlə gəmiyə çatdırılıb.

Dənizdə qalan digər zərərçəkənlər üçün təyyarədən içərisində şişmə qayıq da olan axtarış-xilasetmə dəsti atılıb. Daha sonra həmin şəxslər sürətli xilasetmə qayıqları vasitəsilə xilas edilərək gəmiyə təxliyə olunublar.

Daha sonra Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus axtarış-xilasetmə təyyarəsi tərəfindən min fut yüksəklikdən zərərçəkənlərin olduğu əraziyə xilasetmə qayığı buraxılıb. Təyyarə 5 min fut yüksəkliyə qalxdıqdan sonra axtarış-xilasetmə qrupunu bölgəyə endirib.

Axtarış-xilasetmə qrupu paraşütlə tullanaraq yaralıları xilas etmək üçün dənizə enib. Sonra zərərçəkənlər sahil mühafizə kateri tərəfindən xilasetmə platforması və gəmi manevrləri vasitəsilə təhlükəsiz əraziyə çıxarılıb.

Dənizdəki digər zərərçəkənlər də gəmilər, helikopterlər və Türkiyə Hərbi Hava Qüvvələrinin axtarış-xilasetmə heyəti tərəfindən xilas edilərək xəstəxanaya aparılmaq üçün Qazimağusa limanına göndərilib.

Xüsusi əməliyyat qrupu gəmiyə çıxıb

Daha sonra qeyri-qanuni miqrantların olduğu quru yük gəmisinə sahil mühafizə katerləri tərəfindən dayanması üçün xəbərdarlıq elanları verilib və qarşısını alma manevrləri həyata keçirilib.

Xəbərdarlıqlara və dayandırma manevrlərinə cavab verməyən quru yük gəmisini ələ keçirmək və üzərindəki qeyri-qanuni miqrantları təxliyə etmək məqsədilə Sahil Mühafizə Xüsusi Əməliyyat Qrupu tərəfindən gəmiyə əməliyyat təşkil olunub.

Quru yük gəmisi nəzarət altına alınarkən qeyri-qanuni miqrantlar tərəfindən yanğın törədilib. Bunun üzərinə ekipaj və miqrantlar sahil mühafizə katerləri ilə təxliyə olunub. Yanğın isə sahil mühafizə gəmiləri tərəfindən söndürülüb.

Axtarış-xilasetmə fəaliyyətləri uğurla tamamlandıqdan sonra təlimdə iştirak edən hava və dəniz vasitələri flaqman gəmi TCSG “Yaşam”ın qarşısından salam keçidi həyata keçiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-leytenant-Caner-Gönyeli   Təlim  


Bizi "telegram"da izləyin