KİV: Ararat Mirzoyan Avropa İttifaqını Ermənistana dəstəyi sürətləndirməyə çağırıb

2026/06/1781787095.jpg
Oxunub: 200     16:48     18 İyun 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirdiyi görüşlər zamanı Avropa İttifaqı ölkələrini Rusiyanın son məhdudiyyətləri fonunda Ermənistana dəstək tədbirlərini sürətləndirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Brüsseldəki mənbələrə istinadən “Azadlıq” radiosu məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, görüş Rusiya tərəfindən həyata keçirilən hibrid və ticarət təzyiqlərinə qarşı tədbirlərin müzakirəsi baxımından müsbət və əhəmiyyətli olub.

Məlumata görə, Avropa İttifaqı Ermənistana Muxtar Ticarət Tədbirləri (ATM) çərçivəsində güzəştli şərtlər təqdim etməyi planlaşdırır. Bu mexanizm Ermənistanın bəzi məhsullarının Avropa bazarına gömrük rüsumu və kvotalar olmadan çıxarılmasına imkan verə bilər.

“Azadlıq” radiosunun mənbələri bildiriblər ki, Mirzoyanın səfəri zamanı Avropa Komissiyası bu öhdəliyini bir daha təsdiqləyib. Güzəştlərdən yararlanacaq məhsulların siyahısının yaxın həftələrdə açıqlanacağı gözlənilir.

Ermənistanın baş naziri Nikol Paşinyan da iyunun 18-də jurnalistlərlə keçirdiyi brifinqdə Avropa İttifaqına təşəkkür edib.

“Əlbəttə, Avropa İttifaqındakı tərəfdaşlarımıza, o cümlədən maliyyə dəstəyinə görə minnətdaram. Eyni zamanda biz də büdcə imkanlarımız çərçivəsində sahibkarlara daha ünvanlı dəstək göstəririk”, - deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, artıq böyük və uzunmüddətli ixrac müqavilələri mövcuddur. Onun sözlərinə görə, Ermənistanın məhsul ixrac etdiyi yeni istiqamətlərin sayı ondan artıq ölkəni əhatə edir və onların əksəriyyətinə əvvəllər heç bir ixrac həyata keçirilməyib.

Digər avropalı diplomat isə bildirib ki, Mirzoyanın səfəri Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin daha da dərinləşdiyini nümayiş etdirib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri ölkənin enerji sektorunun şaxələndirilməsi istəyini vurğulayıb və bu istiqamətdə Avropa İttifaqının daha fəal addımlar atmasının vacibliyini qeyd edib.

“Azadlıq” radiosunun mənbələrinin məlumatına görə, Mirzoyan görüş zamanı Türkiyə ilə sərhədin yaxın dövrdə açılacağına ümid etdiyini də bildirib.

Azərbaycanla sülh prosesi ilə bağlı danışan erməni nazir iyunun 7-də keçirilən seçkilərdən sonra yaranmış qeyri-müəyyənliyə diqqət çəkib. O qeyd edib ki, həmin seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluq əldə edə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan     Ermənistan  


Bizi "telegram"da izləyin