Qlobal Nizamın Yenidən Qurulması: Amerika strategiyasının dəyişməsi və nəticələri

2026/01/1769846672.jpg
Oxunub: 1500     15:31     09 Fevral 2026    
Qlobal arenada baş verən tektonik dəyişikliklər onu göstərir ki, biz beynəlxalq sistemin bütün strukturunu yenidən formalaşdıran, SSRİ-nin dağılmasından sonra yaranmış qaydaları isə yeni, qeyri-müəyyən və çoxqütblü reallıqla əvəzləyən fundamental dəyişikliklərin şahidiyik. Artıq ilin əvvəlində müşahidə olunan proseslər əslində yeni dünya nizamının formalaşması ilə paralel gedən deqloballaşma və ticarət müharibələrinin intensivləşməsindən başqa bir şey deyil. Bu iki tendensiya o qədər sıx bağlıdır ki, birini digəri olmadan anlamaq demək olar ki, mümkün deyil.

Son otuz il ərzində bütün ölkələrin birləşməsi, iqtisadi rifah və mədəni mübadilə vəd edən qlobal miqyaslı fenomen kimi təqdim olunan qloballaşma bu gün ciddi şəkildə yenidən qiymətləndirilir. Bu proses beynəlxalq siyasət və iqtisadiyyatın ən mühüm platformalarında, milyardlarla insanın həyatına təsir edən qərarların qəbul edildiyi məkanlarda baş verir.

Bu dəyişikliklərin episentrində ABŞ administrasiyasının apardığı siyasət dayanır. Bu siyasət Vaşinqtonun birqütblü dünya nizamının formalaşmasından bəri sadiq qaldığı strategiyadan əsaslı şəkildə uzaqlaşmanı ifadə edir. Əvvəlki yanaşma qlobal liderlik və ümumdünya məsuliyyəti üzərində qurulmuşdu: Amerika təhlükəsizliyi və qaydanı bütün dünyada təmin etməyi, beynəlxalq institutlar yaratmağı və azad ticarət sistemini qorumağı həm öz borcu, həm də strateji marağı hesab edirdi. Lakin bu yanaşma köklü şəkildə dəyişib və indi ABŞ-nin yeni strategiyası ölkənin müəyyən mənada təcridi, Amerika potensialının artırılması və ilk növbədə Amerika qitəsində, yəni Qərb yarımkürəsində üstünlüyün möhkəmləndirilməsinə yönəlib.

Bu dəyişiklik təkcə rəsmi ritorika ilə məhdudlaşmır, konkret siyasətdə də özünü göstərir: müdafiə xərclərinin yenidən bölüşdürülməsi, ticarət danışıqlarına yeni yanaşma, müttəfiqlərə qarşı tələblərin sərtləşdirilməsi və ümumilikdə beynəlxalq siyasətin yenidən formatlanması. Əgər əvvəllər ABŞ bütün planeti öz məsuliyyət zonası hesab edir və beynəlxalq nizama təhlükə gördüyü istənilən bölgəyə müdaxilə etməyə hazır idisə, indi bu vəziyyət əsaslı şəkildə dəyişib. ABŞ administrasiyası açıq şəkildə bildirir ki, yerli oyunçular öz təhlükəsizliklərini özləri təmin etməlidirlər və Vaşinqton başqa ölkələrin müdafiəsi üçün, əgər həmin ölkələr özləri kifayət qədər vəsait ayırmırlarsa, qeyri-məhdud resurs xərcləmək niyyətində deyil.

Bu yanaşma xüsusilə Avropa ilə münasibətlərdə aydın görünür. Onilliklər boyu Avropa ölkələri Amerika təhlükəsizlik çətiri altında olub, NATO-nun kollektiv müdafiə zəmanətlərindən faydalanıb və büdcələrinin nisbətən kiçik hissəsini müdafiəyə ayıra biliblər, əsas yük isə ABŞ-nin üzərinə düşüb. Vaşinqtonun yeni tələblərinə əsasən NATO ölkələri hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmalı, onları ÜDM-in beş faizi səviyyəsinə çatdırmalıdırlar. Bu isə on milyardlarla dollar əlavə xərclər deməkdir və həmin vəsaitlər təhsil, səhiyyə və ya infrastrukturun inkişafına yönəldilə bilərdi.

Avropa da bu yeni reallığı dərk etməyə başlayır. Avropa liderləri anlayırlar ki, ABŞ artıq Avropanı prioritet hesab etmir və diqqətini daha çox daxili məsələlərə və ilk növbədə öz iqtisadi maraqlarına yönəldib. ABŞ administrasiyası üçün qlobal idarəetmə sisteminin qorunması və ya azad ticarət ideallarının təşviqi deyil, konkret və ölçülə bilən nəticələr ön plana çıxır: ABŞ biznesinin inkişafı, ölkə daxilində iş yerlərinin yaradılması, istehsal potensialının geri qaytarılması, ticarət balansının yaxşılaşdırılması və ABŞ şirkətlərinin rəqabət qabiliyyətinin artırılması.

Bu yeni yanaşmanın mərkəzində gömrük rüsumları dayanır. Uzun illər keçmişin qalığı hesab edilən bu alət indi yenidən iqtisadi siyasətin əsas vasitəsinə çevrilir. Vaşinqton rüsumları təkcə rəqiblərə deyil, vaxtaşırı müttəfiqlərə qarşı da tətbiq etməyə hazırdır və bunu ABŞ istehsalçıları üçün ticarət münasibətlərinin ədalətsiz olması ilə əsaslandırır. Təsadüfi deyil ki, uzun müddət qloballaşma və azad bazar ideologiyasının simvolu sayılan Davos Ümumdünya İqtisadi Forumunda belə Avropa liderləri açıq şəkildə etiraf edirdilər ki, əvvəlkindən əsaslı şəkildə fərqlənən yeni dünya nizamı formalaşır və Avropa bu reallığa uyğunlaşmalıdır.

Bu anlayış onilliklər boyu inteqrasiya, çoxtərəflilik və beynəlxalq institutlar çərçivəsində əməkdaşlıq ideyalarına sadiq qalmış Avropa siyasi elitası üçün ağrılıdır. Lakin reallıq bu yanaşmaların yenidən qiymətləndirilməsini diktə edir. Avropa strateji suverenliyin möhkəmləndirilməsinə, müdafiə sənayesinin inkişafına, müasir texnologiyalar sahəsində liderliyə və enerji müstəqilliyinə daha çox diqqət yetirməyə başlayır.

Qeyd etmək lazımdır ki, ABŞ-nin proteksionist siyasətində ən böyük əhəmiyyət Çinin ilk növbədə iqtisadi müstəvidə cilovlanmasına verilir. Çünki Çin tədricən dünyanın aparıcı iqtisadiyyatına çevrilmək üçün zəmin hazırlayır. Son onilliklərdə yaranmış paradoksal vəziyyət ondan ibarətdir ki, Qərb kapitalı, Qərb texnologiyaları və istehsal gücləri Çinə axaraq onu “dünyanın fabriki”nə çevirib. Bu axın ucuz əmək qüvvəsi, zəif ekoloji standartlar, vergi güzəştləri və nəhəng bazar vədləri ilə şərtlənib. Nəticədə istehsal əsasən Çində cəmləşib, Qərb ölkələri isə yüksək əlavə dəyərli xidmətlərə, maliyyə alətlərinə və innovasiyalara fokuslanıblar.

Lakin qarşılıqlı fayda üçün nəzərdə tutulan bu model əslində asimmetrik nəticələr doğurdu. Çin tərəfi Qərb investisiyalarını və texnologiyalarını təkcə məhsul istehsalı üçün deyil, iqtisadiyyatını köklü şəkildə yenidən qurmaq, texnoloji sıçrayış etmək, güclü elmi-tədqiqat bazası yaratmaq və nəhayət Qərb texnoloji asılılığından çıxmaq üçün məharətlə istifadə etdi.

Eyni dövrdə ABŞ-də zavodlar bir-birinin ardınca bağlanır, istehsal iş yerləri milyonlarla azalır, bütöv regionlar deindustrializasiyaya uğrayırdı. ABŞ iqtisadiyyatı getdikcə xidmətlər sektoruna, maliyyə platformalarına və dövlət borcunun artımına söykənirdi. ABŞ daha az məhsul istehsal etdikcə idxaldan asılılığı artırdı, Çin isə dünyanın bir nömrəli ixracatçısına çevrilərək nəhəng maliyyə kapitalı topladı. İndi ABŞ gömrük rüsumları və sanksiyalar vasitəsilə bu tendensiyanı geri çevirməyə, Çindən asılılığı azaltmağa, daxili istehsalı stimullaşdırmağa və son qırx ildə itirilmiş istehsal bazasını bərpa etməyə çalışır.

Lakin bu yol ciddi çətinliklərlə müşayiət olunur. ABŞ-da əmək qüvvəsi hələ də Çindən xeyli bahadır. Təchizat zəncirlərinin Çində və Şərqi Asiyada formalaşması onilliklər çəkib və onların yenidən qurulması böyük vaxt və investisiya tələb edir. Bundan başqa, ABŞ sənayesi bəzi sahələrdə lazım olan bacarıq və texnoloji bilikləri itirib və onların bərpası asan deyil. Digər tərəfdən, ABŞ istehlakçıları ucuz Çin məhsullarına öyrəşiblər və daxili istehsala keçid qiymətlərin əhəmiyyətli dərəcədə artması deməkdir.

Buna baxmayaraq, Çin istehsalı ABŞ proteksionizmindən asılı olmayaraq qlobal miqyasda genişlənməsini davam etdirir. Təkcə ötən il Çinin xarici ticarətində ixrac üzrə bir trilyon dollardan artıq profisit qeydə alınıb ki, bu da Çin iqtisadiyyatının yüksək rəqabət qabiliyyətini göstərir. Çin Afrikada, Latın Amerikasında, Cənub-Şərqi Asiyada və hətta Avropada yeni bazarlar axtarır və bir çox hallarda Qərb istehsalçılarını uğurla əvəz edir.

Eyni zamanda Çin elm və texnologiyaya böyük sərmayələr yatırır, hər il yüz milyardlarla dolları tədqiqat və inkişafa xərcləyir. Süni zəka, kvant kompüterləri, 5G texnologiyaları və bərpa olunan enerji kimi sahələrdə Çin artıq ya liderdir, ya da ABŞ ilə birbaşa rəqabət aparır.

Məhz buna görə də formalaşmaqda olan dünya nizamında əsas rəqabət ABŞ və Çin arasında gedir. Bu rəqabət iqtisadiyyat, texnologiya, hərbi güc, elm, diplomatiya və hətta yumşaq güc kimi çoxsaylı sahələri əhatə edir. Bu, təkcə iki dövlətin deyil, iki sistemin və iki baxışın toqquşmasıdır: biri azad bazar, demokratiya və fərdiyyətçilik üzərində qurulub, digəri isə dövlət kapitalizmi, avtoritar idarəetmə və kollektivizmə əsaslanır. Bu qarşıdurmanın nəticəsi dünya üzrə güc balansını, yeni dünya nizamının mahiyyətini, beynəlxalq münasibətlərin qaydalarını, qlobal iqtisadiyyatın strukturunu və qarşıdakı onilliklərdə üstünlük təşkil edəcək dəyərləri müəyyən edəcək.

Bu rəqabət çərçivəsində Rusiyanın mövqeyi və rolu da xüsusi əhəmiyyət kəsb edir. Qlobal miqyasda nisbətən kiçik iqtisadiyyata malik olsa da, Rusiya coğrafi baxımdan dünyanın ən böyük dövləti olaraq qalır və neft, təbii qaz, nadir metallar, uran, meşə və su kimi nəhəng təbii resurs ehtiyatlarına sahibdir.

Qloballaşmış və maliyyələşmiş iqtisadiyyat şəraitində bir müddət ikinci plana keçmiş resurs amili indi yenidən strateji əhəmiyyət qazanır. Gələcəkdə resurs çatışmazlığı, iqlim dəyişikliklərinin nəticələri və enerji keçidi çağırışları fonunda resurslara nəzarət həlledici rol oynayacaq.

Rusiya eyni zamanda böyük nüvə silahı arsenalına, strateji dərinlik yaradan geniş ərazilərə malikdir və postsovet məkanında, qismən də Avrasiyanın digər hissələrində təsirini qoruyur.

Məhz buna görə də ABŞ administrasiyasının təkcə Qərb alyansı üçün ağır maliyyə və siyasi yükə çevrilmiş, aydın strateji perspektivi olmayan Ukrayna müharibəsinə son qoymaq deyil, həm də Rusiya ilə münasibətləri tənzimləmək, Moskvanı öz tərəfinə çəkmək və Moskva-Pekin oxunun formalaşmasının qarşısını almaq istəyi tamamilə təsadüfi deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qlobal-Nizam   ABŞ   Çin   Rusiya  


Bizi "telegram"da izləyin