Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri, Ümumerməni Diplomatlar Şurasının təsisçi üzvü və “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında yer alan Ara Ayvazyan öz məqaləsində yazıb.
O bildirib ki, Mərkəzi Seçki Komissiyasının “Çiçəklənən Ermənistan” Partiyasını parlamentdə qazandığı yerdən məhrum edən qərarı təkcə bir siyasi qüvvənin taleyi ilə bağlı deyil, daha geniş nəticələrə malikdir.
“Əgər vətəndaş öz səsinin nəticələrə son təsir göstərdiyinə əmin deyilsə, bu zaman bütün siyasi sistemin legitimliyi sual altına düşür. Problem yalnız bununla məhdudlaşmır. Faktiki olaraq parlamentdən yalnız bir partiya deyil, xarici siyasət, təhlükəsizlik və erməni dövlətçiliyinin gələcəyi ilə bağlı siyasi alternativ kənarlaşdırılır”, - deyə Ayvazyan qeyd edib.
“Çiçəklənən Ermənistan” Partiyasına qarşı aparılan kampaniyanın Rusiya-Qərb qarşıdurması ilə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edən Ayvazyan bildirib ki, partiya hər zaman həm Rusiya, həm də Qərb ilə münasibətlərin dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub.
O qeyd edib ki, hakimiyyət daxili siyasi seçimi ardıcıl şəkildə Rusiya ilə Qərb arasında seçim kimi təqdim etməyə çalışsa da, Ermənistan cəmiyyəti üçün məsələ heç vaxt bu qədər sadə olmayıb. Onun fikrincə, əsl seçim ölkənin təhlükəsizliyi və inkişafı üçün müxtəlif modellər arasında olub.
“Çiçəklənən Ermənistan” Partiyası əsas beynəlxalq aktorlarla əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasəti müdafiə edib. Ermənistan geosiyasi qarşıdurmalar meydanına çevrilməməli, yalnız milli maraqlara əsaslanan praqmatik və qarşılıqlı faydalı münasibətlər qurmalıdır”, - deyə Ayvazyan bildirib.
Məqalədə xüsusi olaraq zəmanətli sülh ideyasına da toxunulub. Bildirilib ki, regionda pozulmuş balansın bərpası davamlı sülhün əsas şərtlərindən biridir.
Ayvazyan həmçinin dünya üzrə yaşayan erməni diasporunun rolunu vurğulayaraq qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan milyonlarla erməni Ermənistanla həmin dövlətlər arasında körpü funksiyasını yerinə yetirməlidir.
“Buna görə də bu siyasətin hansısa qüvvənin “forpostu” olmaq istəyi kimi təqdim olunması ciddi təhlilə tab gətirmir”, - deyə o bildirib.
Sabiq nazir daha sonra demokratiyanın mahiyyətinə toxunaraq qeyd edib ki, onun gücü təkcə vətəndaşların hakimiyyəti seçmək imkanında deyil, həm də hakimiyyət qolları və dövlət institutları arasında balansın qorunmasındadır.
Onun sözlərinə görə, müstəqil institutların mövcud olduğu ölkələrdə hakimiyyət qanunla məhdudlaşdırılır, siyasi rəqabət olan yerdə isə strateji səhvlərin ehtimalı azalır.
“Bu gün Ermənistanda mühüm dövlət qərarlarının bir siyasi mərkəzdə cəmləşməsi narahatedici tendensiyaya çevrilib. Parlament, məhkəmə sistemi və digər institutlar icra hakimiyyətinə real əks-çəki olmaq qabiliyyətini tədricən itirir.
Güclü dövlət bir siyasi qüvvənin inhisarı və ya bir siyasi kursun əvəzolunmazlığı üzərində qurulmur. Effektiv dövlət ideyaların rəqabəti, təhlükəsizlik və inkişafla bağlı müxtəlif yanaşmaların mövcudluğu, həmçinin cəmiyyətin hakimiyyət səhvlərini demokratik yollarla düzəltmək imkanları üzərində qurulur”, - deyə o vurğulayıb.
Ayvazyan hesab edir ki, bugünkü əsas sual seçkilərin nəticələrindən daha geniş məna daşıyır və Ermənistanın gələcəkdə necə bir dövlət olacağı ilə bağlıdır.
“Tarix göstərir ki, demokratiya yalnız seçkilər ləğv ediləndə zəifləmir. Demokratik prosedurlar formal olaraq saxlanılsa da, siyasi balans, rəqabət və hakimiyyət üzərində real məhdudiyyətlər tədricən yox olduqda da demokratiya zəifləyir. Söhbət sadəcə bir partiyanın taleyindən deyil, erməni dövlətçiliyinin sabitliyini təmin edən prinsiplərin qorunmasından gedir.
Parlamentdən siyasi alternativ kənarlaşdırıldıqda məğlub olan yalnız müxalifət olmur. Məğlub olan çəkindirmə və əks-çəki sistemidir. Məğlub olan demokratiyadır. Nəticə etibarilə isə məğlub olan dövlətdir”, - deyə Ayvazyan qeyd edib.
O bildirib ki, Konstitusiya Məhkəməsinin ədaləti bərpa etmək üçün müstəsna imkanı var və məhkəmə sadalanan reallıqları nəzərə almalıdır.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası müxalifətin müraciəti əsasında üç seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Lakin həmin məntəqələrdə təkrar səsvermənin keçirilməsi barədə qərar qəbul edilməyib. Nəticədə “Çiçəklənən Ermənistan” Partiyası 4 faizlik seçki baryerini aşa bilməyib və yeni parlamentdə təmsil olunmaq imkanını itirib.
Alpər Mövludoğlu
Ordu.az