Qütb Güc Oyunu: ABŞ-nin Qrenlandiya Strategiyası və Beynəlxalq Sistemə Təsirləri – ANALİZ

2026/02/1770886147.jpg
Oxunub: 1656     13:48     12 Fevral 2026    
ABŞ-nin Qrenlandiyaya yönəlmiş marağı zaman-zaman qlobal gündəmə çıxan “satınalma” ritorikası ilə diqqət çəksə də, bu maraq nə səthi, nə də müvəqqətidir. Əksinə, bu yanaşma ABŞ-nin qlobal strategiyasının struktur xarakterli və uzunmüddətli tərkib hissəsidir. ABŞ-nin Qrenlandiya siyasətinə yalnız cari siyasi müzakirələr prizmasından deyil, tarixi davamlılıq, geosiyasi nəzəriyyələr və böyük güclər rəqabəti kontekstində yanaşmaq zəruridir.

Qrenlandiya XXI əsrdə böyük güclər rəqabətinin yenidən formalaşdığı Arktika regionunun mərkəzində yerləşən strateji coğrafiyadır. Qlobal iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi Arktikanı iqtisadi, hərbi və geosiyasi baxımdan əlçatan edib. Bu proses ilk növbədə ABŞ, Rusiya Federasiyası və Çin Xalq Respublikası olmaqla qlobal aktorların regiona marağını sürətlə artırıb. Bu məqalə ABŞ-nin Qrenlandiyaya yönəlmiş siyasətini tarixi, geosiyasi, hərbi, iqtisadi və siyasi ölçülərdə təhlil edir, Vaşinqtonun məqsədlərini, bu məqsədlərin arxasındakı səbəbləri, mümkün ssenariləri və bu prosesin beynəlxalq sistemə qısa və uzunmüddətli təsirlərini hərtərəfli şəkildə analiz edir.

1. Niyə Qrenlandiya?

Beynəlxalq münasibətlər ədəbiyyatında coğrafiya gücün formalaşmasında hər zaman həlledici amil olub. Alfred Tayer Mexenin dəniz hakimiyyəti nəzəriyyəsi və Helford Makkinderin quru hakimiyyəti yanaşması coğrafiyanın dövlətlərin strateji davranışlarını necə istiqamətləndirdiyini ortaya qoyur. Soyuq müharibə dövründə Mərkəzi Avropa, Şərqi Aralıq dənizi və Yaxın Şərq kimi bölgələr ön plana çıxsa da, XXI əsrdə Arktika regionu qlobal rəqabətin yeni mərkəzlərindən birinə çevrilib.

Qrenlandiya Arktika coğrafiyasının mərkəzində yerləşməsi, malik olduğu təbii resurslar və hərbi-strateji mövqeyi səbəbilə bu rəqabətin əsas elementlərindən biridir. ABŞ-nin Qrenlandiyaya marağı zaman-zaman ictimaiyyətə “satınalma” fikirləri ilə əks olunsa da, bu yanaşma səthi və ya keçici xarakter daşımır. Əksinə, bu maraq ABŞ-nin qlobal strategiyasının uzunmüddətli və sistemli hissəsidir.

Bu tədqiqatın məqsədi ABŞ-nin Qrenlandiya siyasətini yalnız gündəlik siyasi debatlar çərçivəsində deyil, tarixi davamlılıq, geosiyasi nəzəriyyələr və böyük güclər rəqabəti kontekstində qiymətləndirməkdir.

2. Qrenlandiyanın coğrafi və geosiyasi mövqeyi

Qrenlandiya Şimali Amerika qitəsinin şimal-şərq hissəsində, Kanadanın yaxınlığında yerləşən və dünyanın ən böyük Arktika adası hesab olunur. Sahəsi 2.130.800 kvadratkilometrdir, sahilyanı adalarla birlikdə bu göstərici 2.175.600 kvadratkilometrə çatır, əhalisi isə təxminən 55.000 nəfərdir. Müqayisə üçün qeyd etmək olar ki, Avropanın sahəsi təxminən 10.180.000 kvadratkilometrdir. Qrenlandiya siyasi baxımdan müəyyən dərəcədə yerli muxtariyyətə malik olmaqla Danimarka Krallığının ərazisinin tərkib hissəsidir. Ada əsasən Arktika dairəsi daxilində yerləşir və ən şimal nöqtəsi Şimal qütbündən 708 kilometr məsafədədir. Şimaldan cənuba təxminən 2.650 kilometr, şərqdən qərbə isə təxminən 1.300 kilometr uzanır. Qrenlandiya adətən ətrafındakı dənizlərdən, körfəzlərdən və boğazlardan kəskin şəkildə yüksələrək 3.000 metrdən yuxarı yüksəkliklərə çatır.

Ada çoxsaylı fiyordları olan son dərəcə mürəkkəb sahil xəttinə malikdir. Şərq sahilləri yüksək relyefinə baxmayaraq buzdağları səbəbilə böyük ölçüdə əlçatmaz vəziyyətdədir. Qrenlandiyanın daxili hissələri buz örtüyü ilə birlikdə dəniz səviyyəsindən 2.000-3.000 metr yüksəklikdə yerləşən plato yaradır. Adanın təxminən 1.860.900 kvadratkilometr ərazisinin 500-1.500 metr qalınlığında daimi buzla örtülü olduğu ehtimal edilir. Qrenlandiya səthinin cəmi təxminən 13 faizi buzsuzdur və sahilyanı bölgələrdə buz qalınlığı 150 metrə qədər çatır. Ən yüksək zirvə 3.440 metr hündürlüyə malik Forel dağıdır. Qrenlandiya dənizi Arktika ilə Qərbi Atlantik arasında əsas əlaqə nöqtəsi hesab olunur və Arktika balıqçılığı ilə balina ovçuluğu baxımından mühüm əhəmiyyət daşıyır. Şimal hissə əsasən buzla, cənub hissə isə buzdağları və buz parçaları ilə örtülüdür.


2.1 Fiziki coğrafiya və strateji mövqe

Qrenlandiya sahəsinə görə dünyanın ən böyük adasıdır və Şimali Amerikanın şimal-şərqində, Arktika okeanı ilə Şimali Atlantik arasında yerləşir. Bu mövqe Qrenlandiyanı həm hava, həm də dəniz nəqliyyatı baxımından strateji kəsişmə nöqtəsinə çevirir. Xüsusilə Şimali Amerika ilə Avropa arasındakı ən qısa hava və raket trayektoriyalarının Arktika üzərindən keçməsi adanın hərbi əhəmiyyətini daha da artırır.

2.2 Arktikanın geosiyasi transformasiyası

Qlobal istiləşmə Arktikadakı buz örtüklərinin sürətlə əriməsinə səbəb olub və əvvəllər əlçatmaz olan dəniz yolları ilə resurs sahələrini üzə çıxarıb. Şimal dəniz marşrutu və Şimal-qərb keçidi kimi yeni nəqliyyat xətləri qlobal ticarətin vaxt və xərc baxımından yenidən formalaşdırılmasına imkan yaradır. Qrenlandiya bu yeni geosiyasi düzənin mərkəzində yerləşir.

3. ABŞ-Qrenlandiya münasibətlərinin tarixi arxa planı

3.1 İkinci dünya müharibəsindən əvvəl və müharibə dövrü


ABŞ-nin Qrenlandiyaya marağı İkinci dünya müharibəsi illərində konkret forma alıb. Danimarkanın 1940-cı ildə nasist Almaniyası tərəfindən işğal edilməsi Qrenlandiyanı müdafiəsiz vəziyyətə salıb və ABŞ bu boşluğu dolduraraq adada hərbi mövcudluq yaradıb. Bu mərhələ ABŞ-nin Qrenlandiyada uzunmüddətli strateji yerləşməsinin başlanğıcı olub.

3.2 Soyuq müharibə dövrü

Soyuq müharibə boyunca Qrenlandiya ABŞ-nin Sovet İttifaqına qarşı formalaşdırdığı nüvə çəkindirmə və erkən xəbərdarlıq sistemlərinin əsas elementlərindən birinə çevrilib. “Thule” hava bazası ballistik raketlərin erkən xəbərdarlıq radarları və strateji bombardmançı təyyarələr üçün mühüm mərkəz kimi istifadə olunub.

3.3 Soyuq müharibədən sonrakı dövr

Sovet İttifaqının dağılmasından sonra Arktikanın strateji əhəmiyyəti müəyyən müddət azalsa da, 2000-ci illərdən etibarən Rusiyanın yenidən güclənməsi və Çinin qlobal yüksəlişi ABŞ-nin Qrenlandiyaya marağını yenidən artırıb.

4. ABŞ Qrenlandiyada nə istəyir?

Donald Tramp 2024-cü il dekabrın 23-də özünün “Truth Social” sosial media platformasındakı hesabından ABŞ-nin Danimarkadakı səfirliyinə ilk prezidentlik dövründə də birlikdə çalışdığı “Pay-Pal” şirkətinin qurucularından Ken Hovardı təyin edəcəyini açıqlayıb.

Trampın Ken Hovardla bağlı açıqlamasında qeyd edilir: “Amerika Birləşmiş Ştatları dünya miqyasında milli təhlükəsizlik və azadlıq məqsədləri baxımından Qrenlandiyanın mülkiyyətinə və nəzarətinə sahib olmağı mütləq zərurət hesab edir”.

ABŞ-nin Qrenlandiyadakı məqsədləri klassik müstəmləkəçilik və ya birbaşa suverenlik qurmaqdan daha çox, strateji nəzarət və təsir imkanları əldə etməyə yönəlib. Geniş əraziyə malik olmasına baxmayaraq, əhalisinin seyrək olması adanı ABŞ və NATO-nun genişmiqyaslı hava hücumundan müdafiə sistemləri arxitekturasında mühüm mövqeyə çevirir.

Tramp administrasiyası ABŞ-nin Milli Təhlükəsizlik Strategiyası sənədini 2025-ci il noyabr ayında dərc edib. 2025-ci il Milli Təhlükəsizlik Strategiyası sənədində “yarımkürədən kənarda yerləşən rəqiblər” Amerika qitəsi üçün təhlükə kimi qiymətləndirilir. Çin bu rəqiblər arasında əsas və ən önəmli aktorlardan biri kimi göstərilir. Trampın növbəti dövrdə həyata keçirməyi planlaşdırdığı bu yanaşmalar bir tərəfdən ABŞ ictimaiyyətinə mesaj xarakteri daşısa da, eyni zamanda ölkənin dövlət institutları və qurumları üçün birbaşa istiqamətləndirici mahiyyət daşıyır.

ABŞ Prezidenti Donald Trampın 2026-cı il yanvarın 20-də sosial mediada etdiyi paylaşımda Kanada, Venesuela və Qrenlandiya ABŞ torpağı kimi göstərilib.

Tramp Ağ Evdəki Oval kabinetdə nəhəng bir xəritənin qarşısında əyləşmiş vəziyyətdə təsvir olunub. Xəritədə təkcə mövcud ABŞ əraziləri deyil, həmçinin Kanada, Venesuela və Qrenlandiya da ABŞ bayrağının rəngləri ilə boyanıb. Masanın qarşı tərəfində isə süni zəka vasitəsilə yaradılmış avropalı liderlər Meloni, Starmer, Makron, Zelenski, fon der Lyayen və Rütte Trampın qarşı tərəfi kimi təsvir edilib.



ABŞ-nin hədəfləri aşağıdakı başlıqlar altında cəmlənir:

1. Arktikada hərbi üstünlüyün qorunması
2. Rusiya və Çinin bölgədəki təsirinin məhdudlaşdırılması
3. Kritik təbii resurslara təhlükəsiz çıxışın təmin edilməsi
4. Qlobal güc proyeksiyasının davam etdirilməsi
5. NATO müdafiəsi və hərbi xərclər məsələlərində digər müttəfiqlərin də məsuliyyət götürməsi


5. Hərbi və təhlükəsizlik ölçüsü

5.1 Raketdən müdafiə və erkən xəbərdarlıq sistemləri

Qrenlandiya adası məsafə baxımından Moskva ilə Vaşinqton arasındakı ən qısa uçuş marşrutunun tam ortasında, yəni böyük dairə məsafəsi kimi tanınan trayektoriya üzərində yerləşir.

Qrenlandiya həm Vaşinqtondan, həm də Moskvadan təxminən 3.200 kilometr məsafədədir. Ada ABŞ-nin ballistik raketlərə qarşı erkən xəbərdarlıq sistemlərinin ilk halqasını təşkil edir. Rusiyadan Şimal qütbü üzərindən gələ biləcək mümkün nüvə hücumları ilk olaraq Qrenlandiyadakı radar sistemləri tərəfindən aşkarlanır. Bu amil adanı ABŞ-nin nüvə çəkindirmə strategiyasının ayrılmaz tərkib hissəsinə çevirir.

ABŞ-nin Qızıl Qübbə təhlükəsizlik çətirini formalaşdırmağa çalışdığı bir dövrdə Rusiya və ya Çinin ABŞ-yə, xüsusilə hipersəs raketlərindən istifadə etdiyi ssenarilərdə, bu raketlərin Qrenlandiya üzərindən keçməsi olduqca mümkündür. Məhz buna görə Pituffikdə yerləşən şəxsi heyətin əsas vəzifəsi yaxınlaşan hava təhdidlərini aşkarlamaq məqsədilə səmanı daimi nəzarətdə saxlamaqdan ibarətdir.

5.2 NATO və kollektiv təhlükəsizlik

Danimarkanın NATO üzvü olması ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunu beynəlxalq hüquq və kollektiv təhlükəsizlik çərçivəsində legitimləşdirir. NATO-nun son illərdə Arktika regionuna artan diqqəti Qrenlandiyanın alyans daxilindəki strateji əhəmiyyətini daha da yüksəldir.

6. İqtisadi və enerji ölçüsü

6.1 Təbii resurs potensialı


Qrenlandiya nadir torpaq elementləri, neft, təbii qaz, uran və müxtəlif metal ehtiyatları baxımından böyük potensiala malikdir. Bu resurslar xüsusilə müdafiə sənayesi və yüksək texnologiya sektorları üçün kritik əhəmiyyət daşıyır.

Dünyanın ən böyük adası olan Qrenlandiya təkcə nəhəng buz örtüyü ilə deyil, onun altında gizləndiyi iddia edilən zəngin təbii resursları ilə də yenidən gündəmə gəlir. Litium və nadir torpaq elementləri kimi kritik xammallardan tutmuş qiymətli metallara, hətta neft və qaza qədər uzanan bu potensialın enerji keçidində əsas rol oynaya biləcəyi qeyd olunur.

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam ondan ibarətdir ki, Qrenlandiyanın buzdan azad olan əraziləri adanın ümumi sahəsinin beşdə birindən də azdır. Yəni görünən sahə geniş təsir bağışlasa da, əsas naməlumluq kilometrlərlə buzun altındakı geniş coğrafiyada cəmlənir. Bu isə hələ xəritələşdirilməmiş və ya təsdiqlənməmiş çox böyük ehtiyatların mövcud ola biləcəyi ehtimalını gücləndirir.

ABŞ Geoloji Tədqiqatlar Xidmətinin bəzi qiymətləndirmələrinə görə, Qrenlandiyanın şimal-şərqindəki quru ərazilərdə, o cümlədən buzla örtülü sahələrdə təxminən 31 milyard barrel neft ekvivalentində hidrokarbon ehtiyatı mövcud ola bilər. Bu həcm sübut edilmiş 303 milyard barrel ehtiyatı ilə dünyanın ən böyük neft ehtiyatına malik ölkəsi kimi tanınan Venesuelanın ehtiyatlarının təxminən onda birinə bərabərdir.

Kağız üzərində bu miqyas təbii olaraq böyük maraq doğurur və enerji bazarlarında oyunun qaydalarını dəyişə biləcək potensiala işarə etdiyi düşünülür.

Geoloqlar üçün Qrenlandiyanı unikal edən əsas amil onun 4 milyard ilə qədər uzanan mürəkkəb geoloji tarixidir. Dünyanın ən qədim suxurlarından bəziləri burada yerləşir. Hətta meteorit mənşəli olmayan iri təbii dəmir kütlələri kimi qeyri-adi geoloji formalaşmalardan da bəhs olunur. Bundan əlavə, 1970-ci illərdə almaz daşıya bilən kimberlit strukturlar aşkar edilsə də, sərt iqlim şəraiti və yüksək xərclər səbəbilə bu kəşflər indiyədək genişmiqyaslı mədənçiliyə çevrilməyib.

Qrenlandiyanın resurs müxtəlifliyi geologiyada ehtiyatların formalaşmasını şərtləndirən üç əsas proseslə əlaqələndirilir: dağ əmələgəlmə, materik qırılması/dartılma (rifting) və vulkanik fəaliyyətlər. Bu üç prosesin eyni bölgədə bir araya gəlməsi həm metallarla, həm də kritik xammallarla bağlı son dərəcə qeyri-adi mənzərə yaradır.

Enerji keçidinin gizli qəhrəmanları kimi dəyərləndirilən nadir torpaq elementləri külək turbinlərindən tutmuş elektrikli nəqliyyat vasitələrinin mühərriklərinə və yüksək temperaturda işləyən maqnitlərə qədər çoxsaylı sahələrdə əvəzolunmazdır. Bu səbəbdən nadir torpaq elementlərinin tədarükü artıq təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi məsələ kimi qəbul olunur.

Araşdırmalar göstərir ki, Qrenlandiyada buz altında qalan bəzi nadir torpaq elementi yataqları həcm baxımından dünyanın ən böyükləri sırasında yer ala bilər və batareya ilə elektronika istehsalı üçün ciddi potensial formalaşdırır. Xüsusilə disproziy və neodimium kimi tapılması çətin və strateji əhəmiyyətli elementlər üzrə buzaltı ehtiyatların gələcək qlobal tələbatın dörddə birindən çoxunu qarşılaya biləcək səviyyədə ola biləcəyi iddia edilir. Bu iki element üzrə ümumi ehtiyat həcminin təxminən 40 milyon ton səviyyəsində olduğu qiymətləndirilir.

Bundan əlavə, qrafit də diqqət çəkən resurslar sırasındadır. Litium batareyalarının istehsalında mühüm komponent olan qrafitin Qrenlandiyada hələ kifayət qədər araşdırılmamış ehtiyat ola biləcəyi düşünülür. Yəni nadir torpaq elementləri qədər geniş müzakirə olunmasa da, enerji keçidinin başqa bir kritik materialı üzrə də gözlənilməz potensial mövcuddur.

Mənzərənin ən diqqətçəkən tərəfi isə iqlimlə mədənçilik arasındakı ziddiyyətdir. Qrenlandiyada 1995-ci ildən etibarən Albaniya böyüklüyündə ərazinin buzdan azad olduğu və qlobal istiləşmə sürətlə azalmasa bu tendensiyanın güclənə biləcəyi vurğulanır. Buzlar geri çəkildikcə yeraltı resurslara çıxış imkanları artsa da, eyni proses dəniz səviyyəsinin yüksəlməsinə, sahilyanı yaşayış məntəqələrinin risk altına düşməsinə və təbiət üzərində təzyiqin artmasına səbəb olur.

Texnoloji sahədə isə yer radarı kimi üsullar vasitəsilə qalınlığı 2 kilometrədək olan buz qatının altındakı əsas suxur topoqrafiyasının daha dəqiq xəritələşdirilə bildiyi, bunun da potensial mədən sahələri ilə bağlı ipucları verdiyi qeyd olunur. Bununla belə, buz altında aparılan axtarış işləri ləng irəliləyir. “Çıxarış” mərhələsi isə daha böyük sual doğurur: burada təkcə mövcudluq deyil, hasilatın ətraf mühitə təsiri və uzunmüddətli davamlılığı da müzakirələrin mərkəzində dayanır.

6.2 ABŞ-Çin iqtisadi rəqabəti

ABŞ nadir torpaq elementləri sahəsində böyük ölçüdə Çindən asılı vəziyyətdədir. Qrenlandiyadakı potensial ehtiyatlar ABŞ üçün bu asılılığı azalda biləcək strateji alternativ kimi qiymətləndirilir.

7. Çinin Arktika və Qrenlandiya siyasəti

Çin özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edir və regiona yönəlmiş elmi, iqtisadi və diplomatik investisiyalar həyata keçirir. Qrenlandiyada liman, mədənçilik və infrastruktur layihələrinə maraq göstərən Çin ABŞ tərəfindən uzunmüddətli strateji rəqib kimi qəbul olunur. 2014-cü ildə Fransaya məxsus “Total”, ABŞ-də yerləşən “ExxonMobil” və Norveçdə yerləşən “Statoil” kimi Qərb enerji şirkətlərinin Krımın Rusiya tərəfindən ilhaqını əsas gətirərək Arktikadakı Rusiya enerji və infrastruktur layihələrindən geri çəkilməsindən sonra yaranan boşluğu Çin şirkətləri doldurub. 2015-ci ildə qəbul edilən Çin Milli Təhlükəsizlik Qanunu qütb bölgələrini Çinin maraqlarını dinc yollarla qoruyacağı təhlükəsizlik alt sahələri sırasında müəyyən edib. Yeni təhlükəsizlik anlayışının təsiri ilə 2015-ci il sentyabrın ayında Çin beş döyüş gəmisindən ibarət donanmanı Alyaska sahillərinə 12 dəniz mili məsafəyə qədər yaxınlaşdıraraq Arktika okeanına göndərdikdə ABŞ Çinin hərbi gücünün Arktikaya doğru genişləndiyinə əmin olub.

Çinin investisiya səyləri yalnız Qrenlandiya ilə məhdudlaşmayıb. Norveçdəki Kirkenes limanından Helsinki və Tallin üzərindən Avropa bazarlarına çıxışı hədəfləyən “Çin Arktika Dəhlizi” layihəsi də 2019-cu ildə elan edilib. Arktikanın buzsuz gələcəyində Norveçi Avropanın Sinqapuru səviyyəsinə yüksəldə biləcək bu layihə ABŞ-nin təzyiqi nəticəsində həyata keçirilə bilməyib.



8. Rusiyanın Arktika strategiyası

Rusiya Federasiyasının Arktika siyasəti və strategiyası xronoloji baxımdan dörd mərhələdə formalaşıb.

Birinci mərhələ Soyuq müharibədən sonrakı dövrdə yaranan şərait çərçivəsində həyata keçirilib. Bu dövrdə Rusiya Federasiyası Arktika siyasətini regional və beynəlxalq əməkdaşlıq mexanizmləri vasitəsilə qurmağa çalışıb.

İkinci mərhələ 2000-ci illərdən etibarən başlayıb və Rusiya Federasiyasının Arktika regionuna yönəlmiş siyasətlərinin koordinasiya prosesini əhatə edir. Bu mərhələdə Arktikadakı sosial-iqtisadi maraqlar milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldırılıb.

Üçüncü mərhələ Rusiyanın Krımı ilhaq etməsindən sonra yaranan geosiyasi transformasiya ilə üzə çıxıb. Bu dövrdə Rusiya Federasiyası Qərblə münasibətlərdə yaşanan problemlər səbəbilə xarici siyasətində Şərq yarımkürəsini önə çıxaran yanaşma formalaşdırıb. Məhz bu mərhələdə Rusiyanın Arktika strategiyasının inkişaf etdiyi, tamamlayıcılıq və davamlılıq xüsusiyyətləri qazandığı müşahidə olunur.

Dördüncü mərhələ 2020-ci ildən sonrakı yeni beynəlxalq şərait fonunda inkişaf edib. Bu mərhələdə Rusiya Federasiyası Arktika regionundakı geoiqtisadi və geostrateji maraqlarını möhkəmləndirib. Xüsusilə nəqliyyat və enerji sahələrində Çinlə yeni əməkdaşlıq mexanizmləri yaradılıb. Qütb İpək Yolu kimi təşəbbüslər bu mexanizmlərin geoiqtisadi və geostrateji miqyasını aydın şəkildə nümayiş etdirir.

Rusiya Federasiyası Arktikanı milli təhlükəsizliyinin əsas elementlərindən biri kimi qiymətləndirir. Sovet dövründən qalan hərbi bazaların yenidən aktivləşdirilməsi və yeni bazaların inşası Arktikada hərbi rəqabəti gücləndirib. ABŞ-nin Qrenlandiyadakı mövcudluğu Rusiyanın bu strategiyasına birbaşa tarazlaşdırıcı amil kimi çıxış edir.

9. Danimarka-Qrenlandiya münasibətləri və daxili siyasət

Qrenlandiya Danimarka Krallığına bağlı muxtar ərazidir. Lakin son illərdə Qrenlandiyada müstəqillik tələbləri güclənir. ABŞ-nin Qrenlandiyaya marağı bu daxili siyasi müzakirələrə də dolayı təsir göstərir. Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşən və ABŞ-nin ballistik raketdən müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıyan bu Arktika regionunun itirilməsi Danimarka üçün geosiyasi çəkisinin azalması deməkdir. Bununla yanaşı, qrenlandiyalıların müstəqillik yolunu seçməsi və ya ABŞ ilə birbaşa razılaşmalar bağlaması halında Danimarkanın səylərinin nəticəsiz qalması ehtimalı da mövcuddur.

1951-ci ildə ABŞ ilə Danimarka arasında imzalanan müdafiə sazişi Vaşinqtona Qrenlandiyada hərbi bazalar yaratmaq və şəxsi heyət yerləşdirmək hüququ verir, eyni zamanda ada üzərində hava və dəniz hərəkətinə nəzarət səlahiyyəti tanıyır. “The New York Times” nəşrinin məlumatına görə, bu saziş ABŞ-yə hərbi obyektlərin tikintisi və istismarı sahəsində də geniş imkanlar açır.

2004-cü ildə yenilənən saziş Qrenlandiyanın yarımmuxtar idarəçiliyinə söz haqqı tanıyıb və ABŞ-nin hərbi addımlarında Danimarka və Qrenlandiya ilə məsləhətləşmə şərtini təsbit edib.

Bu gün məsələ artıq Danimarkanın milli maraqlarını aşır. Avropalı müttəfiqlər təkcə həmrəylik baxımından deyil, həm də Qrenlandiyadan imtinanın digər gücləri kiçik dövlətlərə qarşı ərazi iddialarına təşviq edə biləcək təhlükəli presedent yaradacağı narahatlığı səbəbilə Danimarkanın yanında mövqe tutub. Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen beynəlxalq hüquqa istinad edərək belə açıqlama veriblər: “Milli sərhədlər və dövlətlərin suverenliyi beynəlxalq hüquqa əsaslanır. Başqa bir ölkəni ilhaq etmək olmaz. Qrenlandiya qrenlandiyalılara məxsusdur”.

10. Mümkün ssenarilər

10.1 Status-kvonun davamı


ABŞ-nin hərbi mövcudluğunu artırmaqla yanaşı Qrenlandiyanın hüquqi statusunu dəyişmədən mövcud vəziyyəti qoruması ən real ssenari kimi qiymətləndirilir.

10.2 Qrenlandiyanın müstəqilliyi

Müstəqil Qrenlandiya ABŞ ilə daha yaxın hərbi və iqtisadi münasibətlər qura bilər. Bu isə Danimarka və Avropa İttifaqı üçün ciddi geosiyasi nəticələr yarada bilər.

10.3 Arktikada hərbi gərginlik

Böyük güclər arasında rəqabətin sərtləşməsi Arktikanı yeni, aşağı intensivlikli qarşıdurma zonasına çevirə bilər.



11. Siyasi nəticələr

ABŞ-nin Qrenlandiya siyasəti transatlantik münasibətlərdə vaxtaşırı diplomatik gərginliklər yaradır. Eyni zamanda bu siyasət Arktika idarəçiliyi və beynəlxalq hüquqla bağlı müzakirələrə də dərin təsir göstərir.

12. Strateji nəticələr

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) müəyyən edib ki, Qrenlandiyadakı buzlaqlar 2002-2023-cü illər arasında hər il orta hesabla 270 milyard metrik ton su itirib.

- Arktikada gedən “bölüşdürmə” mübarizəsində Qrenlandiyanın mövqeyi həlledici əhəmiyyət daşıyır.
- Qütb geosiyasətində suları isinən buzlaq Qrenlandiya Donald Trampın “iştahasını artırır”.
- Trampa “Qrenlandiyanı almaq üçün danışıqlar aparmaq səlahiyyəti” verilməsini nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim edilib.
- Danimarka isə Trampa Qrenlandiyanı almaq əvəzinə adadakı ABŞ hərbi mövcudluğunu artırmağı təklif edib.


Qlobal istiləşmə nəticəsində Arktikada buzlaqların azalması fonunda bölgədə açılan yeni ticarət yolları ABŞ, Rusiya və son illərdə bölgəyə marağı artan Çin arasında yeni regional rəqabət mühiti formalaşdırıb.

Arktik Şurasının hesabatında qeyd olunub ki, bölgədə dəniz daşımalarının həcmi son 10 ildə 37 faiz artıb və 2024-cü ildə 1782 gəmi bu marşrutlardan istifadə edib.

Hesabatda buzlaqların ölçülərinin kiçilməsi və qədim buzların əriməsi kimi dəniz mühitində baş verən dəyişikliklərin daha uzun naviqasiya mövsümləri yaratdığı, Arktik bölgəsinin əvvəllər çətin əlçatan olan ərazilərinə çıxış üçün mühüm imkanlar formalaşdırdığı vurğulanıb.

Qrenlandiya üzərində nəzarət uğrunda mübarizə ABŞ-nin qlobal güc proyeksiyasının mühüm tərkib hissəsidir. Bölgədə hərbi üstünlük ABŞ-nin nüvə çəkindirmə potensialını gücləndirir.

13. Beynəlxalq hüquq və suverenlik mübahisələri

Ərazi satın alınması kimi bəyanatlar müasir beynəlxalq hüquq baxımından ciddi legitimlik problemləri yaradır. Bu yanaşma dövlət suverenliyi və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərini yenidən gündəmə gətirir.

14. Nəticə

ABŞ 2025-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası Sənədi ilə dünyada nəzarət etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib. Buna görə də müdafiəsini təmin etməyə çalışdığı ərazilərin sayını azaltmağa yönəlib.

ABŞ bu yeni strategiyaya uyğun olaraq NATO çərçivəsində, xüsusilə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvvəlki qədər məsuliyyət daşımaq istəmir. Vaşinqton Avropanın müdafiəsinin əsas yükünün Almaniya, Fransa və Böyük Britaniya başda olmaqla bütün NATO üzvləri tərəfindən daşınmalı olduğunu daha açıq şəkildə vurğulamağa başlayıb.

Ukrayna-Rusiya müharibəsində ABŞ-nin tutduğu mövqe bu vəziyyəti açıq şəkildə nümayiş etdirir. Donald Tramp, xüsusilə Avropa ölkələri baxımından NATO-nun müdafiə xərclərinin ABŞ tərəfindən deyil, bütün üzv dövlətlər tərəfindən bölüşdürülməli olduğunu dəfələrlə bəyan edib.

Bu yanaşma NATO daxilində Avropa blokunda narahatlıq yaradıb. Hətta Trampın Qrenlandiyanın alınması ilə bağlı açıqlamalarına göstərilən reaksiyanın NATO daxilində ABŞ-yə qarşı müəyyən mövqe formalaşdırdığı da faktdır.

Lakin ABŞ-nin 2025-ci il tarixli Milli Təhlükəsizlik Strategiyası Sənədi diqqətlə oxunduqda, bu prosesin NATO daxilində tam parçalanma yaratmayacağı və bəzi məsələlərdə ABŞ-nin ilk növbədə öz maraqlarını əsas götürəcəyi aydın görünür.

Sənəddə ABŞ üçün Avropanın strateji və mədəni baxımdan həyati əhəmiyyət daşımağa davam edəcəyi vurğulanır. Bu isə NATO çərçivəsində müdafiə xərclərinin üzv ölkələr arasında daha böyük paylarla bölüşdürüləcəyinə işarə edir.

Bu proseslər fonunda birinci nəticə ondan ibarətdir ki, Almaniya, Fransa və Böyük Britaniya liderliyində Avropa İttifaqı öz daxilində müdafiə və təhlükəsizlik siyasətində kəskin dönüş edəcək. Bu məqsədlə Avropa İttifaqı çərçivəsində müdafiə imkanlarının artırılması və bunun birgə tədarük yolu ilə təmin edilməsi üçün “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) proqramı yaradılıb və icraya başlanılıb. Aİ ölkələri blok üzrə prioritet müdafiə istehsalını artırmaq məqsədilə 150 milyard avro həcmində olan SAFE adlı yeni təhlükəsizlik mexanizmini təsdiqləyib və həyata keçirib.

İkinci nəticə Ukraynanın Rusiya qarşısında müəyyən güzəştlərə getməli olacağı reallığıdır. ABŞ-nin müxtəlif vaxtlarda tez-tez vurğuladığı bu yanaşma Avropanın təhlükəsizliyinin avropalılar tərəfindən təmin edilməli olduğu fikrini gücləndirir.

Üçüncü nəticə Arktik bölgəsində Çinin Avropalı Arktik dövlətləri tərəfindən birgə şəkildə məhdudlaşdırılması məsələsinin ABŞ ilə ortaq maraq müstəvisi yaratmasıdır. Bu səbəbdən bu prosesin yaxın dövrdə reallaşması gözlənilir. Çinin Avropada və ümumilikdə Avropa məkanında planlaşdırdığı bir sıra investisiya layihələrinin dayandırılması ehtimalı da gündəmə gəlir.

Dördüncü nəticə Çin və Rusiyanın Cənubi Amerikada, xüsusilə Venesuela və Kubada möhkəmlənməsinin qarşısının alınması istiqamətində addımların atılmasıdır. Bu siyasətin ilk mərhələsi 2026-cı il yanvarın 3-də ABŞ tərəfindən Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının saxlanılması ilə müşahidə olunub.

Son olaraq, ABŞ-Avropa ittifaqının ABŞ-nin müdafiə imkanlarına hələ də faktiki şəkildə ehtiyac duyduğu görünür. İkinci Dünya müharibəsindən sonra formalaşmış ABŞ liderliyindəki Avropa təhlükəsizlik çətiri hazırda da qüvvədədir. Bununla belə, Avropa ölkələrinin gələcəkdə ABŞ olmadan öz müdafiə imkanlarını təmin edə bilməsi üçün hərbi potensiallarını gücləndirməyə yönəlmiş fəaliyyətlərin uzun müddət davam edəcəyi və çox böyük maliyyə və insan resursları tələb edəcəyi də danılmaz faktdır.

Qrenlandiya XXI əsrin yüksələn geosiyasi mərkəzlərindən biridir. ABŞ-nin Qrenlandiyaya yönəlik siyasəti yalnız ikitərəfli münasibətlər kontekstində deyil, qlobal güc rəqabətinin ümumi dinamikaları çərçivəsində qiymətləndirilməlidir. Yaxın illərdə Qrenlandiya Arktikanın taleyi ilə yanaşı beynəlxalq sistemin gələcəyinə də təsir göstərməkdə davam edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrenlandiya   ABŞ  


Bizi "telegram"da izləyin