Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə bildirib.
"Bu həftə biz Aİ və Azərbaycan arasında gələcək ikitərəfli saziş (strateji tərəfdaşlıq haqqında - red.) üzrə məhsuldar danışıqlar raundu keçirdik. Danışıqların bu mərhələsinin məhz sizin şəhərinizdə başa çatması çox rəmzidir", - diplomat qeyd edib.
M.Kuyundziç vurğulayıb ki, bu il Aİ və Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi qeyd olunduğu üçün xüsusidir. O xatırladıb ki, 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq barədə Saziş siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq da daxil olmaqla ikitərəfli münasibətlərin hüquqi əsası olaraq qalır.
Eyni zamanda, səfir qeyd edib ki, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru statusu ilə qürur duyur və respublika ilə əməkdaşlığı gücləndirməyə davam etmək niyyətindədir.
Diplomat Gəncənin inkişafına göstərilən dəstəyi də xatırladıb:
"Belə ki, 2022-ci ildə şəhər "Global Covenant of Mayors" ("Merlərin Qlobal Razılaşması") təşəbbüsünə qoşulub, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Green Cities" proqramı çərçivəsində Azərbaycanın ilk pilot şəhəri olub".
Onun sözlərinə görə, EBRD Gəncədə su təchizatı və tullantı sularının kənarlaşdırılması sistemlərinin modernləşdirilməsi proqramının həyata keçirilməsi üçün 35 milyon avro məbləğində kredit ayırıb. Bundan əlavə, "Eastern Europe Energy Efficiency and Environment Partnership" proqramı çərçivəsində şəhər enerji səmərəliliyi sahəsindəki layihələr üçün 7 milyon avrodan çox maliyyə vəsaiti əldə edib.
Ordu.az