Aİ və Britaniya münasibətlərin “yenidən başlanması” sammitini iyulun 22-nə təyin edib

2025/05/thumb-1747464575.jpg
Oxunub: 207     23:56     16 İyun 2026    
Avropa İttifaqı və Böyük Britaniya Brexitdən sonrakı münasibətlərin yenidən qurulmasına həsr olunmuş növbəti sammitin iyulun 22-də Brüsseldə keçirilməsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Sammitin tarixi 30 yaşdan aşağı vətəndaşların qarşılıqlı şəkildə işləməsinə, təhsil almasına və səyahət etməsinə imkan verəcək gənclərin mobillik proqramı ətrafında yaranmış fikir ayrılıqları səbəbindən bir neçə dəfə təxirə salınıb.

Son həftələrdə bu məsələ ilə bağlı danışıqlar dalana dirənib və bu da sammitin payız aylarına keçirilməsi ilə bağlı ehtimallara səbəb olub. İyulun 22-də keçiriləcək görüş barədə Avropa Şurasının Prezidenti Antonio Koşta Fransada keçirilən G7 sammiti çərçivəsində məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Böyük Britaniya arasında sıx əməkdaşlıq Avropanın təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətinin Avropa İttifaqı ilə münasibətlərin bərpası kursunu davam etdirdiyini və Avropa tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyə çalışdığını bildirib.

Sammitin əsas mövzularından biri ərzaq və kənd təsərrüfatı məhsullarının ticarəti üzrə saziş olacaq.

Saziş Avropa İttifaqı ölkələrinə Britaniya ixracına tətbiq olunan yoxlamaların bir hissəsinin ləğv edilməsini və bürokratik prosedurların azaldılmasını nəzərdə tutur. Bunun müqabilində Britaniya standartları Avropa normalarına uyğunlaşdırılmalıdır.

Tərəflər həmçinin Böyük Britaniyanın karbon emissiyaları üzrə Avropa ticarət sisteminə qoşulması məsələsini müzakirə etməyə davam edirlər. Bu addım yüksək karbon izi olan məhsullarla bağlı tənzimləmə qaydalarının uyğunlaşdırılmasına imkan verəcək.

Bununla belə, əsas maneə gənclərin mübadilə proqramı olaraq qalır. Brüssel bu proqramın razılaşmalar paketinə daxil edilməsində israrlıdır və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün Britaniya universitetlərində güzəştli təhsil haqlarının bərpasını tələb edir.

Avropa diplomatlarının sözlərinə görə, bu məsələ üzrə kompromis əldə olunmadan sammitin keçirilməsi mümkün hesab edilmirdi. Əvvəlcə görüş may ayında planlaşdırılıb, daha sonra iyunun sonuna, daha sonra isə iyulun əvvəlinə keçirilib. Hazırda tərəflər iyulun 22-də keçiriləcək sammitədək qalan fikir ayrılıqlarını aradan qaldırmağa ümid edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Britaniya  


Bizi "telegram"da izləyin