ABŞ-Çin-Rusiya Kölgəsində G20: Afrika Qlobal Oyun Qaydalarını Dəyişirmi?

2025/11/1764247718.jpg
Oxunub: 4520     12:33     27 Noyabr 2025    
1998-ci ildə Asiyada yaşanan maliyyə böhranından sonra yaradılan G20 tarixində ilk dəfə Afrika ölkəsində toplaşdı. Dünyanın ən mühüm sənayeləşmiş iqtisadiyyatlarını bir araya gətirən G20 sammitləri fəaliyyətinə makroiqtisadi məsələlərlə başlamışdı. Zirvələrə qatılma səviyyəsi 2007-ci ildə dövlət başçıları səviyyəsinə qaldırıldı. Həmin addımdan sonra müzakirə olunan mövzular səhiyyə, kənd təsərrüfatı, iqlim dəyişikliyi, davamlı inkişaf kimi qlobal sistemə daxili və xarici olaraq təsir göstərən bütün sahələri əhatə edəcək qədər genişləndirildi. Bu genişlənmə G20-nin qlobal çəkisi nəzərə alındıqda xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, G20 ölkələri dünya ümumi daxili məhsulunun (ÜDM) təxminən 85 faizini, qlobal ticarətin 75 faizindən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edir. G20-nin qəbul etdiyi qərarlar və siyasətlər hüquqi baxımdan məcburi olmasa da, makroiqtisadi tarazlıqlara və qlobal humanitar, sosial strukturlara ciddi təsir gücünə malikdir.

ABŞ, Rusiya və Çinin kölgəsində G20 Liderlər Zirvəsi

42 ölkə və beynəlxalq qurumdan nümayəndələrin iştirak etdiyi G20 Zirvəsinə ev sahibliyi edən Cənubi Afrika Respublikası həm təmsil etdiyi qitənin gələcəyi, həm də Qlobal Cənubun çoxşaxəli sistem daxilində yüksələn rolunun təsdiqi baxımından simvolik və strateji məsuliyyət daşıyırdı. Lakin ABŞ prezidenti Donald Trampın Cənubi Afrikadakı torpaq islahatını “ağ əhaliyə qarşı ayrı-seçkilik” adlandıraraq zirvəni boykot etməsi tədbirin mahiyyətini və əhəmiyyətini kölgəyə saldı. G20-nin qurucu üzvlərindən olan ABŞ-nin bu addımı kollektiv qərarvermə dinamikalarına zərər versə də, bəzi fikirlərə görə iştirakçı dövlətlər arasında daha çox əməkdaşlıq üçün yeni imkanlar açdı.

Əslində Tramp zirvədə iştirak etməyən yeganə lider deyil. Çin dövlət başçısı Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Meksika prezidenti Klaudiya Şeynbaum və Trampın ideoloji müttəfiqi olan Argentina prezidenti Xavyer Miley də zirvəyə qatılmadılar. Lakin bu ölkələr diplomatik kanalların açıq qalması üçün yüksək səviyyəli texniki və siyasi nümayəndə heyətləri göndərdilər.

Cənubi Afrikadan sonra G20-yə sədrlik edəcək ABŞ isə son anda qərar verərək Cənubi Afrikadakı səfirliyindən bir rəsminin G20 təhvil-təslim mərasimində iştirak etməsini planlaşdırdığını açıqladı. Lakin Cənubi Afrika prezidenti Siril Ramafosanın vəzifəni səfirlik əməkdaşına təhvil verməyin özünə qarşı hörmətsizlik olduğunu deyərək bunu rədd etməsi çoxtərəfli quruluş anlayışının çətinlik yaşadığı beynəlxalq mühitdə G20-nin institusional sabitliyi ilə bağlı sualları artırdı.

Afrikanın “Ubuntu ruhu” rəhbərliyində G20-yə yeni baxış

Zirvədən sonra 30 səhifəlik və 122 bənddən ibarət “Liderlər Bəyannaməsi” ictimaiyyətə təqdim edildi. Geniş məzmuna malik olan bu sənəd 10 əsas tematik başlıq altında hazırlanıb: Sülh, Çox tərəflilik və Hüququn Aliliyi, Fəlakətlərə Dayanıqlılıq və İqlim Fəaliyyəti, İnkişaf etməkdə olan ölkələrdə borc dayanıqlığı, Ədalətli Enerji Keçidləri və Təmiz Bişirmə, Kritik Minerallar və Davamlı Sənayeləşmə, Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatı, Rəqəmsal Transformasiya və Süni Zəka İdarəetməsi, Qlobal Qurumların İslahatı, Sosial Bərabərlik və Humanitar İnkişaf, G20-nin İnstitusional Təkamülü.

122 bəndlik Yohannesburq Bəyannaməsinə dərindən baxıldıqda bir tərəfdən əvvəlki illərin qərarlarını təsdiqlədiyi, digər tərəfdən ev sahibi Cənubi Afrikanın “Ubuntu (Mən biz olduğumuz üçün varam) ruhu” fəlsəfəsi işığında yeni baxış bucağını təqdim etdiyi görünür. Roma (2021), Bali (2022), Yeni Dehli (2023) və Rio (2024) zirvələrində olduğu kimi, bu sənəd də BMT sisteminin islahatı, çoxtərəflilik, iqlim dəyişikliyinə qarşı mübarizə, davamlı inkişaf, sağlamlıq sistemlərinin gücləndirilməsi və iqtisadi artım kimi klassik G20 istiqamətlərində davamlı öhdəliklər ehtiva edir.

Digər tərəfdən, ilk dəfə Afrika torpaqlarında keçirilən zirvə ənənəvi Avro-Atlantik və ya Asiya mərkəzli baxış bucaqlarını aşaraq Afrika qitəsinin qədim “Ubuntu” fəlsəfəsini mərkəzə qoyub. Normativ yanaşmanın inteqrasiya edildiyi bəyannamə həmrəyliyi, ortaq məsuliyyəti və qarşılıqlı bağlılığı qlobal əməkdaşlığın önünə çıxararaq indiyə qədər G20 sənədlərində kifayət qədər vurğulanmayan etik aspektləri qabardıb. Xüsusilə Qlobal Cənub ölkələrinin üzləşdiyi gəlir bərabərsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, borc yüngülləşdirilməsi, nadir minerallara əlçatanlıqda qlobal rəqabətin daha ədalətli aparılması və kövrək iqtisadiyyatlara inkişaf maliyyələşməsinin yaxşılaşdırılması kimi məsələlərdə “Ubuntu” fəlsəfəsinin açar roluna geniş yer verilib.

Cənubi Afrikanın bu normativ yanaşması zirvəni sadəcə liderlərin görüşdüyü platforma olmaqdan çıxararaq qlobal əməkdaşlıqda “Mən deyil, biz” prinsipini mərkəzə qoyan yeni yanaşmanın əsasını formalaşdırdı. Afrika insanının təşəbbüsü və Türkiyə kimi strateji tərəfdaşların dəstəyi ilə formalaşan bu yanaşma Qərb mərkəzli güc anlayışını aşaraq Qlobal Cənubun perspektivini beynəlxalq siyasətin mərkəzinə yerləşdirməyi hədəflədi.

Afrikanın yüksəlişi və Türkiyənin qlobal ədalət vizyonu G20-də qovuşdu

Zirvənin Türkiyə üçün önəmi ondan ibarətdir ki, təqdim olunan prinsiplər Türkiyə xarici siyasətinin əsas istiqamətləri ilə üst-üstə düşür. “Dünya beşdən böyükdür” və “daha ədalətli dünya nizamı” kimi prinsiplər Ankara üçün daima əsas prioritetlərdəndir. Bundan əlavə, Cənubi Afrika Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xüsusi simvolik məna daşıyır. Belə ki, Ərdoğan 2005-ci ilin martında Efiopiyaya və Cənubi Afrikaya diplomatik səfər edərək Böyük Səhradan cənubdakı Afrikanın cənubuna gedən ilk Türkiyə Baş naziri olmuşdu. Ərdoğanın G20 sammitindən sonra dediyi “Cənubi Afrikaya etdiyim səfərlərdə həqiqətən gözəl xatirələrlə ayrıldım. Afrikalı dostlarımızın qonaqpərvərliyi, doğmalığı və səmimiyyəti məni həmişə təsirləndirib. Qəlbimdə silinməz izlər buraxıb” sözləri Afrika xalqları ilə qurulan yaxın münasibətin göstəricisidir.

Nəticə olaraq, Yohannesburq Bəyannaməsi Afrika qitəsinin qlobal platformalarda təmsilçiliyini gücləndirərkən “Ubuntu” fəlsəfəsinin qlobal problemlərin həllində rəhbər prinsip kimi rolunu təsdiqlədi. Əlbəttə, dünyada daha ədalətli sistemin qurulması tək bir bəyannamə ilə mümkün deyil, lakin bu ilki G20 Zirvəsi uzunmüddətli hədəfə aparan yolda normativ yanaşmaya dair güclü siqnallar göndərdi. Bu yanaşma təkcə bəyanat səviyyəsində qalmadı, Afrikanın BRICS və G20 kimi getdikcə güclənən ittifaqlardakı mövqeyi ilə də möhkəmləndirilməyə çalışıldı. Afrika qitəsi 2050-ci illərin mürəkkəb qlobal çağırışları fonunda beynəlxalq ictimaiyyətə liderlik etmək və bu prosesdə mərkəzi rol oynamaq istəklərini 2025-ci il Zirvəsi ilə açıq şəkildə ortaya qoydu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Afrika   G20  


Bizi "telegram"da izləyin