Pentaqon rəhbəri miqrasiyanı Avropaya “təhlükəli ideologiyaların müdaxiləsi” adlandırıb

2026/04/1777549192.jpg
Oxunub: 243     19:30     06 İyun 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, Avropa onun “təhlükəli ideologiyaların müdaxiləsi” adlandırdığı proseslə üzləşib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Normandiyada müttəfiq qüvvələrin desant əməliyyatının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Heqset müasir miqrasiya axınları ilə İkinci Dünya müharibəsi dövründəki Normandiya əməliyyatı arasında paralellər aparıb.

O bildirib ki, bu gün müxtəlif təhlükəli ideologiyalar Avropa sahillərinə hücum edir və bu kontekstdə İspaniya, İtaliya, Yunanıstan və Bolqarıstan sahillərinə dəniz yolu ilə gələn miqrantları misal göstərib.

“Bu gün Avropanın müxtəlif çimərlikləri fərqli təhlükəli ideologiyaların hücumuna məruz qalır. İspaniyanın, İtaliyanın, Yunanıstanın və Bolqarıstanın sahillərinə qayıqlar və insanlar gəlir”, - deyə nazir bildirib.

Heqset Avropa paytaxtlarının bu prosesə qarşı nə vaxt ciddi tədbirlər görəcəyini sual edib və bunun üçün hələ gec olmadığına inandığını qeyd edib.

O, həmçinin Avropa ölkələrinin bu vəziyyətə adekvat cavab verib-vermədiyini də gündəmə gətirib.

Qeyd olunub ki, onun açıqlamaları ABŞ Prezidenti Donald Tramp administrasiyasının daha əvvəl Avropaya ünvanladığı tənqidlər, o cümlədən miqrasiya, müdafiə və tənzimləmə siyasəti ilə bağlı mövqeyi ilə üst-üstə düşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin