Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub - FOTOLAR

2026/06/1-1780729912.jpg
Oxunub: 219     10:48     06 İyun 2026    
Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda Mədəniyyət Günləri münasibətilə Aşqabadda rəsmi qəbul keçirilib.

Bu barədə Ordu.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib. Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın müstəqillik arzusunu və dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Səfir qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf yoluna qədəm qoyub. Ölkədə hüquqi əsaslara söykənən dövlət quruculuğu prosesi həyata keçirilib, demokratik institutlar möhkəmləndirilib və azad iqtisadi sistem formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişaf yolunu davam etdirdiyini, müasir çağırışlara cavab verən güclü dövlətə çevrildiyini vurğulayıb. Həmçinin, Q.Gözəlov 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq qəbul edilmiş sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, çıxışda Azərbaycanın regionlararası əlaqələrin gücləndirilməsində mühüm rol oynayan enerji, nəqliyyat və logistika təşəbbüslərində fəal iştirak etdiyi bildirilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP kimi strateji layihələrin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, həmçinin Transxəzər, Şərq-Qərb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizlərinin ölkəmizi qlobal əməkdaşlığın mərkəzinə çevirildiyi vurğulanıb.

Azərbaycanla Türkmənistan arasındakı münasibətlərə toxunan səfir, iki ölkə arasında əlaqələrin ortaq tarixə, dilə, etnik və mədəni bağlılıqlara, həmçinin ümumi soykökə əsaslandığını bildirib. Ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının inkişaf etdiyini qeyd edib.

Səfir eyni zamanda, iki ölkə parlamentlərarası münasibətlərin və Xarici İşlər Nazirlikləri arasında dialoqun da ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib. Münasibətlərimizin genişləndirilməsində Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini vurğulayıb. Komissiya çərçivəsində ticari-iqtisadi, nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirildiyini bildirib.

Ali səviyyədə qarşılıqlı səfərlərin önəminə toxunan Q.Gözəlov 2025-ci ildə Prezident İlham Əliyevin Türkmənistana səfərinin, həmçinin Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 2026-cı ildə də ölkələr arasında ali və yüksək səviyyəli təmasların davam etdirildiyini bildirib.

Mədəni və humanitar əməkdaşlıqdan bəhs edən səfir, 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini, hazırda Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu qeyd edib.

Səfir Q.Gözəlov Türkmənistan nümayəndə heyətinin Azərbaycanda baş tutan ənənəvi tədbirlərdə, eləcə də Şuşada keçirilən “Xarıbülbül” festivalında iştirak etdiyini, Azərbaycan incəsənət xadimlərinin Türkmənistanda, o cümlədən TÜRKSOY çərçivəsində təşkil olunan proqramlarda fəal iştirak etdiklərini qeyd edib.

Çıxışında Azərbaycan mədəniyyətinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin Türkmənistanda geniş tanıdılmasına xüsusi diqqət çəkən səfir, “Arşın mal alan” və “Ər və arvad” operettalarının Aşqabadda türkmən dilində mütəmadi olaraq səhnəyə qoyulmasının iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb.

Q.Gözəlov Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscidin kompleksinin inşa edilməsini iki xalq arasındakı qardaşlıq və humanitar əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Səfir Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını vurğulayaraq, bu statusun ölkənin xarici siyasətində mühüm yer tutduğunu qeyd edib. Türkmənistanın özünün daimi bitərəflik statusu sayəsində xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdiyini məmnunluqla vurğulayıb. Azərbaycan və Türkmənistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı uğurla davam etdirdiyini bildirib.

Tədbirdə ali qonaq qismində iştirak edən Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulu Ataquliyev çıxış edərək, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun səmimi təbriklərini Azərbaycan tərəfinə çatdırıb və ölkəyə firavanlıq, uğurlar arzulayıb. Ölkə rəhbərləri arasında qurulmuş yüksək səviyyəli dialoqun Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına mühüm təkan verdiyini qeyd edib. Xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin dərin tarixi köklərə əsaslandığını vurğulayıb və siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndiyini bildirib. Əməkdaşlığın ölkələrimiz arasında etimad və qarşılıqlı hörmətin möhkəmlənməsinə, həmçinin birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Həmçinin, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin mədəniyyət və ictimaiyyət nümayəndələri, Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, həmçinin, media təmsilçiləri, Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Ziyafət Azərbaycanın incəsənət nümayəndələrinin ifasında xalq və bəstəkar mahnılarının müşayiəti ilə davam edib. Tədbir iştirakçılarına Azərbaycanın zəngin folklorunu əks etdirən milli rəqs nömrələri də təqdim olunub. Tədbir zamanı ekran vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri, şirniyyatlar və milli içkilər təqdim olunub.

Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən foto sərgi ilə tanış olub, “Made in Azerbaijan” brendinin məhsulları, o cümlədən “Azərçay” və Azərbaycan kəlağayısı da xüsusi stenddə nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkmənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin