1066-cı ildə Normanların İngiltərəni fəth etməsindən 1815-ci ildə Napoleon müharibələrinin sonuna qədər Fransa ilə İngiltərə/Britaniya arasında onlarca müharibə baş verib. Ancaq sonuncu Anqlo-Fransız qarşıdurması əslində İkinci Dünya Müharibəsi zamanı baş verib. Bu münaqişə 23 sentyabr 1940-cı ildə Britaniyanın “Menace Əməliyyatı” çərçivəsində Dakar Döyüşünü başladığı andan etibarən baş qaldırdı.
Plan Almaniyayönlü Vişi Fransasının nəzarətində olan Fransız Qərbi Afrikasındakı strateji Dakar limanını ələ keçirmək idi. Plan uğursuz oldu və Dakar Vişi hakimiyyətinin nəzarətində qaldı, lakin hədəflərdən biri də sürətli döyüş gəmisi “Rişelye” idi.
“Rişelye” Döyüş Gəmisi – Qısa Tarixçə
Armand Jan dyü Plessis, Rişelye hersoqu və daha çox Kardinal Rişelye kimi tanınan şəxsin adını daşıyan bu döyüş gəmisi, italyanların “Littorio” sinfinə cavab olaraq inşa edilmiş yeni sinifin aparıcı gəmisi idi. Fransız döyüş gəmisi müasir olsa da, qeyri-adi dizayna malik idi: əsas artilleriyası – hər biri dörd ədəd 15 düymlük topla silahlanmış iki iri qüllə – superstrukturdan tamamilə əvvəl, yəni gəminin ön hissəsində yerləşdirilmişdi. Bu yerləşmə, nəzəri olaraq zirehli örtüyün (və ya zirehli müdafiə kəmərinin) ümumi uzunluğunu azaltmaq və beləliklə, gəminin ümumi çəkisində qənaət etmək məqsədi daşıyırdı. Lakin dizaynerlər iki qüllə arasındakı məsafəni artırmaqla hər iki qüllənin bir zərbə ilə sıradan çıxmasının qarşısını almaq istədikləri üçün bu qənaət faktiki olaraq itmişdi.
Əsas narahatlıq o idi ki, əgər bir qüllə sıradan çıxsa, gəmi ümumi atəş gücünün əlli faizini itirəcəkdi. Bununla belə, hər bir qüllə 45 mm qalınlığında olan bir arakəsmə ilə iki hissəyə bölünmüşdü. Hər bir hissədə iki ədəd 15 düymlük top yerləşirdi və bu toplar özünəməxsus sursat anbarlarından təmin olunurdu. Beləliklə, bu iki hissəni birləşdirən yeganə ortaq element “barbette” adlanan dönər qüllənin əsas dayağı idi.
“Rişelye” həmçinin superstruktura yaxın yerləşdirilmiş hər biri üç ədəd 6 düymlük toplarla təchiz olunmuş üç dönən qüllə ilə silahlandırılmışdı. Bundan əlavə, gəmi kəşfiyyat və artilleriya atəşi düzəlişləri üçün istifadə edilə bilən dörd təyyarə daşıya bilən təyyarə göyərtəsi və daxili anqara sahib idi.
İkinci Dünya Müharibəsi
Bu döyüş gəmisi 1940-cı ilin aprelində istismara verildi və Almaniyanın ildırımsürətli hücumu nəticəsində Fransanın tez bir zamanda məğlub olduğu döyüşlərdən bir neçə gün əvvəl tamamlandı. “Rişelye” fransızların nəzarətində qalması üçün Dakara köçürüldü. Lakin britaniyalılar bu gəminin almanların əlinə keçə biləcəyindən qorxurdu.
London ümid edirdi ki, gəmi heyəti “Azad Fransa Donanması”na qoşulacaq və ya ən pis halda gəmini batıracaq. Lakin heyət heç birini etmədikdə, britaniyalılar bir sıra hücumlar təşkil etdilər.
Vişi-Fransa donanmasına aid olan bu döyüş gəmisi zədələnsə də, tədricən bərpa olundu.
1942-ci ilin noyabrında Amerika və Britaniya qüvvələri “Torç Əməliyyatı” çərçivəsində Şimali Afrikaya çıxma əməliyyatına başladıqda Almaniya Vişi Fransasını işğal etdi. Fransız Donanmasının Baş Qərargah rəisi admiral Fransua Darlan gəmini “Azad Fransa”ya təhvil verməkdən imtina etmiş və onun Dakarda qalmasını əmr edmişdi. Lakin nəhayət o da Fransa donanması ilə birlikdə müttəfiqlərin tərəfinə keçmək qərarına gəldi.
Hərçənd Almaniya və İtaliyanın hələ də bir sıra döyüş gəmiləri mövcud idi və Birləşmiş Ştatlar artıq əlavə döyüş gəmisinə ehtiyac duymurdu. ABŞ həm Sakit Okean müharibəsi, həm də Atlantikadakı müttəfiq fəaliyyətləri üçün kifayət qədər sürətli döyüş gəmiləri inşa etmişdi. Buna baxmayaraq, Fransanın yeganə döyüş gəmisinin müharibə üçün vacib olmasa da, ölkənin milli nüfuzunun simvoluna çevrilə biləcəyi və Aralıq dənizində İtaliyanın üç döyüş gəmisinə qarşı Britaniya donanmasını gücləndirə biləcəyi anlaşıldı.
Beləliklə, “Rişelye” gəmisinin modernləşdirilməsi üçün Nyu-Yorka göndərilməsi qərara alındı. Yenidənqurma zamanı gəmi müasir hava və səth radar sistemləri ilə təchiz edildi və əlavə artilleriya silahları quraşdırıldı. Daha sonra o, Norveç sahillərindəki əməliyyatlarda iştirak etdi.
Maraqlıdır ki, bu Fransız döyüş gəmisi Normandiya çıxarmalarında iştirak etmədi. Bu, qismən onun artilleriya platforması kimi zəif performans göstərməsi ilə əlaqəli idi. Onun əvəzinə gəmi Britaniya Şərq Donanmasının tərkibinə qatıldı və Uzaq Şərqdə bir sıra əməliyyatlarda iştirak etdi.
Növbəti təmir işlərindən sonra o, Yaponiyanın təslim olması mərasimində Tokio limanında Fransanı təmsil etdi və “Güc nümayişi” adlı müttəfiq donanma şousunda iştirak etdi. Daha sonra o, Fransanın kolonial hakimiyyətini bərpa etmək üçün Hind-Çinə qoşun daşıyan konvoyu müşayiət etdi və Birinci Hind-Çin müharibəsi zamanı sahil hədəflərinə atəş açmaqda istifadə olundu. Gəmi 1960-cı illərdə təlim gəmisi kimi xidmət göstərdi və 1968-ci ildə İtaliyanın Genuya şəhərində metal üçün kəsildi.
“Rişelye” döyüş gəmisi həm Osyalar, həm də Müttəfiqlər tərəfindən istifadə olunmuş nadir gəmilərdən biri oldu, lakin heç bir düşmən gəmisini batırmadı. Bundan əlavə, o, ən çox ziyanı nə Almaniyadan, nə də Yaponiyadan, məhz Britaniyadan aldı.
Dəyanət Ağalarlı
Ordu.az