Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya kafedrasının dosenti, beynəlxalq münasibətlər üzrə erməni ekspert Qriqor Balasanyan deyib.
2026-cı il iyunun 14-də ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
Tehranın açıqlamasına görə, memorandumun imzalanmasından sonra 60 günlük müddət ərzində tərəflər İranın nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər. Bundan əlavə, iyunun 15-dən etibarən ABŞ tərəfindən İranın dəniz blokadasının dayandırılması, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılması nəzərdə tutulur.
Bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ ilə İran arasında sanksiyaların ləğvi və İranın nüvə proqramı ətrafında yaranmış münaqişənin həlli ilə bağlı danışıqların yeni mərhələsi Cenevrədə memorandumun imzalanmasından sonra başlayacaq.
Qriqor Balasanyan bildirib ki, iyunun 19-da sazişin imzalanacağı hələ qəti deyil.
“İsrail ötən gün yenidən İranla ABŞ arasında imzalanmış bəyannamənin müddəalarını pozaraq Livana zərbə endirib. Halbuki sənəddə İsrailin qoşunlarını çıxarmalı olduğu qeyd edilmişdi. Lakin İsrail qoşunların bölgədə qalacağını açıqlayıb. Hazırda vəziyyət Tramp üçün çıxılmazdır. Əgər o, iyunun 19-dək Benyamin Netanyahunun müqavimətini qıra bilsə, saziş imzalanacaq, əks halda imzalanmayacaq”, - deyə Balasanyan bildirib.
Beynəlxalq münasibətlər üzrə erməni ekspert bu proseslərin Cənubi Qafqaza mümkün təsirlərinə də toxunub. Onun sözlərinə görə, İran nümayiş etdirib ki, dövlət və xalq öz müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparırsa, qarşısında kimin dayanması o qədər də vacib deyil.
“İran bunun klassik nümunəsini göstərdi. O sübut etdi ki, hətta ABŞ kimi nüvə gücü və dünyanın aparıcı dövləti ilə də mübarizə aparmaq mümkündür. İran göstərdi ki, əgər Yaxın Şərqdə İran olmayacaqsa, o zaman belə bir Yaxın Şərq heç kimə lazım deyil və ABŞ-nin Fars körfəzindəki bütün müttəfiqlərini külə döndərməyə başladı.
Bu həm də Cənubi Qafqaz dövlətləri üçün açıq siqnal olmalıdır. Əgər İran özünə dost münasibət göstərən Omanı belə vurursa, onda Cənubi Qafqaz ölkələri də, Allah eləməsin, Tehranın maraqlarına zidd qərarlar qəbul edilərsə, İranın qəzəbindən yayına bilməyəcəklər”, - deyə o qeyd edib.
Balasanyan daha sonra TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə də toxunub və onun yalnız iqtisadi layihə olduğunu bildirib.
“TRIPP ilə bağlı Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış üçtərəfli sənəd mahiyyət etibarilə Ermənistan ilə ABŞ arasında Ermənistan ərazisində həyata keçiriləcək fəaliyyətlərə dair razılaşmadır. Azərbaycanın isə hər hansı öhdəliyi yoxdur.
Həmin sənəddə açıq şəkildə göstərilib ki, tərəflərin bir-biri qarşısında hüquqi öhdəlikləri yoxdur. Bu, sadəcə üç dövlət arasında bağlanmış bir sövdələşmədir, lakin nədənsə yalnız bir dövlətin öhdəlik daşıdığı təəssüratı yaranır.
Azərbaycanın TRIPP layihəsində necə iştirak edəcəyi də aydın deyil. Məsələn, Gorusdan sonra Azərbaycan yolu hansı istiqamətlə davam etdirəcək və hara çıxacaq?
Mən o fikirdən uzağam ki, Allah eləməsin, hər hansı hərbi əməliyyat baş verərsə, Tramp və ya TRIPP həmin əməliyyatları dayandıra biləcək. ABŞ hətta Arazdəyəndə misəritmə zavodunun tikintisini atışmadan qoruya bilmədi. Bu isə göstərir ki, Trampın Cənubi Qafqazdakı problemlərə dərindən qarışmaq və özünə əlavə problemlər yaratmaq niyyəti yoxdur. Yaxın Şərq onun üçün kifayət qədər mürəkkəb istiqamətdir və orada proseslərin necə inkişaf edəcəyi də hələ məlum deyil”, - deyə Balasanyan vurğulayıb.
Erməni ekspert xatırladıb ki, Qarabağda 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı da ABŞ prezidenti Donald Tramp idi və o, müharibəni dayandırmayıb.
Onun fikrincə, hansısa supergüc liderinin Cənubi Qafqazda mümkün müharibəni dayandıracağına ümid etmək nağıl janrına aiddir, hər bir dövlət öz təhlükəsizliyi barədə özü düşünməli və atdığı addımları diqqətlə hesablamalıdır.
Alpər Mövludoğlu
Ordu.az