Kaya Kallas: "Avropa İttifaqı İsraillə konstruktiv münasibətlərə sadiqdir" (YENİLƏNİB)

2026/03/1773773261.jpg
Oxunub: 331     14:52     18 İyun 2026    
Avropa İttifaqı (Aİ) İsraillə konstruktiv münasibətlərə daim sadiqdir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən, İsraili Cənubi Afrika Respublikasındakı aparteid rejimi ilə müqayisə etdiyi çıxışlarına görə İsrailin Aİ-nin ali nümayəndəsi ilə əlaqələri kəsdiyi barədə səsləndirdiyi bəyanata cavab verərək, Kallas tərəflər arasında dialoqun vacibliyini qeyd edib.

"Bildiyiniz kimi, Aİ və İsraili çox şey birləşdirir. Mən dialoqumuzu və qarşılıqlı fəaliyyətimizi qiymətləndirirəm və onları eyni ruhda - hörmətlə və konstruktiv şəkildə davam etdirməyə hazıram. Dialoq diplomatiyanın əsasıdır, xüsusən də fikir ayrılıqları yarananda", - Kallas yazıb.

O vurğulayıb ki, Aİ Qərb sahilindəki [İordan çayının - red.] İsrail yaşayış məskənlərini pisləyib və onun fikrincə, bunlar Yaxın Şərqdə sülhün bərqərar olması prosesini mürəkkəbləşdirir.

"Yaxın Şərqdə sülhə nail olmaq üçün iki dövlətin birgə yaşayışına əsaslanan həll yolu yeganə real yol olaraq qalır. Bu, Aİ-nin mövqeyidir", - o qeyd edib.

***

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələri kəsdiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu yaxınlarda mənə məlum oldu ki, o [Kallas - red.], Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikada mövcud olmuş irqçi aparteid rejimi ilə müqayisə edib. Mən bu ciddi bəyanatı qınayan bir çox Avropa nümayəndələrinə minnətdaram. Lakin indiyə qədər onun tərəfindən nə bir təkzib, nə də bir izahat verilməyib. Buna görə də Kallasla bütün əlaqələri kəsməkdən başqa çıxış yolu görmürəm", - G.Saar deyib.

Onun sözlərinə görə, əlaqələrin kəsilməsi K.Kallas öz bəyanatını geri götürənə qədər davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saar   Kallas  


Bizi "telegram"da izləyin