“Seçicilərin 70 faizi müxalifətə rüşvət müqabilində səs verib” - Paşinyan

2026/06/1781777928.jpg
Oxunub: 237     14:17     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə qarşı səsləndirdiyi bəyanatların hansı kontekstdə qiymətləndirilməli olduğunu izah edib.

Ordu.az xəbər verir ki, iyunun 18-də keçirilən brifinq zamanı Paşinyana onun müxalifətə qarşı səsləndirdiyi bəyanatlarla bağlı sual ünvanlanıb.

Jurnalist baş nazirdən bu prosesin fiziki məhv etməyə qədər gedib-gedə bilməyəcəyini soruşub.

Paşinyan cavabında bildirib ki, onun bütün açıqlamaları yalnız Ermənistan qanunvericiliyi və Konstitusiyası çərçivəsində qiymətləndirilməlidir. O qeyd edib ki, qanun çərçivəsində kimlərin məsələsini “həll etdiyini” artıq xatırlamadığını, bunun siyasi mənada qanunsuz siyasi təsirin sıfırlanması anlamına gəldiyini vurğulayıb.

“Ermənistanda seçicilərin rüşvət müqabilində səs verməsi tamamilə aradan qaldırılmalıdır”, - deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri ötən gün verdiyi və seçicilərin 70 faizinin rüşvət müqabilində səs verdiyini iddia etdiyi bəyanatına da toxunub. Ona həmin seçicilərin də həbs olunmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə sual verilib. Paşinyan cavabında 2021-ci il seçkiləri ilə bağlı açılmış cinayət işlərini xatırladıb.

Onun sözlərinə görə, həmin işlər üzrə təqsirləndirilən şəxslərdən heç biri həbsdə deyil və bu qəbuledilməz vəziyyətdir.

“Deyirəm ki, növbəti seçkilərin nəticələrinin elan olunduğu gün onlar həbsxanada olmalıdırlar. Əks halda belə çıxır ki, məhkəmə sistemi seçki rüşvəti paylayanlara yaşıl işıq yandırır”, - deyə Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, həmin işlərin hansı əsaslarla bağlandığını araşdırmaq lazımdır. O, ölkədə özündən narazı vətəndaşların olub-olmaması ilə bağlı suala cavab verərkən belə şəxslərin də pul müqabilində səs vermiş ola biləcəyini söyləyib və bunun bir-birini istisna etmədiyini qeyd edib.

Paşinyanın fikrincə, bu dəfə seçki rüşvətinin geniş mexanizmi fəaliyyət göstərib, çünki əvvəlki seçkilərdə seçiciləri rüşvətlə ələ alan şəxslər cəzalandırılmayıb.

“Buna qiymət verilməlidir. Siyasi qiyməti mən verəcəyəm, hüquqi qiyməti isə hüquq-mühafizə sistemi verməlidir. Ancaq aydındır ki, məhkəmə-hüquq sistemində böhran mövcuddur”, - deyə Paşinyan bildirib.

O, həmçinin konkret şəxslərin fərdi məsuliyyət daşımasının da istisna edilmədiyini vurğulayıb.

Brifinq zamanı qonşu ölkədə Qərbi Azərbaycan mövzusu ətrafında davam edən müzakirələr barədə də sual verilib. Paşinyan bu suala cavabında yenidən Ermənistan müxalifətini ittiham edib.

Onun sözlərinə görə, bu məsələ Ermənistan müxalifətinin davranışına verilən reaksiya kimi ortaya çıxır, lakin bunun reallıqla heç bir əlaqəsi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin