Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasının bəyannamələr reyestrində dərc olunan məlumatlarda qeyd edilib.
Məlumata görə, Anna Vardapetyan 2024-cü ildə prokurorluqdan 30 milyon 751 min 713 dram əməkhaqqı aldığı halda, 2025-ci ildə bu məbləğ 33 milyon 241 min 909 drama yüksəlib.
Qeyd olunur ki, texniki problemlər səbəbindən təxminən 21 gün əlçatan olmayan bəyannamələr reyestrinin axtarış sistemi bir gün əvvəl yenidən fəaliyyətə başlayıb. “NEWS.am” tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, yüksək vəzifəli dövlət rəsmilərinin əksəriyyəti, o cümlədən Baş prokuror Anna Vardapetyan əmlak, gəlir, xərc və maraqlar barədə 2025-ci il üzrə illik bəyannamələrini qanunvericilikdə müəyyən edilmiş son tarixdə, mayın 30-u və 31-də təqdim ediblər.
Nəşr qeyd edir ki, sistemin uzun müddət işləməməsi seçkiqabağı dövrə təsadüf edib və bu səbəbdən media orqanları seçkilərdən əvvəl vəzifəli şəxslərin illik gəlirlərini ictimaiyyətə təqdim etmək imkanından məhrum olublar.
Anna Vardapetyanın 2025-ci il üzrə bəyannaməsinə əsasən, o, İrəvanda yerləşən iki mənzilin paylı mülkiyyət hüququna malikdir. Bunlardan biri Malatya-Sebastiya rayonunda yerləşən mənzilin beşdəbir hissəsidir və 2014-cü ildə hədiyyə olaraq əldə edilib. Digəri isə Mərkəz rayonunda yerləşən mənzilin yarı payıdır və 2024-cü ilin avqustunda satın alınıb.
“Baş prokurorun illik ümumi gəliri 40,1 milyon dramdan çox təşkil edib. Bunun əsas hissəsini prokurorluqdan aldığı 33,2 milyon dram və İrəvan Dövlət Universitetindən aldığı təxminən 886 min dram əməkhaqqı təşkil edib.
Bundan əlavə, o, Dövlət Gəlirləri Komitəsindən təxminən 5,6 milyon dram gəlir vergisi qaytarılması və “Ameriabank”dan 308 min dram həcmində kredit vəsaiti əldə edib.
Vardapetyanın həyat yoldaşı, “RUSAL Armenal” şirkətinin maddi-texniki təchizat şöbəsinin mütəxəssisi olan Mamikon Gevorqyanın 2025-ci il üzrə ümumi gəliri isə təxminən 22,6 milyon dram olub”, - deyə nəşr bildirib.
Qeyd edilib ki, bu məbləğin 15,7 milyon dramı, yəni təxminən 42 min ABŞ dolları Anna Vardapetyan tərəfindən ona hədiyyə edilib. Qalan hissə isə ARMENAL şirkətindən aldığı təxminən 3,9 milyon dram əməkhaqqı və “Ameriabank”dan əldə etdiyi 3 milyon dramdan artıq kredit vəsaitindən formalaşıb.
“Hesabat ilində Mamikon Gevorqyan daşınmaz əmlakın təmiri üçün 5 milyon 700 min dram vəsait xərcləyib.
İlin sonuna olan vəziyyətə görə, Gevorqyan bəyannaməsində İrəvanın Arabkir rayonunda yerləşən üç mənzil göstərib. Onlardan ikisi onun şəxsi mülkiyyətidir. Mənzillərdən biri 2007-ci ilin noyabrında satın alınıb, digəri isə həmin ilin dekabrında hədiyyə kimi əldə olunub.
Bundan başqa, o, 2013-cü ildə miras yolu ilə əldə etdiyi daha bir mənzilin üçdəbir hissəsinə sahibdir. Beləliklə, ər-arvadın bəyannamələrinin müqayisəsi göstərir ki, onlar ümumilikdə İrəvanda yerləşən beş mənzilə və ya onların paylarına sahibdirlər.
Mamikon Gevorqyan bəyannaməsində həmçinin 2024-cü ilin martın 7-də satın aldığı, 2019-cu il istehsalı olan MERCEDES-BENZ markalı minik avtomobilini də göstərib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az