Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Yevseyev deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi görüşün baş tutmamasını texniki və ya təşkilati məsələ kimi təqdim etməyə çalışır.
“Lakin əsl səbəblər geosiyasi xarakter daşıyır. Ermənistan-Rusiya münasibətlərindəki gərginlik, Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünü saxlamaqla yanaşı Avropa İttifaqına inteqrasiya gündəmini irəli sürməsi də bu prosesə təsir göstərir”, - deyə analitik bildirib.
Yevseyevin sözlərinə görə, İrəvan və Bakı arasında aylarla davam edən müzakirələr təşkilati problemlərin deyil, tərəflərin taktiki hesablamalarının nəticəsidir.
“Bu gecikmələrlə həm Ermənistan, həm də Azərbaycan regionda Rusiyanın və İranın təsir rıçaqlarını zəiflətmək və ya ən azı məhdudlaşdırmaq problemini öz üsulları ilə həll etməyə çalışırlar.
“3+3” formatı hazırkı mərhələdə Moskva və Tehran tərəfindən regiondankənar qüvvələrin Cənubi Qafqaza daxil olmasının qarşısını almaq və bütün məsələləri özlərinin həlledici söz sahibi olduğu regional çərçivədə həll etmək vasitəsi kimi irəli sürülür. Görüşlərin təxirə salınması isə İrəvan və Bakıya bu iki gücün nizamlanma prosesinə tam nəzarət etməsinə imkan vermir.
Bunun əsas səbəbi çox sadədir, həm ABŞ, həm də Avropa İttifaqı ilə fəal əməkdaşlıq mövcuddur”, - deyə o qeyd edib.
Analitik hesab edir ki, Ermənistan üçün görüşün təxirə salınması xarici siyasətin şaxələndirilməsi və Qərblə münasibətlərin dərinləşdirilməsi siyasətinin tərkib hissəsidir.
“İrəvan yalnız Rusiya və İranın təsir dairəsində olan platformalarla məhdudlaşmaq istəmir. Çünki bu cür formatlar Qərbin regiondakı iştirakını məhdudlaşdırır. Ermənistan Rusiyayla iqtisadi gündəmi qorumağa çalışır, Avrasiya İqtisadi Birliyində qalmaq istəyir, eyni zamanda Avropa İttifaqına üzvlük istiqamətində addımlar atır.
Əgər Qərb öz gündəmini gücləndirmək və Rusiya ilə İranı təcrid etmək üçün fəal işləyirsə, o zaman yeni formatın inkişafında niyə maraqlı olsun?”, - deyə Yevseyev bildirib.
Onun fikrincə, hazırkı mərhələdə nə İrəvan, nə də Bakı “3+3” formatının inkişafında ciddi maraq göstərir.
“Rusiya bunu çox yaxşı anlayır. Buna baxmayaraq, formatdan imtina etmir. Çünki müəyyən mərhələdə ona ehtiyac yarana və tərəflərin mövqeləri dəyişə bilər”, - deyə analitik vurğulayıb.
Yevseyev qeyd edib ki, Azərbaycan da regiondankənar güclərin təsirinin azalmasını dəstəkləsə də, Rusiyanın və ya İranın mövqelərinin güclənməsində maraqlı deyil.
“Bakı Ermənistanla birbaşa ikitərəfli danışıqlara üstünlük verir. Buna görə də “3+3” ətrafında yaranmış diplomatik dalan təsadüfi deyil və Cənubi Qafqazda dəyişən geosiyasi arxitekturanın göstəricisidir”, - deyə o bildirib.
Analitik Gürcüstanın mövqeyinə də toxunub.
“Gürcüstanın bu formata maraq göstərməməsinin əsas səbəbi Rusiya ilə diplomatik münasibətlərin olmamasıdır. Tbilisi üçün Moskvanın əsas iştirakçılardan biri olduğu platformada iştirak etmək çətindir. Lakin zaman keçdikcə bu mövqe dəyişə bilər”, - deyə Yevseyev bildirib.
O, həmçinin Türkiyənin roluna diqqət çəkib.
“Türkiyə “3+3” formatının təşəbbüskarlarından biri olsa da, Ankara daha çox Ankara-Bakı-İrəvan xətti üzrə birbaşa və ya üçtərəfli əlaqələrin inkişafına üstünlük verir. Türkiyə də Cənubi Qafqazda öz təsirini maksimum dərəcədə artırmağa çalışır və Rusiya ilə İranın mövqelərinin zəifləməsi onun geosiyasi maraqlarına uyğundur.
Nəticədə elə bir vəziyyət yaranır ki, “3+3” formatının dondurulması müxtəlif səbəblərlə olsa da, regionun demək olar ki, bütün əsas oyunçuları üçün sərfəli görünür”, - deyə analitik qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az