Çindən “risk” hesabatı: Dünya nüvə həddinə yaxınlaşır?

2026/06/1781628960.jpg
Oxunub: 235     21:23     16 İyun 2026    
Çin bildirib ki, son dövrdə nüvə silahlarından istifadəyə dair bəyanatların artması, silahlara nəzarət sazişlərinin zəifləməsi və qlobal təhlükəsizlik tarazlığında yaranan çatlar səbəbindən dünya daha yüksək nüvə münaqişəsi riski ilə üz-üzədir.

Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumu olan Şanqri-La Dialoqunda Çin nümayəndə heyətinə rəhbərlik edən Milli Müdafiə Universitetinin müəllimi, general-mayor Mın Syançin forum çərçivəsində təşkil olunan “Strateji Sabitliyə Yönəlmiş Risklərin İdarə Edilməsi” adlı sessiyada çıxış edib.

General-mayor Mın deyib: “İsraildə bir kabinet naziri Qəzzada nüvə silahından istifadə edilməsinə dair şokedici təklif irəli sürüb. Bu, nüvə müharibəsi təhlükəsinin heç də uzaqda olmadığını göstərir”.

İsrailin ifrat sağçı İrs naziri Amihay Eliyahu 2025-ci il noyabrın 5-də qatıldığı radio proqramında nüvə bombasından istifadənin Qəzzaya qarşı mümkün variantlardan biri olduğunu söyləmişdi.

Nüvə Silahlarının Yayılması Riski Artır

Nüvə silahlarına nəzarət, tərksilah və yayılmanın qarşısının alınmasına dair beynəlxalq mexanizmlərin son dövrdə ciddi şəkildə zəiflədiyinə diqqət çəkən Mın bildirib ki, nüvə silahlarına nəzarətlə bağlı bəzi təminatlar artıq aradan qalxıb.

Mın dünyanın ən çox nüvə silahına malik iki ölkəsi olan ABŞ və Rusiyanın “Yeni START” Müqaviləsinin (Strateji Silahların Azaldılması Müqaviləsi) müddətinin başa çatmasından sonra heç bir razılaşmanın, yoxlama mexanizminin və dialoqun olmadığı boşluğa daxil olduğuna diqqət çəkib.

ABŞ-nin Sovet Rusiyası ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Müqavilələrinin (START I və START II) davamı xarakteri daşıyan “Yeni START” Müqaviləsi 2010-cu ildə imzalanmışdı. Uzaqmənzilli nüvə döyüş başlıqları və raketlərə məhdudiyyətlər qoyan müqavilənin müddəti fevralın 5-də başa çatıb.

Çinli general əlavə olaraq vurğulayıb ki, ABŞ və Böyük Britaniyanın Avstraliya ilə AUKUS sazişini imzalayaraq bu ölkənin nüvə enerjisi ilə işləyən sualtı qayıqlar hazırlamasına dəstək verməsi və Yaponiyanın pasifist konstitusiyasını, eləcə də “üç nüvəsizlik prinsipi”ni dəyişdirərək müttəfiqlərinin ərazisində nüvə silahlarının yerləşdirilməsinə imkan yaratmaq istiqamətində addımlar atması nüvə silahlarının yayılması riskini artırır.

Kosmos, kiberməkan və süni zəka kimi yeni sahələrin hərbiləşdirilməsinin sürətləndiyinə diqqət çəkən Mın deyib: “Yeni texnologiyaların hərbiləşdirilməsi ənənəvi nişanalma qaydalarına və müharibə etikasına meydan oxuyur, nəzarətin itirilməsi riskini artırır”.

Strateji Sabitlik

Mın forum çərçivəsində ABŞ-nin müdafiə naziri Piter Heqsetin çıxışı ilə bağlı da fikirlərini bölüşüb.

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı Prezident Si Cinpin ilə keçirdiyi görüşdə iki ölkə liderinin konstruktiv strateji sabitlik münasibətləri qurmaq barədə razılığa gəldiyini xatırladan Mın bildirib ki, bu razılaşmaya uyğun olaraq iki ölkənin orduları arasındakı münasibətləri sağlam, sabit və davamlı istiqamətdə inkişaf etdirməyə hazırdırlar.

Donald Tramp mayın 13-dən 15-dək Çinə rəsmi səfər etmişdi. Səfər zamanı liderlər iki ölkə arasındakı münasibətlərin orta müddətli perspektivdə qarşıdurmasız şəkildə idarə olunması məqsədilə “konstruktiv strateji sabitlik münasibətləri” adlandırılan formul üzərində razılığa gəldiklərini açıqlamışdılar.

General-mayor Mın bildirib ki, strateji sabitlik bütün ölkələrin milli təhlükəsizliyinin təməl daşıdır, lakin müasir dünya ciddi çağırışlarla üzləşir.

O qeyd edib: “Bəzi ölkələr mütləq strateji üstünlük əldə etmək üçün güc siyasətinə müraciət edir, hegemonluq ambisiyaları isə regional təhlükəsizliyin əsaslarını sarsıdır. Bu vəziyyət bloklar arasında qarşıdurmanı artırmaqla yanaşı, beynəlxalq və regional silahlanma yarışına, həmçinin regional münaqişələrin sayının artmasına səbəb olur”.

Şanqri-La Dialoqu

Baş qərargahı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkil etdiyi və Sinqapurda keçirilən Şanqri-La Dialoqu mayın 31-də başa çatıb.

Bu il 23-cü dəfə keçirilən tədbirdə Asiya-Sakit Okean regionu, Şimali Amerika, Avropa və Yaxın Şərqdən hökumət nümayəndələri, müdafiə nazirləri, hərbi rəsmilər və təhlükəsizlik üzrə mütəxəssislər iştirak ediblər.

Ötən ildə olduğu kimi Çin bu forumda müdafiə naziri səviyyəsində təmsil olunmayıb. Bunun əvəzində Milli Müdafiə Universitetinin rəhbərliyi altında formalaşdırılmış hərbi nümayəndə heyəti ölkəni təmsil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Dünya   Nüvə-təhdidi  


Bizi "telegram"da izləyin