“İran ilə ABŞ arasında sülh sazişi İsraildə xəyanət kimi qəbul oluna bilər” - Ehud Olmert

2026/06/1781627451.jpg
Oxunub: 208     20:28     16 İyun 2026    
İsrailin keçmiş Baş naziri Ehud Olmert İrlandiyanın RTÉ televiziya kanalına müsahibəsində bildirib ki, İran ilə ABŞ arasında mümkün sülh sazişi İsraildə “xəyanət” kimi qiymətləndirilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Olmert ABŞ və İran arasında gözlənilən razılaşmanı şərh edərkən danışıb.

“Mənim fikrimcə, Netanyahunun ilkin mövqeyi baxımından bu, xəyanət kimi yozula bilər. Halbuki o bunu heç vaxt etiraf etməyəcək, çünki o, Prezident Trampla münasibətlərindən və onun dəstəyindən tam asılıdır”, - deyə Olmert bildirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl İranın regiondakı silahlı proksi qruplara dəstəyinin dayandırılması və raket proqramının məhdudlaşdırılmasını İrana qarşı müharibənin əsaslandırılması üçün məqsəd kimi təqdim edirdilər.

Olmertin fikrincə, gözlənilən danışıqların gündəliyində bu məsələlərin heç biri yer almır.

Bununla yanaşı, o vurğulayıb ki, mümkün sazişi qiymətləndirərkən ehtiyatlı olmaq lazımdır, çünki onun bütün detalları hələ məlum deyil.

“Biz bütün məqamları bilmirik. Amma görünən odur ki, fevralın 28-də hərbi əməliyyatların başlanğıcında ABŞ və İsrailin ilkin gözləntiləri ilə ABŞ və İran arasında mövcud olan hazırkı anlaşma arasında böyük fərq var. Hazırkı anlaşma əvvəl güman ediləndən daha az məzmunludur”, - deyə o bildirib.

Olmert qeyd edib ki, İsrail ilə Livan arasında razılaşma əldə olunması üçün “qapı açıqdır” və əlavə edib ki, İsrail Cənubi Livandan qoşunlarını çıxarmalıdır.

Onun sözlərinə görə, Livan hökuməti müasir tarixdə ilk dəfə olaraq İsraillə sülh danışıqlarına hazır olduğunu bəyan edib.

“Bizim Cənubi Livanda heç bir əraziyə ehtiyacımız yoxdur. Biz oranı tərk etməliyik. Livan hökuməti ilə danışıqlar prosesi çərçivəsində qoşunlarımızı Cənubi Livandan tam çıxarmalı, bütün zəruri ərazi tənzimləmələrini həyata keçirməli və sülh əldə etməyə çalışmalıyıq. Ola bilsin ki, Livan hökuməti ilə əməkdaşlıq çərçivəsində hələ də çox təhlükəli və ciddi terror təşkilatı olan, təkcə İsrailə deyil, Livanın özünə də təhdid yaradan “Hizbullah”ın silahsızlaşdırılmasına fəal şəkildə nail olaq. Biz Livanla əməkdaşlıq edə bilərik, Cənubi Livanın hər hansı hissəsini işğal etmək əvəzinə”, - deyə Olmert vurğulayıb.

İsrailin keçmiş Baş naziri eyni zamanda bildirib ki, Donald Trampın bəyanatlarına dəyişməz mövqe kimi yanaşmaq olmaz. Onun sözlərinə görə, Tramp İran rəhbərliyi ilə bağlı bir-birinə zidd açıqlamalar verib.

“Bir neçə gün sonra qayıdın və ona dediklərini xatırladın. O zaman həmin sözlər onun həmin an dediklərinin tam əksi olacaq və bu, davam edəcək”, - deyə israilli siyasətçi bildirib.

Olmert qeyd edib ki, bir zərbə nəticəsində İran rejiminin süqut edəcəyini gözləmək qeyri-real idi.

O vurğulayıb ki, ABŞ və İsrailin ilkin hücumdan sonrakı dövr üçün strategiyası olmayıb və iki ölkə arasındakı tərəfdaşlığın mahiyyətini də sual altına alıb.

“Demək olar ki, Prezident Tramp Benyamin Netanyahunu çox sərt ifadələrlə tənqid edirsə, onda onlar ümumiyyətlə necə birlikdə müharibəyə başlayıblar? İsrailin ABŞ ilə birlikdə müharibəyə getməsinin səbəbini anlamaq daha asandır. Əlbəttə, əgər sən dünyanın ən güclü dövləti ilə birlikdəsənsə, demək olar ki, hər şeyi əsaslandırmaq mümkündür. Amma mən hesab edirəm ki, İsrail və ABŞ tərəfindən formalaşdırılmış ilkin gözləntilər – mən Trampın və daha sonra Netanyahunun bütün əsas bəyanatlarını xatırlayıram – qeyri-real, ciddi olmayan və düşünülməmiş idi. Növbəti gün üçün heç bir strategiya yox idi, ilkin hücumdan sonra nə baş verəcəyinə dair anlayış da yox idi”, - deyə Olmert bildirib.

O bir daha vurğulayıb ki, bir hərbi zərbə nəticəsində İranın çökəcəyini gözləmək “ciddi yanaşma deyildi”.

“Rejimin dağılacağı gözləntisi qeyri-real idi. Son 50 ildə çoxsaylı çətinliklərə və çağırışlara tab gətirmiş güclü idarəetmə sisteminə malik, 90 milyon əhalisi olan İran kimi bir ölkənin bir hərbi zərbə nəticəsində, nə qədər ağrılı olsa da, süqut edəcəyini düşünmək ciddi yanaşma deyil”, - deyə İsrailin keçmiş Baş naziri qeyd edib.

O əlavə edib ki, həm amerikalılar, həm də iranlılar “müharibədən əvvəlki vəziyyətə qayıtmaq üçün məqbul yol axtarırdılar”.

“Və iranlılar bu prosesdən çox uğurlu şəkildə çıxdılar”, - deyə Olmert bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin