“Ermənistanın məqsədi Rusiyaya ixracı Avropa istiqamətinə yönəltmək deyil” - Papoyan

2026/06/1781635924.jpg
Oxunub: 194     22:51     16 İyun 2026    
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvertin erməni tərəfinin göndərilən məktubları cavabsız qoyması ilə bağlı açıqlamasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Papoyan “Armenpress” agentliyinə müsahibəsində rəhbərlik etdiyi nazirliyin strateji tərəfdaş olan Rusiya Federasiyasının hər hansı dövlət qurumundan daxil olan məktubu cavabsız qoymasını qəti şəkildə istisna edib.

Erməni nazir vurğulayıb ki, Ermənistan İqtisadiyyat Nazirliyi heç bir məktubu cavabsız saxlamır, xüsusilə də Ermənistanın strateji tərəfdaşlıq münasibətlərində olduğu bir ölkənin dövlət qurumlarından gələn müraciətləri.

“Mən bunu istisna edirəm. Hesab edirəm ki, həmin şərhdə və ya məlumatda müəyyən anlaşılmazlıq var. Rusiya Federasiyasındakı tərəfdaş qurumlardan məktub alıb onu cavabsız qoymağımız mümkün deyil. Biz bütün sistemi yenidən yoxlamışıq və cavabsız qalan belə bir məktubumuz yoxdur. Strateji tərəfdaş olan Rusiya Federasiyasının hər hansı dövlət qurumundan məktub alıb ona nə cavab verməməyimizi, nə də lazımi diqqət göstərməməyimizi təsəvvür etmirəm”, - deyə Papoyan bildirib.

Ermənistanın iqtisadiyyat naziri yaxın bir ay ərzində iki dəfə Rusiyaya səfər edəcəyini də açıqlayıb.

Onun sözlərinə görə, müxtəlif tərəfdaşlarla görüşlər planlaşdırılıb və bütün məsələlər masa arxasında müzakirə olunacaq.

“Düşünürəm ki, bütün məsələləri müzakirə etmək mümkündür və lazımdır. Bütün problemlər Rusiya ilə koordinasiyalı iş nəticəsində həll oluna bilər. Bununla belə, tərəfdaşlarımızın qaldırdığı və hələ lazımi cavab almadığı məsələlərin olmasını da istisna etmirəm. Hansı məsələlərdən söhbət getdiyini müəyyən edib onları İqtisadiyyat Nazirliyinin gündəminə daxil etməli və həll etməliyik”, - deyə Papoyan vurğulayıb.

Erməni nazir son dövrlərdə Rusiyanın Ermənistanda istehsal olunan bir sıra məhsulların idxalına tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və bunun erməni ixracatçılarına təsiri barədə də danışıb.

Papoyan qeyd edib ki, nazirlik özəl bizneslə fəal işləyir və Ermənistan ixracını müəyyən dərəcədə şaxələndirməyə nail olub.

“Bir sıra məhsul istiqamətləri üzrə Rusiyaya ixrac faktiki olaraq dayanıb və bu, müəyyən şok vəziyyəti yaradıb. Lakin qeyd etməliyik ki, İqtisadiyyat Nazirliyi özəl sektorla aktiv işləyir və ixracı əhəmiyyətli dərəcədə şaxələndirməyə nail olmuşuq”, - deyə o bildirib.

Onun sözlərinə görə, ötən ilin iyunun 1-15-i arasında hazırda məhdudiyyət altında olan məhsullar üzrə Ermənistandan ixracın həcmi 2300-2400 ton təşkil edib və bunun 90 faizdən çoxu Rusiyaya göndərilib.

“Hazırda isə həmin məhsullar üzrə ixrac təxminən 1900 ton təşkil edir. Bəli, azalma var, lakin bu azalma gözlənildiyi qədər böyük deyil. Rusiyaya göndərilən məhsulların böyük hissəsi indi Avropa ölkələrinə, Ukraynaya, Gürcüstana və digər bazarlara yönləndirilir. Coğrafiya daha genişdir. Problemlər mövcuddur, lakin onların miqyası əvvəlcədən ehtimal edilən səviyyədə deyil. Faktiki olaraq məhsulların 70 faizdən çoxu başqa ölkələrə ixrac olunur”, - deyə Papoyan bildirib.

Erməni nazir qeyd edib ki, hökumət ixracatçılara dəstək üçün bir sıra proqramlar hazırlayıb.

“Xüsusilə ixrac zamanı hər kiloqram, hər ədəd və ya hər litr məhsula görə konkret dəstək veririk. Gömrük rüsumlarından azad etmişik və bu ödənişləri dövlət qarşılayır. Bundan əlavə, istixana təsərrüfatları, fermerlər və intensiv bağçılıq təsərrüfatları üçün kredit dəstəyi proqramları hazırlamışıq.

Bura bəzi hallarda kredit faizlərinin subsidiyalaşdırılması, bəzi hallarda kreditlərin ödəniş müddətinin uzadılması, güzəşt müddətlərinin artırılması və güzəştli kreditləşmə şərtləri daxildir”, - deyə o bildirib.

Papoyanın sözlərinə görə, məqsəd ötən ilki ixrac göstəricilərinə yenidən çatmaqdır.

Erməni nazir, həmçinin Rusiya ilə bağlı problemlərin həll olunacağına və ixracın yenidən böyük həcmdə bərpa ediləcəyinə ümid etdiyini bildirib.

Papoyan Avropa İttifaqının Ermənistana göstərdiyi dəstəyi də yüksək qiymətləndirib.

“Bu çətin günlərdə Avropadakı tərəfdaşlarımızın dəstəyini almağımız sevindiricidir və bu, çox vacibdir. Məqsədimiz ixracı şaxələndirməkdir. Biz yalnız Avropaya deyil, Yaxın Şərqə, Çinə, Asiya bazarlarına və Rusiya Federasiyasına da ixrac etmək istəyirik. Bütün bazarlar bizim üçün vacib və prioritetdir.

Avropa İttifaqının dəstəyini yüksək qiymətləndiririk, lakin vurğulamaq istəyirəm ki, məqsədimiz Rusiyaya ixracı Avropa istiqamətinə keçirmək deyil”, - deyə erməni nazir bildirib.

Papoyan sonda Ermənistan-Rusiya siyasi, iqtisadi və humanitar əlaqələrinin öz rolunu oynayacağına və Rusiya bazarının Ermənistan məhsulları üçün yenidən açılacağına inandığını qeyd edib.

“Mən iki strateji tərəfdaş dövlət arasında münasibətləri başqa cür təsəvvür etmirəm. Bəli, müəyyən problemlər var, lakin hesab edirəm ki, onlar həll oluna bilər və həll olunmalıdır. Eyni iqtisadi birlikdə olan ölkələr arasında problemlər yarana bilər, amma həmin iqtisadi birlik onların həllinə də kömək etməlidir.

Bizim məqsədimiz rusiyalı tərəfdaşlarla uyğun həll mexanizmləri tapmaq və ixracın yenidən bərpasına nail olmaqdır. Çünki biz də hesab edirik ki, Ermənistan Respublikasından dost ölkələrə və ümumilikdə bütün istiqamətlərə keyfiyyətli məhsullar ixrac olunmalıdır”, - deyə Papoyan sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya Ermənistanda 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri ərəfəsində bir sıra erməni məhsullarının idxalına məhdudiyyətlər və qadağalar tətbiq edib və bu məhdudiyyətlər hazırda da qüvvədə qalır.

Bu məhdudiyyətlər fonunda Ermənistan ixrac bazarlarını Avropa İttifaqı və digər istiqamətlər üzrə şaxələndirməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin