ABŞ HHQ MQ-9 “Reaper” itkilərindən sonra yeni tədarük axtarışına çıxıb

2026/06/1780742372.jpg
Oxunub: 280     14:40     06 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri İran əleyhinə əməliyyatlar və Yaxın Şərqdə həyata keçirilən missiyalar zamanı verilən itkilərdən sonra MQ-9 “Reaper” Pilotsuz Uçuş Aparatı (PUA) parkını gücləndirmək üçün yeni tədarük prosesinə başlayıb.

Ordu.az “The War Zone” nəşrinə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri “General Atomics Aeronautical Systems Inc.” şirkətinin ehtiyatında qalan və istifadə olunmamış MQ-9A Block 5 PUA-larından müəyyən sayda satın almağı planlaşdırır.

Qurum bu məqsədlə maliyyənin ayrıldığını da təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib ki, sözügedən platformalar əvvəlcə digər müştərilər üçün istehsal olunsa da, sonradan onlara ehtiyac qalmayıb və hazırda “General Atomics” şirkətinin mülkiyyətindədir.

Məsələ Hərbi Hava Qüvvələrinin plan və proqramlar üzrə qərargah rəis müavini general-leytenant Devid Taborun mayın 13-də Konqresdə etdiyi çıxışdan sonra yenidən gündəmə gəlib. O bildirib ki, xidmət mümkün qədər çox MQ-9A platformasının geri alınması variantlarını nəzərdən keçirir və qısa müddətdə mövcud çatışmazlığı aradan qaldırmağa çalışır.

Lakin bunun qarşısında ciddi maneə var. “General Atomics” şirkətinin nümayəndəsi C. Mark Brinkli açıqlayıb ki, şirkətin əlində dünya üzrə müştərilərə təqdim edilə biləcək yeni MQ-9A-ların sayı 10-dan azdır. Onun sözlərinə görə, xidmətdən çıxarılmış bəzi “Reaper” platformalarının yenidən istifadəyə qaytarılması mümkündür, lakin bunun miqyası hələlik məlum deyil.

Rəsmi büdcə sənədlərinə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin inventarında olan MQ-9A-ların sayı son illərdə ciddi şəkildə azalıb. Belə ki, 2025-ci maliyyə ilinin əvvəlində 231 olan platforma sayı 2026-cı maliyyə ilinin əvvəlində 165-ə düşüb. General-leytenant Tabor isə may ayında bu rəqəmin artıq 135 olduğunu açıqlayıb.

MQ-9A itkilərinin dəqiq sayı açıqlanmasa da, “Air & Space Forces Magazine” nəşrinin məlumatına görə, yalnız İrana qarşı həyata keçirilən “Operation Epic Fury” əməliyyatı zamanı təxminən 30 MQ-9 “Reaper” itirilib. Bundan əlavə, son bir il ərzində Yəməndə İranın dəstəklədiyi husilərə qarşı aparılan əməliyyatlarda da onlarla “Reaper”in vurulduğu iddia olunur. Ümumi itkilərin dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrində MQ-9 platformasının gələcəyi ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi rəsmilər onun İran əleyhinə əməliyyatlardakı fəaliyyətini yüksək qiymətləndirsələr də, digərləri inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə qarşı yaşamaq qabiliyyətini sual altına alırlar. Bu səbəbdən ABŞ Hərbi Hava Qüvvələri uzunmüddətli perspektivdə MQ-9-un əvəzlənməsi üçün “MQ-9 Next” adlı yeni nəsil sistem üzərində işləyir. Lakin proqramın istismara verilməsinin hələ uzun illər tələb edəcəyi vurğulanır.

Hazırda əsas məqsəd mövcud MQ-9A parkının döyüş qabiliyyətinin qorunub saxlanılmasıdır. Bu məqsədlə əvvəllər xidmətdən çıxarılmış MQ-1 “Predator” PUA-larından ehtiyat hissələri götürülərək MQ-9-ların istifadəsi davam etdirilir. Rəsmilər bildiriblər ki, 2020-ci ildə xidmətdən çıxarılan onlarla MQ-1 “Predator” Arizona ştatındakı 309-cu Aviasiya Təmir və Bərpa Qrupunun bazasına göndərilib və əsasən MQ-9 parkı üçün ehtiyat hissələri mənbəyi kimi istifadə olunur.

Bununla belə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaxın vaxtlarda İran atəşi nəticəsində bir MQ-1 itirildiyini açıqlaması suallar doğurub. Bu bəyanat MQ-1 “Predator”un yenidən xidmətə qaytarılıb-qaytarılmadığı ilə bağlı müzakirələrə səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələri isə MQ-1 platformalarının artıq aktiv istifadə edilmədiyini və yalnız ehtiyat hissələri mənbəyi kimi saxlanıldığını vurğulayıb.

Bundan başqa, 20 MQ-1 aparatının ABŞ Hərbi Dəniz Qüvvələrinə verildiyi bildirilib. Ekspertlər hesab edirlər ki, itirilən platforma MQ-1 “Predator” deyil, ABŞ Quru Qoşunlarının istifadə etdiyi MQ-1C “Gray Eagle” ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, uzun müddət havada qala bilən, kəşfiyyat və müşahidə tapşırıqları yerinə yetirən, həmçinin dəqiq idarəolunan sursatlardan istifadə edə bilən MQ-9 “Reaper” platformalarına ehtiyac hələ də qalmaqdadır. İstehsalın başa çatması və mövcud ehtiyatların məhdud olması isə verilən itkilərin əvəzlənməsini daha da çətinləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   MQ-9   Reaper  


Bizi "telegram"da izləyin