Polkovnik Azad bəy Vəzirov: Şuşadan başlayan hərbi xidmət yoludur

2026/05/vance-1777905009.jpg
Oxunub: 518     15:01     20 May 2026    
Azad bəy Mirzə Həmid bəy oğlu Vəzirov 22 avqust 1869-cu ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub. O, Şuşa Realnı Məktəbində təhsil alıb.

Azad bəy 43-cü Tver Draqun Alayına könüllü olaraq yazılıb. 20 dekabr 1888-ci ildə hərbi təhsil almaq üçün Yelizavetqrad Süvari Məktəbinə göndərilib. Buranı ikinci dərəcəli diplomla bitirərək 3 iyul 1892-ci ildə "estandart-yunker" hərbi rütbəsi alıb və xidmət etdiyi alaya qayıdıb. 27 iyun 1897-ci ildə "kornet" rütbəsi alıb. 1901-ci ildən Dağıstan Süvari Alayında xidmətinə davam edib. 27 oktyabr 1901-ci ildə "poruçik" rütbəsi alıb.

1902-ci ildə Dağıstan Süvari Alayından Bakı quberniyasına köçürülüb. Bakı qubernatorunun yardımçısı və digər müxtəlif vəzifələrdə xidmət edib.

27 oktyabr 1905-ci ildə "ştabs-rotmistr", 27 oktyabr 1909-ci ildə isə "rotmistr" rütbəsinə yüksəlib.
Azad bəy Vəzirov xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" (1905) və 3-cü dərəcəli "Müqəddəs Anna" (1909) ordeni ilə təltif olunub.

1 sentyabr 1916-cı ildə Bakı qubernatoruna təyinatlar üzrə baş zabit təyin olunub. 1917-ci ildən "podpolkovnik" rütbəsində Bakı qubernatorunun xüsusi tapşırıqlar üzrə qərargah zabiti olub.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra o, Milli Orduda xidmətini davam etdirib. 1918-ci ilin sonu və 1919-cu ilin əvvəllərində podpolkovnik Azad bəy Vəzirov Gəncənin Hərbi Komandanı, daha sonra isə Bakı şəhərinin komendantı vəzifələrində xidmət edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 25 iyun 1919-cu il tarixli 28 nömrəli əmri ilə "polkovnik" rütbəsinə layiq görülüb.

AXC-nin süqutundan sonra - 1920-ci ildə Azad bəy XI Qırmızı Ordunun sıralarına daxil olub. Ordunun tərkibində İrana göndərilib. 1921-ci ildə İranın Qəzvin şəhərində vəfat edib.

Azad bəy Kərim bəy Mehmandarovun qızı Zəhra xanımla ailə qurub. İsa bəy, Musa bəy, Süleyman Vəzirov (Sovet dövlət xadimi, neft sənayesinin təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı), İsa bəy (ikinci) adlı oğulları, Xeyrənsə xanım, Qönçə xanım və Gülrux xanım adlı qızları olub.

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polkovnik   Azad-bəy-Vəzirov  


Bizi "telegram"da izləyin