Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan əsas üstünlüyünü itirir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Nikol Paşinyan uzun illər ərzində iqtisadi artım göstəricilərini hakimiyyətinin əsas uğurlarından biri kimi təqdim edib. Lakin son dövrlərdə baş verən proseslər bu üstünlüyün də itirilməyə başlandığını göstərir.
“Ümumi uğursuzluqlar fonunda Nikol Paşinyan daim iqtisadiyyatda yüksək artım tempinə nail olması ilə fəxr edib. Bir kənara qoyaq ki, bu artım hansı amillərin hesabına baş verib və burada hakimiyyətin rolu nə qədər olub. Son hadisələr göstərir ki, hakimiyyət artıq bu əsas kozırını da itirmək üzrədir”, - deyə məqalədə bildirilib.
Nəşr vurğulayıb ki, iqtisadi artımın sürəti əhəmiyyətli dərəcədə zəifləyib və Ermənistan-Rusiya münasibətlərindəki gərginlik iqtisadiyyat üçün əlavə risklər yaradıb.
“Hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyat ciddi resessiya təhlükəsi ilə üz-üzə qalıb. Bu siyasətin nəticələri getdikcə daha aydın görünür”, - deyə müəllif qeyd edib.
Məqalədə rəsmi statistikaya istinadən bildirilib ki, 2026-cı ilin ilk rübündə Ermənistan iqtisadiyyatı cəmi 4 faiz artıb.
“Bu, 2021-ci ildən sonra qeydə alınmış ən aşağı göstəricidir. 2022-ci ildə iqtisadi artım 8,6 faiz, 2023-cü ildə 12,1 faiz, 2024-cü ildə 9,2 faiz, 2025-ci ildə isə 5,2 faiz təşkil etmişdi”, - deyə nəşr yazıb.
Məqalədə iqtisadiyyatın strukturuna da toxunulub.
“ÜDM-də ən böyük pay ticarət və xidmət sektorunun payına düşür və bu göstərici təxminən 68 faizə çatır. Sənaye və energetikanın payı isə cəmi 16-17 faizdir. Kənd təsərrüfatında yenidən geriləmə müşahidə olunur, nəticədə həm istehsal həcmi, həm də sektorun iqtisadiyyatdakı çəkisi azalıb”, - deyə müəllif yazıb.
Nəşr maliyyə sektorunun da son illərin əsas hərəkətverici qüvvələrindən biri olmasına baxmayaraq, artıq geriləmə mərhələsinə daxil olduğunu vurğulayıb.
“Bu sahədə azalma 13 faiz təşkil edib. İnformasiya texnologiyaları sektorunun payı da 7,1 faizdən 6,9 faizə düşüb. Ermənistan hakimiyyətinin düşünülməmiş addımları və bəyanatları ölkəni Avrasiya İqtisadi Birliyinin əsas üzvü olan Rusiyanın bazarını itirmək və həmin ölkə ilə iqtisadi əlaqələri ciddi təhlükə altına salmaq riski ilə üz-üzə qoyub”, - deyə nəşr vurğulayıb.
Müəllif hesab edir ki, Ermənistan faktiki olaraq Rusiya ilə birtərəfli iqtisadi qarşıdurmaya sürüklənir.
“Kiçik və Rusiya bazarından yüksək dərəcədə asılı olan Ermənistan iqtisadiyyatı, əgər belə demək mümkündürsə, Rusiya ilə iqtisadi müharibəyə cəlb olunur. Bu, birtərəfli müharibədir və Ermənistanın ona qarşı dayanmaq üçün heç bir resursu yoxdur.
Mayın 22-dən etibarən Ermənistan çiçəklərinin Rusiyaya idxalına məhdudiyyət tətbiq olunub. Bu qərar nəticəsində çoxsaylı istixana təsərrüfatları məhsullarını itirmək təhlükəsi ilə üzləşib. Ermənistan çiçəklərinin əsas bazarı məhz Rusiyadır və belə məhdudiyyətlər həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ciddi zərbədir”, - deyə məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, sonradan meyvə-tərəvəz məhsullarının keyfiyyəti ilə bağlı da iradlar səsləndirilib, daha sonra isə “Cermuk” mineral suyunun Rusiya bazarına idxalı və satışı qadağan edilib.
“Bununla yanaşı, müxtəlif erməni şirkətlərinin istehsal etdiyi spirtli içkilərin satışının da dayandırılması barədə qərarlar qəbul olunub. Əgər bu proses ixracla yanaşı idxalı da əhatə etsə, vəziyyət daha ağır olacaq”, - deyə nəşr yazıb.
Məqalədə Rusiyadan Ermənistana verilən qazın qiymətinin artırılması ilə bağlı səslənən ehtimallara da diqqət çəkilib.
“Qazın bahalaşmasının iqtisadiyyata necə təsir göstərəcəyini təsəvvür etmək çətin deyil. Xüsusilə də nəzərə alsaq ki, hazırda bunun real alternativi yoxdur. Heç kim Ermənistana qazı Avrasiya İqtisadi Birliyinin yaratdığı üstünlüklər çərçivəsində təqdim olunan qiymətlə verməyə hazır deyil”, - deyə müəllif vurğulayıb.
Nəşr hesab edir ki, Ermənistan hakimiyyətinin Azərbaycan və Axalkalaki-Qars dəmir yolu marşrutları ilə bağlı bəyanatları da vəziyyəti dəyişməyəcək.
“Əslində burada heç bir böyük hadisə yoxdur. Bu, sadəcə Nikol Paşinyanın təxəyyülünün məhsuludur. Azərbaycan dəmir yolunun Ermənistan iqtisadiyyatını və ixracını necə xilas etməsi mümkündürsə, Axalkalaki-Qars xəttinin də eyni rolu oynaması o qədər mümkündür.
Hətta nəzəri olaraq bu marşrutun Avropaya yeni ixrac yolu olduğunu qəbul etsək belə, Ermənistan iqtisadiyyatının Avropa bazarlarında möhkəmlənmək üçün kifayət qədər potensialı yoxdur. Xüsusilə də enerji daşıyıcılarının qiyməti artarsa və rəqabət qabiliyyəti daha da zəifləyərsə”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az