Sudandan paylaşılan və qısa müddətdə sosial şəbəkələrdə milyonlarla istifadəçiyə çatan görüntü son günlərin ən çox müzakirə olunan hərbi hadisələrindən birinə çevrilib. Videoda Sudan Hərbi Hava Qüvvələrinin inventarındakı “Bayraktar” AKINCI zərbə tipli pilotsuz uçuş aparatının havadakı bir hədəfi vurduğu görünür. Lakin vurulan platformanın nə olduğu ilə bağlı fərqli fikirlər mövcuddur.
Bəzi paylaşımlarda hədəfin Birləşmiş Ərəb Əmirliklərinə məxsus Fransanın “Dassault Rafale” döyüş təyyarəsi olduğu iddia edilsə də, müxtəlif hərbi təhlillər və ekspert rəyləri bu iddiaya ehtiyatla yanaşır. Müzakirələrin mərkəzində isə videoda görünən hədəfin həqiqətən pilotlu döyüş təyyarəsi, yoxsa başqa bir pilotsuz uçuş aparatı olması sualı dayanır.
“Rafale” iddiası niyə gündəmə gəldi?
“Rafale” iddiasının əsas dayağı görüntülərdəki hədəfin iki mühərrikli platforma təəssüratı yaratması olub. Sosial şəbəkə istifadəçiləri və bəzi media orqanları termal görüntülərdə görünən iki ayrı istilik mənbəyinin Fransanın istehsalı olan “Rafale” döyüş təyyarəsinin iki mühərrikini təmsil etdiyini irəli sürüblər.
Əgər bu ssenari doğru çıxarsa, hadisə hərbi aviasiya tarixində mühüm dönüş nöqtəsi kimi qeydə alına bilər. Çünki bu halda pilotsuz uçuş aparatı ilk dəfə real döyüş şəraitində pilotlu döyüş təyyarəsini vurmuş olacaq. Buna görə də görüntülər qısa müddətdə beynəlxalq müdafiə dairələrinin də diqqətini cəlb edib.
Lakin indiyədək nə Sudan rəsmiləri, nə də Birləşmiş Ərəb Əmirlikləri vurulan platformanın “Rafale” olduğunu rəsmi şəkildə təsdiqləyib.
Texniki təhlillər fərqli ehtimallara işarə edir

“Rafale” nəzəriyyəsinə qarşı çıxan mütəxəssislər isə görüntülərdəki termal izlərin döyüş təyyarəsi ilə tam uyğun gəlmədiyini bildirirlər.
Aparılan qiymətləndirmələrdə “Rafale” təyyarəsinin iki mühərrikinin gövdə daxilində bir-birinə kifayət qədər yaxın yerləşdiyi vurğulanır. Buna görə də AKINCI-nın termal kamerasında mühərriklərdən qaynaqlanan istilik izlərinin bir-birindən aydın şəkildə ayrılmasından daha çox, birləşmiş görüntü yaratmasının gözlənildiyi qeyd olunur.
Videoda görünən hədəfdə isə mühərrik izlərinin bir-birindən daha aralı göründüyü bildirilir. Bu vəziyyət bəzi analitikləri digər platforma ehtimalları üzərində dayanmağa sövq edib.
L-15 və CH-6 ehtimalları da gündəmə gəldi

Müzakirələr zamanı hədəfin Çinin istehsalı olan L-15 təlim və yüngül hücum təyyarəsi və ya CH-6 ağır silahlı pilotsuz uçuş aparatı ola biləcəyi də irəli sürülüb.

Lakin bu ehtimallar da müxtəlif səbəblərə görə zəif hesab olunur. Analitiklərin fikrincə, Birləşmiş Ərəb Əmirliklərinin inventarında olan L-15 təyyarələrinin sayı olduqca məhduddur və bu təyyarələrin Sudanda uzaq mənzilli əməliyyatlarda istifadə olunması gözlənilmir. Bəzi mənbələr Çinin istehsalı olan iki turboreaktiv mühərrikli “Wind Shadow” platformasının da ehtimallar arasında olduğunu bildirirlər.

CH-6 ilə bağlı isə daha ciddi suallar mövcuddur. Açıq mənbələrdəki məlumatlara görə, platformanın yalnız tamölçülü maketi 2021-ci ildə nümayiş etdirilib və onun seriya istehsalına keçməsi və ya ixrac olunması barədə etibarlı məlumat yoxdur. Bundan əlavə, qanad quruluşu və mühərrik yerləşimi baxımından görüntülərlə tam uyğunluq təşkil etmədiyi bildirilir.
AKINCI başqa bir AKINCI-nı vurmuş ola bilər
Görüntülər üzərində aparılan müqayisələrdə ön plana çıxan ən güclü ehtimal vurulan hədəfin yenə də “Bayraktar” AKINCI zərbə tipli pilotsuz uçuş aparatı olmasıdır.

Mühərrik yerləşimi, gövdə forması və ümumi siluet nəzərdən keçirildikdə hədəfin AKINCI-ya daha çox bənzədiyi bildirilir. Bu fikri müdafiə edən mütəxəssislərə görə, Sudan Hərbi Hava Qüvvələrinə məxsus bir AKINCI qarşı tərəfdə fəaliyyət göstərən başqa bir AKINCI-nı vurmuş ola bilər.
Bu ssenaridə vurulan platformanın Efiopiya və ya Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli AKINCI olduğu iddia edilsə də, bununla bağlı da rəsmi təsdiq yoxdur. Bəzi Türkiyə müdafiə sənayesi ekspertləri isə vurulan platformanın BƏƏ-yə məxsus AKINCI olduğunu iddia edirlər. Lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.
EREN sursatı diqqət çəkir
Hadisədə diqqət çəkən məqamlardan biri də AKINCI tərəfindən istifadə edildiyi bildirilən ROKETSAN EREN yüksək sürətli çoxməqsədli “gəzən sursat” olub.

EREN sahib olduğu imkanlar sayəsində yalnız hava hədəflərinə qarşı deyil, quru və dəniz elementlərinə qarşı da istifadə oluna bilən çoxməqsədli sistem kimi seçilir. Sistem avtonom missiya icrası, infraqırmızı axtarış başlığı, sabit və hərəkətli hədəflərə nişanalma qabiliyyəti kimi xüsusiyyətləri sayəsində geniş tapşırıq spektrində istifadə oluna bilir.
Təxminən 2 metr uzunluğunda və 35 kiloqram ağırlığında olan EREN-in maksimum mənzilinin 100 kilometr, havada qalma müddətinin isə 15 dəqiqəyə qədər olduğu bildirilir. Sursat GNSS və INS əsaslı idarəetmə sistemlərindən istifadə edir, hədəfin müəyyənləşdirilməsi və son mərhələdə isə IIR (görüntüləyici infraqırmızı) axtarış başlığının dəstəyindən yararlanır. Sistem həmçinin yüksək partlayış qabiliyyətli qəlpəli (HE-Frag) döyüş başlığı daşıyır.
Paylaşılan təhlillərdə sursatın görüntülərdə hədəfə yönəldiyi və təmasdan əvvəl mühərrik yanmasının başa çatdığı qiymətləndirilir. Bəzi mütəxəssislər termal görüntülərdə görünən izlərin şərh edilməsinin olduqca çətin olduğunu vurğulayaraq atmosfer şəraiti və görüntüləmə məsafəsi səbəbindən fərqli qiymətləndirmələrin yarana biləcəyini bildirirlər.
Buna görə də yalnız videoya əsaslanaraq hədəfin dəqiq kimliyini müəyyən etmək mümkün deyil və müxtəlif ehtimalları tamamilə istisna etmək olmaz.
Müzakirələrin mərkəzində olan “Bayraktar” AKINCI “hava-yer” tapşırıqları ilə yanaşı “hava-hava” tapşırıqlarını da yerinə yetirə bilən iki mühərrikli pilotsuz uçuş aparatı kimi tanınır. Platforma təxminən 40 min fut xidmət tavanına çata bilir və adətən 30 min fut yüksəklikdə fəaliyyət göstərir. Təxminən 6 min kilometr mənzilə, 24 saatdan artıq havada qalma müddətinə və 1 500 kiloqram faydalı yük daşıma qabiliyyətinə malik olan sistemin maksimum qalxma çəkisi isə 6 min kiloqram səviyyəsindədir.
İstifadə olunan sursatla bağlı da fikir ayrılığı var

Sudandakı son görüntülər AKINCI-nın “hava-hava” tapşırıqlarında istifadə potensialını yenidən gündəmə gətirsə də, vurulan hədəfin əslində nə olduğu sualı hələ də cavabsız qalır. Üstəlik, suallar yalnız hədəfin kimliyi ilə bağlı deyil, istifadə edilən sursatla bağlı da mövcuddur.
Bir çox təhlildə görüntülərdə görünən sursatın ROKETSAN EREN olduğu irəli sürülsə də, bəzi qiymətləndirmələrdə istifadə edilən sistemin SUNGUR “hava-hava” raketi ola biləcəyi qeyd olunur.
SUNGUR ehtimalını önə çıxaran təhlillərdə raketin hədəfə çatma müddətinin, yüksək sürətli uçuş profilinin və buraxılış anındakı egzoz görüntüsünün daha əvvəl ictimaiyyətə təqdim edilmiş SUNGUR görüntülərinə bənzədiyi bildirilir. Təxminən 15 saniyə ərzində hədəfə çatdığı hesab edilən sursatın yüksələrək irəliləyən uçuş trayektoriyasının da klassik “hava-hava” raketlərində istifadə olunan enerji baxımından səmərəli nişanalma profilləri ilə uyğunluq təşkil etdiyi vurğulanır.
Əgər bu təsdiqlənərsə, bu hadisə xüsusi təyinatlı “hava-hava” raketindən istifadə edən pilotsuz uçuş aparatının real münaqişə şəraitində əldə etdiyi ilk təsdiqlənmiş hava qələbələrindən biri kimi tarixə düşə bilər.
SUNGUR FIM-92 “Stinger” sisteminin davamı kimi hazırlanmış yeni nəsil hava hücumundan müdafiə sistemi hesab olunur. Təxminən 8 kilometr mənzilə malik olan raket görüntüləyici infraqırmızı (IIR) axtarış başlığı və yarı zirehdələn döyüş başlığı ilə təchiz olunub. Sistem həm çiyindən atılan, həm də müxtəlif platformalara inteqrasiya edilə bilən formada hazırlanıb.
“Baykar” daha əvvəl AKINCI və digər pilotsuz uçuş aparatlarında SUNGUR inteqrasiyasını tək və ikili buraxıcı qurğu konfiqurasiyaları ilə nümayiş etdirmişdi. Bununla yanaşı, Türkiyənin hazırladığı digər “hava-hava” raketləri olan BOZDOĞAN və GÖKDOĞAN-ın əməliyyat istifadəsi tarixinin daha qısa olması səbəbindən bu hadisədə istifadə edilmə ehtimallarının daha aşağı olduğu qiymətləndirilir.
Vurulan hədəfin dəqiq modeli hələ müəyyən edilməsə də, ekspertlər vurulan platformanın döyüş təyyarəsi sinfinə məxsus olmayan, lakin turbofan və ya turboreaktiv mühərriklərlə işləyən və adətən saatda 500 kilometrdən yüksək kreyser sürəti ilə fəaliyyət göstərən hava vasitəsi olduğu fikrində birləşirlər.
Bu hadisənin diqqət çəkməsinin əsas səbəbi isə xüsusi hazırlanmış “hava-hava” raketindən istifadə edən pilotsuz uçuş aparatının münaqişə şəraitində əldə etdiyi ilk təsdiqlənmiş hava qələbələrindən biri olmaq ehtimalıdır.
Keçmişdə ABŞ-nin MQ-1C pilotsuz uçuş aparatı AIM-92 “Stinger” raketləri ilə İraqa məxsus MiQ-25 təyyarəsinə qarşı nişanalmaya girmişdi. Lakin “Stinger” raketləri yüksək sürətli kəsici təyyarəni vurmaq üçün kifayət qədər performansa malik olmadığından hədəf məhv edilə bilməmişdi.
Səma tamamilə dəyişə bilər
Yekun olaraq qeyd etmək olar ki, əgər “Rafale” təyyarəsinin həqiqətən pilotsuz uçuş aparatı tərəfindən vurulduğu sübut olunarsa, bunun təsirləri Sudan sərhədlərindən çox uzaqlara qədər uzana bilər. Çünki müasir hava qüvvələrinin əksəriyyəti hələ də yüksək xərc tələb edən pilotlu döyüş təyyarələrini hava üstünlüyünün əsas elementi hesab edir.
Digər tərəfdən, pilotsuz sistemlər daha aşağı xərc ilə daha çox sayda istehsal oluna bilir və riskli tapşırıqlarda insan həyatını təhlükəyə atmadan istifadə edilə bilir. Buna görə də bir çox ölkə gələcək qüvvə strukturunda pilotlu və pilotsuz platformalar arasındakı balansı yenidən qiymətləndirməyə başlayıb.
Bir ədəd “Rafale” döyüş təyyarəsinin xərcinin 120 milyon ABŞ dollarını keçə bildiyi nəzərə alınarsa, daha aşağı xərcə malik raket və pilotsuz platforma kombinasiyası ilə belə bir hədəfin zərərsizləşdirilməsi hərbi planlaşdırma baxımından son dərəcə diqqətçəkən ssenari yaradır.
Bütün müzakirələrə baxmayaraq, ekspertlər qəti nəticələr çıxarmaq üçün hələ tez olduğunu bildirirlər. Görüntü keyfiyyətinin məhdud olması, qalıqların müstəqil şəkildə araşdırıla bilməməsi və rəsmi qurumların təsdiq verməməsi səbəbindən hədəfin həqiqətən “Rafale” olub-olmadığı hələ məlum deyil. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri də Sudanda “Rafale” təyyarələrinin istifadə edildiyi barədə iddialarla bağlı hər hansı açıqlama verməyib.
Dəyanət Ağalarlı
Ordu.az