Azərbaycan diasporu Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri münasibətilə təntənəli tədbir təşkil edib - FOTOLAR

2026/06/dp2-1781269236.jpg
Oxunub: 197     16:38     12 İyun 2026    
Almaniyanın Ştutqart şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik günü və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Müstəqillik və Milli Qurtuluş günlərinin xalqımızın azadlıq iradəsini, dövlətçilik ənənələrinə sədaqətini və milli həmrəylik ruhunu əks etdirdiyini vurğulayıb. Sədr qeyd edib ki, tarixin ən şanlı səhifələrindən olan Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və xilaskarlıq missiyası nəticəsində gerçəkləşib, müasir Azərbaycan dövlətinin dayanıqlı inkişafının, eləcə də dünya azərbaycanlılarının firavan və təhlükəsiz gələcəyinin möhkəm təməlini formalaşdırıb. Milli Qurtuluş Gününün müasir nəticələri Azərbaycan diasporunu daha da gücləndirir, onun aydın fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı tarixi izlərinə diqqət çəkilib, ölkəmizdə vaxtilə mövcud olan alman koloniyaları - Helenendorf və Annenfeld barədə danışılıb. Multikultural ənənələrə malik, çoxəsrlik tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bu tarixi irsin xalqımızın mədəniyyətində dərin izlər buraxdığı və belə hadisələrin ölkəmizdə layiqincə qeyd olunduğu vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri Altay Rüstəmli bildirib ki, Azərbaycanın tarixində xüsusi rolu olan bu əlamətdar günlər milli birliyimizi daha da gücləndirir, dünya azərbaycanlılarını ortaq dəyərlər ətrafında sıx birləşdirərək Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xüsusi töhfə verir. Bu cür tədbirlərin zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Türkiyə Respublikasının Ştutqartdakı Baş konsulu Makbule Koçak Kaçar soydaşlarımızı bu tarixlər münasibətilə təbrik edib, xaricdəki Azərbaycan və türk icmalarının iş birliyinin iki ölkənin münasibətlərini daha da gücləndirdiyini söyləyib.

Tədbirdə Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini, italyan bəstəkar və mədəni tədbirlər üzrə təşkilatçı Françesko Macco çıxış edərək ölkəmizin suverenliyinə və milli dəyərlərimizə hörmətini ifadə edib.

Alman professor, 35 il Reutlingen Diyarşünaslıq Muzeyinin direktoru, 16 il isə Reutlingen Mədəniyyət İdarəsinin rəhbəri olmuş Verner Ştröbele isə Azərbaycanla bağlı bir sıra tarixi faktlara toxunaraq, ölkəmizdə vaxtilə almanların məskunlaşdığı Helenendorf bölgəsinə ilk alman əsilli Şvab ailələrinin köçdüyünü xatırladıb.

Tədbir bədii hissə ilə davam edib. Ştutqartda fəaliyyət göstərən caz ifaçısı Cemre Yılmazın rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Azərbaycanın milli, həmrəylik və tarixi ruhunu əks etdirən “Gəl, ey səhər!” və “Cənnətim Qarabağ” mahnılarının ifa olunması proqramın ən yadda qalan anlarından biri olub, tədbirin təntənəli ruhunu daha da zənginləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Almaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin