Müharibə Meydanında “İnkişaf Edən PUA”: “Bayraktar” TB2 Ailəsi (FOTOLAR)

2026/06/photo-3563269064.jpg
Oxunub: 377     22:41     16 İyun 2026    
Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı qurumlarından olan “Baykar”ın dünya ictimaiyyəti tərəfindən ən çox tanınan həlli, şübhəsiz ki, “Bayraktar” TB2 Pilotsuz Uçuş Aparatıdır (PUA). Azərbaycanın Qarabağ müharibəsinin ikinci mərhələsində qazandığı qələbədə oynadığı rol, Ukraynanın müqavimət simvollarından birinə çevrilməsi, onun adına bəstələnən mahnılar və dünyanın müxtəlif bölgələrində TB2 alınması üçün başladılan ianə kampaniyaları... “Bayraktar” TB2 PUA öz şöhrətinin əsasını formalaşdırarkən, uğurlarını daim dəyişən müharibə ehtiyaclarına cavab verməklə daha da möhkəmləndirib. Burada vacib məqam “Baykar”ın dəyişən döyüş mühiti ilə sıx bağlı, dinamik layihə idarəetməsi nümayiş etdirməsidir.


Müdafiə sənayesi sahəsində ümumi savadlılıq müstəvisində və akademik yazılarda “Bayraktar” TB2 PUA-ları üçün davamlı olaraq “müasir müharibə doktrinalarını başdan-başa yenidən formalaşdıran PUA” ifadəsi işlədilir. Lakin bu qədər sadə tərif ona qarşı haqsızlıq olar. “Bayraktar” TB2 döyüş meydanının çətin şərtlərində sınaqdan çıxmış və yetkinləşmiş inteqrasiya edilmiş sistemdir. Müxtəlif coğrafiyalarda həm konvensional ordulara qarşı, həm də asimmetrik münaqişə şəraitində özünü sübut edib. Proses ərzində əldə edilən sahə təcrübəsi ilə daim inkişaf edib və infrastrukturunu gücləndirib. “Bayraktar” TB2 ailəsinin bu gün gəlib çatdığı nöqtəni anlamaq üçün onun əsasən dörd model və ya variant üzrə keçdiyi inkişaf mərhələlərinə baxmaq lazımdır. “Bayraktar” TB2 variantları aşağıdakılardır: “Bayraktar” TB2-A, “Bayraktar” TB2-B, “Bayraktar” TB2-C və “Bayraktar” TB2T-AI.

“Bayraktar” TB2-A: Müşahidəçi

Platformanın əsasını təşkil edən bu variantda “ölümcül faydalı yük” mövcud deyil. Daha sadə ifadə ilə desək, silahlı şəkildə fəaliyyət göstərəcək formada təchiz olunmayıb. Əsasən silahlı missiyalar üçün seçim etməyən istifadəçilərin (məsələn, Meşə Baş İdarəsinin) kəşfiyyat, müşahidə və nəzarət (ISR) tapşırıqları və ehtiyaclarına cavab verir. Uzun müddət havada qalma qabiliyyəti və qabaqcıl elektro-optik sistemləri (kameraları) sayəsində əməliyyat bölgəsində fasiləsiz situasiya məlumatlılığı təmin edir. Türkiyədə meşə yanğınları ilə mübarizədə intensiv şəkildə istifadə olunan “Bayraktar” TB2-A sayəsində bir çox yanğın ilkin mərhələdə aşkar edilərək böyüməsinə imkan verilmədən söndürülüb.

“Bayraktar” TB2-B: Zərbə Gücü

Başda Türkiyə Silahlı Qüvvələri olmaqla istifadəçilərinin sahədəki zərbə gücünü təmsil edən model, yəni zərbə tipli PUA variantı “Bayraktar” TB2-B adlanır. Dünyada fenomenə çevrildiyi dövrdə silahlı konfiqurasiya olan B modeli ilə həyata keçirdiyi missiyalar böyük təsir yaradıb. Türkiyə müdafiə sənayesinin digər qürur mənbəyi olan ROKETSAN tərəfindən istehsal edilən MAM-L və MAM-C kimi mini ağıllı sursatların inteqrasiyası ilə platformanın güc əmsalı tamamilə dəyişib. “Bayraktar” TB2-B yalnız Türkiyənin deyil, ortaya çıxdığı dövrdə əksər müasir dünya ordularının pul ödəsə belə əldə edə bilmədiyi qabiliyyət idi. ABŞ oxşar sistemlərin satışına hətta icazə vermirdi, yalnız PUA kimi satışına icazə verirdi.


Hazırda “Bayraktar” TB2-B döyüş meydanında “zamana həssas hədəflərə” qarşı yüksək uğur göstəricisinə malik nişanalma qabiliyyəti ilə dünyada ən çox tanınan zərbə tipli PUA olmağı bacarıb. Qısa desək, “görən və dərhal vuran” ölümcül güc əmsalına çevrilib. Suriya, Liviya və Azərbaycan (Qarabağ) kimi müxtəlif cəbhələrdə hava hücumundan müdafiə sistemlərinə, zirehli birliklərə və logistika xətlərinə qarşı nümayiş etdirdiyi dəqiq zərbə qabiliyyəti dünya ordularının diqqətini cəlb edib. Yaranan tələbatdan sonra “Baykar”ın PUA bazarındakı dominantlığı ABŞ-nin strateji “zərbə tipli PUA satmamaq” siyasətində dəyişiklik yaratdı. Buna baxmayaraq, “Baykar” hazırda dünya PUA bazarında 50 faizdən çox payla lider mövqeyini qoruyur.


“Bayraktar” TB2-C: Sərhədsiz Güc

Döyüş meydanında təsir və maraq sahələrinin genişlənməsi yeni qabiliyyətlərin əldə edilməsini zəruri etdi. “Bayraktar” TB2 PUA-ları ilk dəfə ortaya çıxdıqda onlar üçün müəyyən edilmiş əməliyyat radiusunda uğurla fəaliyyət göstərirdi. Müxtəlif retranslyator sistemləri ilə əməliyyat radiusu genişləndirilsə də, son nəticədə platforma peyk rabitəsi qabiliyyəti əldə etdi. Görmə xəttindən kənar (BLOS) əməliyyat ehtiyacı SATCOM (peyk rabitəsi) inteqrasiya edilmiş “Bayraktar” TB2-C modelinin yaranmasına səbəb oldu. Bu yanaşma nəticəsində platforma peykin əhatə dairəsində olan istənilən nöqtədə fəaliyyət göstərə bilmək imkanına malik oldu. Bu isə komanda-idarəetmə baxımından məsafə məhdudiyyətlərini aradan qaldıraraq “Bayraktar” TB2-yə strateji dərinlik və qitələrarası əməliyyat qabiliyyəti qazandırdı.


“Bayraktar” TB2T-AI: Gələcəyin Zəkası ilə

Gələcəyin döyüş mühitinə hazırlıq xarakteri daşıyan variant “Bayraktar” TB2T-AI adlanır. Digər modellərdən fərqli konstruksiyaya malik olmaqla yanaşı, qabaqcıl süni zəka imkanları və turbomühərriki ilə yeni nəsil həlli təmsil edir. Sınaqlar zamanı çatdığı 37.096 fut hündürlüklə öz yüksəklik rekordunu yeniləyən platforma təkcə “hava-yer” missiyalarındakı effektivliyini artırmayıb, eyni zamanda qarşılaşa biləcəyi təhlükələrə qarşı yaşamaq qabiliyyətini də yüksəldib. Ailənin əvvəlki üzvləri ilə müqayisədə daha yüksək səviyyəli avtonomiya və qərar dəstəyi mexanizmlərinə malikdir.


Nəticə olaraq

“Bayraktar” TB2 PUA ailəsi 2014-cü ildə ilk dəfə müasir ordunun inventarına daxil olmasından 10 il sonra dünyanın ən çox tanınan və zərbə tipli PUA anlayışı ilə eyniləşdirilən platformasına çevrilib. Bu müddət ərzində 93 faiz kimi yüksək yerlilik səviyyəsi ilə istehsal edilən sözügedən zərbə tipli PUA-lar Türkiyənin təhlükəsizlik qüvvələri ilə yanaşı dünyanın müxtəlif bölgələrində də xidmət göstərir. Son məlumatlara görə, 2025-ci ilin dekabr ayında 1 milyon 250 min saatlıq uçuş müddətini uğurla geridə qoyub. Çox yaxın gələcəkdə 1 milyon 500 min saatlıq uçuş göstəricisi kimi olduqca nadir rast gəlinən səviyyəyə çatacağı gözlənilir. Bununla da həm Türkiyə aviasiya tarixinin ən uzun müddət səmada qalan hava aparatı, həm də dünya miqyasında rekord səviyyəyə yaxınlaşan sistemlərdən biri olmağa davam edəcək. Aşağıda əldə olunan uçuş saatları tarixləri ilə birlikdə təqdim olunur. Diqqət çəkən məqam isə zaman keçdikcə dövrlərin qısalmasıdır: daha çox istifadəçi və daha çox əməliyyat uçuşu.

“Bayraktar” TB2 zərbə tipli PUA-larının dost və müttəfiq ölkələrin təhlükəsizlik qüvvələri tərəfindən aktiv istifadəsi məhsul və proses idarəetməsinin uğurunu da təsdiqləyir. Bu kontekstdə əlaqəli bir məlumatı da əlavə edirik:

“Bayraktar” TB2 ailəsinin bu inkişaf prosesində platformanı rəqiblərindən fərqləndirən əsas amil onun xərc baxımından səmərəli olmasıdır. Yüksək təchizat xərci tələb edən döyüş təyyarələrinin yerinə yetirdiyi tapşırıqları çox daha aşağı əməliyyat xərcləri və sıfır insan itkisi riski ilə icra edə bilir. Eyni zamanda mümkün platforma itkisi ciddi iqtisadi dağıdıcı təsir yaratmır və onun yerini sürətlə doldurmaq mümkündür. Müxtəlif coğrafiyalarda intensiv radioelektron mübarizə şəraitində yaşamaq qabiliyyətini sübut edib. Münaqişə bölgələrindən və digər mənbələrdən əldə olunan məlumatlar sürətlə inkişaf etdirmə və istehsal prosesinə daxil edilərək layihə idarəetməsi qeyri-konvensional yanaşma ilə uğurla həyata keçirilib.

Nəticə etibarilə “Bayraktar” TB2 ailəsi statik məhsul deyil, döyüş meydanının dəyişən dinamikalarına sürətlə uyğunlaşan canlı mexanizm kimi inkişafını davam etdirir. PUA-dan süni zəka dəstəyi ilə gücləndirilmiş sistemə uzanan bu yol artıq indidən dünya hərb tarixində öz yerini tutub.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Bayraktar   TB2   Baykar  


Bizi "telegram"da izləyin