“Torpağa can Canpolad” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

2026/06/55bfa-7122988196.jpg
Oxunub: 224     15:51     06 İyun 2026    
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Ağaverdi oğlu Əsgərovun əziz xatirəsinə həsr olunmuş və yazıçı Sevinc Azadlının qələmə aldığı "Torpağa can Canpolad" adlı kitabının təqdimat mərasimi keçirilib.

Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra kollecin direktoru Asəf Ruşanov kitabın gənc nəsil üçün qiymətli vətənpərvərlik dərsliyi olduğunu vurğulayıb. O, tarixi yaddaşımızı qorumağın, şəhidlərimizin adını uca tutmağın həm insani, həm də milli borc olduğunu qeyd edib. Direktor kollecin tələbələrini, məhz belə qəhrəmanlıq dastanlarından nümunə götürərək yetişdiklərini diqqətə çatdırıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova Canpolad Əsgərov kimi igid şəhidlərimizin göstərdiyi şücaətin Azərbaycan gəncliyi üçün bir məktəb olduğunu bildirib. O, torpaqlarımızın belə fədakar oğulların qanı-canı sayəsində azad nəfəs aldığını vurğulayıb.

Yazıçılar birliyinin sədri Asim Yadigar isə şəhidlərin qəhrəmanlığını ədəbiyyat vasitəsilə gələcək nəsillərə ötürməyin vacibliyini bildirib. O, "Torpağa can Canpolad" əsərinin hər sətirində bir qəhrəmanın ruhunun yaşadığını bildirib. Yazıçı Sevinc Azadlının bu dəyərli əsərlə şəhidimizin adını söz sənətində də əbədiləşdirdiyini diqqətə çatdırıb.

Daha sonra şairə Təranə Arifqızı ürək sözlərini vətənpərvərlik ruhunda bölüşüb. O, Canpolad Əsgərov kimi şəhidlərimizin adının Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Şairə şəhidlərin ölməzliyini tərənnüm edən fikirləri ilə tədbirə xüsusi lirik ovqat qatıb.


Naxçıvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov şəhidlərin əziz xatirəsinin dövlət səviyyəsində hər zaman uca tutulduğunu qeyd edib. O, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirənlərlə işin təşkili istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb. Şöbə müdiri Canpolad Əsgərovun adının Naxçıvan şəhərində hər zaman ehtiramla anılacağını və gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin mütəmadi dəstəklənəcəyini vurğulayıb.

Radio redaktoru Naminə Məhərrəmova qəhrəman şəhidimizi böyüdən ananın mətanətini və bir övladı Vətənə qurban verməyin ucalığını xüsusi qeyd edib. O, şəhid ailəsinin göstərdiyi bu dəyanətin və sarsılmaz iradənin hər kəs üçün bir mərdlik nümunəsi olduğunu bildirib. Redaktor ananın fədakarlığının cəmiyyətə örnək olduğunu diqqətə çatdırıb.

Şəhidimizin bacısı Ramilə və qardaşı Ramin Əsgərovlar Canpoladla hər zaman fəxr etdiklərini, onun adının bu cür uca tutulmasının ailələri üçün böyük bir təsəlli olduğunu bildiriblər. Onlar qardaşlarının ailədə qayğıkeş, Vətənə və bayrağa sonsuz sevgi bəsləyən bir insan olduğunu xatırladıblar. Doğmaları göstərilən yüksək ehtirama və kitabın ərsəyə gəlməsində əməyi olanlara dərin minnətdarlıqlarını ifadə ediblər.

Kitabın müəllifi Sevinc Azadlı da çıxış edərək ərsəyə gələn yeni nəşr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Müəllif ekranlaşdırılan və yazılan bu cür əsərlərin şəhidlərimizin unudulmaz xatirəsinə mənəvi borc olduğunu vurğulayıb. O, kitabın hazırlanma prosesində göstərdikləri dəstəyə və igid şəhidimizin xatirələrini bölüşdüklərinə görə şəhid ailəsinə öz dərin minnətdarlığını bildirərək, onlara uca hörmət və ehtiramını ifadə edib.


Çıxışların ardından tələbələrin hazırladığı videoçarx nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və "Naxçıvan" xor qrupunun əzəmətli ifaları ilə tədbirə yekun vurulub. Sonda müəllif tərəfindən imzalanmış kitablar qonaqlara təqdim edilib və şəhid ailəsi ilə birlikdə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Canpolad Əsgərov Vətənin ağır günlərində könüllü olaraq cəbhəyə yollanmış, ilk döyüş yoluna doğma Naxçıvanın, xüsusilə Sədərəyin müdafiəsi ilə başlamışdır. O, mənfur düşmən hücumlarının qarşısının alınmasında, sərhədlərimizin qorunmasında böyük rəşadət nümayiş etdirmiş, daha sonra Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə də fəal iştirak etmişdir. Sədərək və Qarabağ uğrunda gedən bu qanlı döyüşlərdə son damla qanına qədər vuruşan Canpolad Əsgərov şəhidlik zirvəsinə ucalıb və Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Təqdim olunan bu yeni nəşr də ömrünü Vətənə fəda edən qəhrəmanın şərəfli döyüş yolunu gələcək nəsillərə ötürmək, onun xatirəsini əbədiləşdirmək baxımından böyük tarixi və bədii əhəmiyyət daşıyır.

Bəxtiyar Əliyev, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Canpolad-Ağaverdi-oğlu-Əsgərov   Şəhid  


Bizi "telegram"da izləyin