Ermənistan müxalifəti mandatları götürəcəkmi?

2026/06/1781787431.jpg
Oxunub: 135     16:57     18 İyun 2026    
“Müxalifətin parlament mandatlarını qəbul edib-etməməsi məsələsi ictimaiyyətlə açıq şəkildə müzakirə olunacaq”.

Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistanın aparıcı media qurumlarının baş redaktorları ilə görüşündə deyib.

Onun sözlərinə görə, mandatların götürülməsinin məqsədəuyğunluğu xalqla birlikdə geniş şəkildə müzakirə ediləcək.

Karapetyan qey edib ki, bununla yanaşı, müxalifət Ermənistanın məhvinə və türkləşdirilməsinə yönəldiyini iddia etdiyi Türkiyə-Azərbaycan planlarının maneəsiz həyata keçirilməsinə imkan verməyəcək.

Parlament seçkilərinin nəticələrinə toxunan Karapetyan bildirib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası seçki kampaniyasını uğursuz keçirib və elan olunan nəticələr hakimiyyətə legitimlik qazandırmır.

Erməni müxalifət liderinin sözlərinə görə, hazırda cəmiyyətdə qəsdən belə bir fikir yayılır ki, müxalifət mandatlardan imtina etməlidir.

“Mən bu məsələni bütün müxalif qüvvələrlə müzakirə etmək istəyirəm ki, mandatların qəbul olunub-olunmamasından asılı olmayaraq mübarizəni davam etdirəcəyimizi müəyyənləşdirək”, - deyə Karapetyan bildirib.

O əlavə edib ki, əsas vəzifə Paşinyana sadiq qüvvələrin hesabına “cib çoxluğu” formalaşdırılmasının qarşısını almaqdır.

Karapetyan qeyd edib ki, hazırda “Güclü Ermənistan” alyansı hüquqi mübarizəyə fokuslanıb və artıq seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Onun sözlərinə görə, məhkəmə iclaslarının keçiriləcəyi günlərdə genişmiqyaslı etiraz aksiyaları planlaşdırılır.

“Mən həqiqətən mübarizə aparan və Paşinyanla ikili oyun oynamayan bütün partiyaları açıq və şəffaf şəkildə bu proseslərə qoşulmağa çağırıram”, - deyə o vurğulayıb.

Karapetyan məhkəmə sisteminin qərəzsizliyinə də ciddi şübhə ilə yanaşdığını bildirib. O xatırladıb ki, Mərkəzi Seçki Komissiyası qısa müddətdə minlərlə vətəndaşın səsini etibarsız hesab edib.

Erməni müxalif siyasətçinin sözlərinə görə, əgər Konstitusiya Məhkəməsi hüquqa zidd qərar qəbul etsə, bu, ölkədə dövlət institutlarının tam şəkildə dağıldığını göstərən növbəti sübut olacaq və həmin halda müxalifət gələcək addımlarını müəyyənləşdirəcək.

Onun sözlərinə görə, müxalifət seçki kampaniyası dövründə yüz minlərlə azərbaycanlının geri qayıdışı və Zəngəzurda suverenliyin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Karapetyan bildirib ki, artıq onların tərəfdarlarının sayı 500 min nəfərə çatır, digər kiçik partiyalarla birlikdə isə bu rəqəm 700-800 min nəfər arasında dəyişir və bu kütlə hər gün artır.

Jurnalistlərin hakimiyyətin ayrı-ayrı müxalif deputatları öz tərəfinə çəkmək və ya ələ almaq cəhdləri ilə bağlı sualını cavablandıran Karapetyan komandasının möhkəm olduğunu bildirib.

“Əlbəttə, belə cəhdlər olacaq. Bu barədə heç bir illüziyamız yoxdur. Amma mən komandamızın möhkəmliyinə inanıram. Biz də öz addımlarımızı atacağıq. Bu, birtərəfli oyun olmayacaq”, - deyə o vurğulayıb.

Karapetyanın sözlərinə görə, hakimiyyətin legitimliyini itirdiyi şəraitdə özünə hörmət edən heç kim “sönməkdə olan rejim”in bir hissəsinə çevrilmək istəməyəcək.

O əlavə edib ki, müxalifətin xarici himayədarları yoxdur və onlar yalnız xalqın dəstəyinə arxalanacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin