Ukrayna 150 kilometrlik uçuş məsafəsinə malik kəşfiyyat tipli “Sweetheart” PUA-sı hazırlayıb - VİDEO
Oxunub: 268
10:52
25 İyun 2026
Ukraynanın “General Cherry” şirkəti düşmən ərazisinin 150 kilometr dərinliyinə qədər fəaliyyət göstərə bilən yeni kəşfiyyat tipli “Sweetheart” Pilotsuz Uçuş Aparatı (PUA) hazırlayıb.
Ordu.az xəbər verir ki, şirkət yeni platformanın radioelektron mübarizə sistemlərinə qarşı davamlı olduğunu açıqlayıb.
“Biz qarşımıza əlçatan, istifadəsi asan və eyni zamanda düşmən arxasında mürəkkəb tapşırıqları yerinə yetirə bilən kəşfiyyat aparatı hazırlamaq məqsədi qoymuşduq. Məhz buna görə də “Sweetheart” yaradıldı”, - deyə “General Cherry” şirkətinin təsisçisi Yaroslav Hrişin bildirib.
Yeni PUA-nın əsas üstünlüklərindən biri əlavə buraxılış avadanlığı tələb etməməsidir. “Sweetheart” katapult və ya xüsusi buraxılış sistemlərinə ehtiyac olmadan əllə havaya qaldırılır.
PUA cəmi 4 kiloqram çəkiyə malikdir, qanad açıqlığı 1,7 metrdir və üç saata qədər havada qala bilir. Platformanın fəaliyyət radiusu isə 150 kilometrə çatır. Aparat rəqəmsal video-rabitə sistemi, böyütmə funksiyalı idarəolunan kamera və lazer məsafəölçən ilə təchiz olunub. Hazırlayıcılar xüsusilə rabitə sistemlərinin düşmən müdaxiləsindən qorunmasına diqqət yetiriblər.
Digər mühüm xüsusiyyət onun akustik görünməzliyidir. PUA 50-70 metr yüksəklikdə uçarkən yerdən demək olar ki, eşidilmir və bu da onun aşkarlanmasını çətinləşdirir. Şirkət həmçinin sistemin aşağı xərcə malik olduğunu vurğulayır.
Məlumata görə, bir kompleksin təxmini qiyməti eyni sinfinə məxsus əksər kəşfiyyat aparatlarının dəyərinin təxminən altıda biri qədər olacaq.
“Bu xərc səviyyəsində hərbçilər aparatı itirməkdən çəkinməyəcəklər. Bəzi hallarda isə kritik əhəmiyyətli kəşfiyyat məlumatları əldə etmək üçün onu qəsdən yalnız bir istiqamətə göndərmək mümkün olacaq”, - deyə Yaroslav Hrişin əlavə edib.
Hazırda “Sweetheart” Ukrayna hərbi bölmələri ilə əməkdaşlıq çərçivəsində döyüş sınaqlarından keçirilir. Şirkət seriyalı təhvil prosesinin bu ilin payızında başlanacağını gözləyir.