Gülüstan qalası: Şirvanşahların hərbi-siyasi mərkəzi

2026/02/Ekran-1772044828.jpg
Oxunub: 382     11:56     02 İyun 2026    
Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan, əsası Şirvanşahlar dövləti tərəfindən qoyulan Gülüstan qalası tariximizin hələ tam açılmayan möhtəşəm, həm də sirli xəzinələrindəndir. Qalanın tikildiyi dövr haqqında hələlik dəqiq məlumat yoxdur.

Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, sıldırım qayalı bir dağın zirvəsində tikilib. Əngəxaran kəndinin yaxınlığında yerləşir. Vaxtilə Şirvanşahların qərargahı və hərbi istehkam məntəqəsi olan bu qala tarix boyu baş verən vuruşmalar və zəlzələlər nəticəsində tamamilə uçulub-dağılıb. İndi onun yalnız bəzi bürclərinin, divarlarının və binalarının xarabalıqları qalıb.

Qalanı şərq tərəfdən Pirdirəki dağı əhatə edir. Sıldırım qayalı bir dərə Pirdirəki dağını Gülüstan qalasının yerləşdiyi dağdan ayırır. Dağın cənub ətəyində Xınıslı kəndi, qərb tərəfində isə 6-7 km məsafədə Meysər dağı və Meysəri kəndi yerləşir. Gülüstan qalasında tikilmiş istehkamlar əsas etibarilə iki hissədən ibarətdir: birincisi, qalanın yerləşdiyi dağın yuxarısındakı keçmiş şəhər yerini əhatə edən və yaxınlıqdakı Xınıslı kəndindən aydın görünən ön istehkamlardır. İkincisi isə dağın ən yüksək zirvəsində tikilən və uzaqdan kəsilmiş konusa bənzəyən iç qalanın - "Narın qalanın" istehkamlarıdır.

Qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qalanın divarları və bürcləri yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.

Gülüstan əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub və şahın xəzinəsi burada qorunub. Düşmən hücumları zamanı hökmdar və onun ailəsi də bu qalada müdafiə olunub. Azərbaycan hərb tarixində şanlı iz qoyan Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına mərdliklə sinə gərib. Əlbəttə, amansız müharibələr və dağıdıcı zəlzələlər bu yerdən də izsiz ötüşməyib. Lakin buna baxmayaraq, qalanın iki bürcü və qala divarlarının bir hissəsi zəmanəmizədək gəlib çatıb.

Mənbələrdə Gülüstan qalası haqqında ilk məlumat VIII əsrə təsadüf edir. Ərəb tarixçisi Təbərinin məlumatına görə 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən "Qaleyi Duxteran"ı (Qız qalası. Yerli sakinlər Gülüstan qalasına Qız qalası da deyirlər) tutaraq dağıdıb. Şirvanşahlar tərəfindən bərpa edilən Gülüstan qalası 1123-cü ildə Səlcuq sultanı Mahmud (1118-1131) tərəfindən yenidən dağıdılıb. Bir qədər sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149) bacısı Şahbanu tərəfindən bərpa edilib.

XII əsr dahi Azərbaycan şairi Xaqani Şirvani qəzəllərinin birində Gülüstan qalasını Kəbə yaxınlığındakı Buqbeys dağına bənzədib. 1222-ci ildə monqollar Şamaxını işğal edərkən Şirvanşah ailə üzvləri ilə Gülüstan qalasında sığınacaq tapıb.

XV əsrdə Şirvana hücum edən səfəvi şeyxləri Cüneyd və Heydər Gülüstan qalasını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər.

XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin Şirvana hücumu zamanı (1500-cü il) Gülüstan qalası möhkəm hərbi istehkam rolunu oynayıb.

1537-ci ildə I Təhmasib Şirvana hücum edərkən Şirvanşah Şahrux əvvəl Gülüstan, sonra isə Buğurt qalasına çəkilib. Bir il sonra Səfəvilər Buğurt qalasını tutaraq Şirvanşah Şahruxu əsir alıb və Şirvanşahlar dövlətinin varlığına son qoyublar. Buğurt qalasının işğalından sonra səfəvilər Gülüstan qalasını tutaraq dağıdıblar. Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlılar tərəfindən zəbt edilən Gülüstan qalası qismən bərpa edilsə də, XVII əsrin əvvəllərində I Abbas tərəfindən tamamilə dağıdılıb.

Gülüstan qalasının arxeoloji baxımdan tədqiqi XX əsrin 30-cu illərindən başlanıb. 1938-ci ildə professor Y.A.Paxomov burada kəşfiyyat işləri aparıb və qalanın su təchizatı, müdafiə sistemi, gizli yolları haqqında maraqlı mülahizələr irəli sürüb.

1967-ci ildə arxeoloq H.Ciddi Gülüstan qalasının Narınqala hissəsində arxeoloji tədqiqat işləri apararkən dörd otaq və dəhlizin divarlarını üzə çıxarıb. Qazıntılar zamanı XII əsrə aid maddi-mədəniyyət nümunələri - şirli və saxsı qablar, çıraqlar, ox və nizə ucluqları, əmək alətləri və s. aşkar edilib.

2010-cu ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat zamanı İlk Orta və Orta əsrlərə aid müxtəlif təyinatlı tikililərin qalıqları, çoxlu sayda müxtəlif ölçülü şirli və şirsiz qab fraqmentləri, yerli və xarici ölkə istehsalı olan saxsı qablar və kaşılar, şüşə və pastadan hazırlanan muncuqlar, şüşə qolbaqlar, əmək alətləri və silah nümunələri, su xətti, daş kitabə, gümüş və mis sikkələr, insan skeleti, heyvan sümükləri aşkara çıxarılıb. Gülüstan qalasından ən qədim tapıntılar IV əsrə aid Bizans imperatoru I Konstantinin mis sikkələridir.

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gülüstan-qalası  


Bizi "telegram"da izləyin