Ordu.az xəbər verir ki, təhvil prosesi Türkiyə Hərbi Zavodlar Baş İdarəsinin layihə koordinatorluğu çərçivəsində aparılan işlər nəticəsində həyata keçirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk görülən fəaliyyətlər barədə məlumat verib. Aktürk açıqlamasında bunları deyib:
“Hərbi Zavodlar Baş İdarəmizin layihə koordinatorluğu çərçivəsində “Maşın və Kimya Sənayesi Anonim Şirkəti” tərəfindən yerli və milli imkanlarla hazırlanmış E-ZPD-nin kvalifikasiya sınaqları uğurla tamamlanıb, ilk seriya istehsalı olan nəqliyyat vasitəsi Quru Qoşunları Komandanlığımıza təhvil verilib. Eyni zamanda “Maşın və Kimya Sənayesi Anonim Şirkəti” tərəfindən müxtəlif sayda və müxtəlif çapda silah və sursatın təhvili də başa çatdırılıb”.
E-ZPD-nin texniki yanaşması
MKE tərəfindən hazırlanmış E-ZPD mövcud tırtıllı zirehli nəqliyyat vasitələrinin müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyən elektrik və hibrid hərəkət sistemlərinə əsaslanan modernləşdirmə yanaşmasına söykənir. Layihə M113 ailəsi əsasında hazırlanmış E-ZDV infrastrukturuna əsaslanaraq icra olunur.
E-ZPD personal daşınması vəzifəsinə uyğun olan və silah qülləsi ilə təchiz edilməmiş konfiqurasiyaları əhatə edir. Bu xüsusiyyəti ilə birbaşa döyüş və atəş dəstəyi tapşırıqları üçün nəzərdə tutulmuş Zirehli Döyüş Vasitələrindən (ZDV) fərqlənir.
Modernləşdirmə hədəfləri
MKE tərəfindən həyata keçirilən işlər çərçivəsində klassik dizel güc qrupunun yerini elektrik və ya hibrid hərəkət sistemləri tutur. Modernləşdirmə layihəsi ilə nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının azaldılması, texniki xidmət və istismar xərclərinin aşağı salınması, daha səssiz hərəkət qabiliyyəti qazanması, insanlı və insansız istifadə imkanlarına malik olması, yeni nəsil proqram təminatı və sistemlərlə təchiz edilməsi, xüsusilə mühərrik və transmissiya sahəsində xarici asılılığın aradan qaldırılması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az