Haluk Görgün Yaponiyada müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

2026/06/1781640881.jpg
Oxunub: 163     00:13     17 İyun 2026    
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Yaponiyanın paytaxtı Tokio və Kobe şəhərlərində bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Haluk Görgün Yaponiyanın müdafiə naziri, Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin və Dəniz Özünümüdafiə Qüvvələrinin komandanları ilə görüşüb. O, həmçinin Yaponiya Müdafiə Avadanlıqları və Texnologiyaları Agentliyinin (ATLA) rəhbəri və qurumun digər nümayəndələri ilə danışıqlar aparıb.

Açıqlamada yer alan fikirlərində Haluk Görgün Türkiyə ilə Yaponiya arasındakı münasibətlərin köklü dostluq, qarşılıqlı hörmət və etimad əsasında formalaşdığını bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr tarixi dostluq və strateji tərəfdaşlıq anlayışı əsasında bu gün daha geniş əməkdaşlıq perspektivinə malikdir.

“Biz müdafiə sənayesi sahəsindəki təmaslarımızı da bu anlayışa uyğun şəkildə uzunmüddətli və institusional əməkdaşlıqlarla gücləndirmək istəyirik”, - deyə Görgün vurğulayıb.

O qeyd edib ki, Türkiyə Yaponiya ilə strateji tərəfdaşlığı yüksək texnologiyalar, keyfiyyət, etimad və qarşılıqlı fayda prinsipləri əsasında müdafiə sənayesi sahəsində daha konkret əməkdaşlıq layihələrinə çevirməyi hədəfləyir.

Haluk Görgün bildirib ki, Yaponiyanın mühəndislik, keyfiyyət və texnologiya mədəniyyəti Türkiyənin innovativ müdafiə sənayesi ekosistemi ilə mühüm tamamlayıcılıq təşkil edir.

“Yaponiyanın yüksək texnologiyalara əsaslanan istehsal imkanları ilə Türkiyənin çevik, innovativ və real əməliyyat şəraitində özünü sübut etmiş müdafiə sənayesi təcrübəsi arasında güclü sinerji potensialı görürük. Görüşlərimiz zamanı bu potensialı elmi-tədqiqat və təcrübə-konstruktor işləri, təchizat zənciri, sistem inteqrasiyası və qabaqcıl texnologiyalar sahəsində konkret əməkdaşlıq istiqamətlərinə çevirməyi hədəfləyirik”, - deyə o əlavə edib.

KHI və NEC müəssisələrində texniki araşdırmalar

Səfər çərçivəsində Haluk Görgün Kobe şəhərində yerləşən KHI “Kobe Works” və Tokiodakı NEC “Fuchu” müəssisələrini də ziyarət edib. Görüşlər zamanı qabaqcıl istehsal texnologiyaları, elektron sistemlər, rabitə infrastrukturunun inkişafı, sistem inteqrasiyası və müdafiə texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görgün bildirib ki, ATLA, KHI və NEC ilə keçirilən görüşlər qarşılıqlı imkanların daha yaxından qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Məqsədimiz hər iki ölkənin sənaye və texnologiya qurumları arasında davamlı, etibarlı və qarşılıqlı fayda yaradan əməkdaşlıq mühiti formalaşdırmaqdır”, - deyə o qeyd edib.

Türk-Yapon Cəmiyyətinin 100 illik yubiley tədbirində iştirak

Haluk Görgün Yaponiyadakı proqramı çərçivəsində şahzadə Akiko Mikasanın iştirakı ilə keçirilən Türk-Yapon Cəmiyyətinin 100 illik yubiley qəbuluna da qatılıb. O bildirib ki, Türkiyə-Yaponiya münasibətləri yalnız rəsmi və institusional əlaqələrdən ibarət deyil.

“İki ölkə arasındakı dostluq münasibətlərimizin ən dəyərli dayaqlarından biridir. Ümid edirik ki, bu səfər müdafiə sənayesi sahəsində əməkdaşlıq axtarışlarına töhfə verməklə yanaşı, xalqlarımız arasındakı mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Görgün vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə   Yaponiya  


Bizi "telegram"da izləyin