“Shield AI”ın V-BAT proqramı ətrafında mübahisələr böyüyür

2026/06/1780741990.jpg
Oxunub: 243     14:31     06 İyun 2026    
ABŞ-nin sürətlə inkişaf edən müdafiə texnologiyaları şirkətlərindən biri olan “Shield AI” V-BAT proqramı ilə bağlı qəza və təhlükəsizlik iddialarına görə diqqət mərkəzinə düşüb.

Ordu.az xəbər verir ki, “Reuters” agentliyinin yaydığı xüsusi araşdırmada son 18 ay ərzində V-BAT platformalarının 50-dən çox qəzaya qarışdığı və bəzi təhlükəsizlik problemlərinin müştərilərdən gizlədildiyi iddia olunub.

Mart ayında keçirilən investisiya mərhələsində təxminən 12,7 milyard dollar dəyərində qiymətləndirilən “Shield AI” Pentaqonun yeni nəsil insansız sistemlər və avtonom döyüş texnologiyaları sahəsində əsas tərəfdaşlarından hesab olunur.

Məlumata görə, son hadisə mayın 12-də Texas sahillərində keçirilən təlim zamanı baş verib. Təlim zamanı Rumıniya Hərbi Dəniz Qüvvələrinin əməkdaşının əli V-BAT aparatının pərinə ilişib. Nəticədə iki barmağı amputasiya olunub, üçüncü barmağında isə sınıq qeydə alınıb.

Şirkət hadisənin məhsul qüsurundan deyil, təhlükəsizlik prosedurlarının pozulmasından qaynaqlandığını bildirib. “Reuters”in şirkətdaxili mənbələrə istinadən yaydığı məlumata görə, “Shield AI”ın istifadəsində olan təxminən 200 modernləşdirilmiş V-BAT aparatından 50-dən çoxu son 18 ayda sınaq və ya təlimlər zamanı itirilib.

Hesabatda qeyd olunur ki, 2025-ci ilin sentyabrında Portuqaliyada keçirilən NATO tədbirində bir V-BAT sərt eniş edib, 2026-cı ilin fevralında baş verən digər qəza isə Texasda 40 hektardan çox ərazini əhatə edən yanğına səbəb olub.

Şirkət isə bu iddiaları qəbul etməyərək 2025-ci ilin əvvəlindən etibarən müştərilər tərəfindən istifadə olunan sistemlərdə cəmi 10 əməliyyat hadisəsinin baş verdiyini açıqlayıb.

“Reuters”in araşdırdığı məlumatlara görə, keçmiş məhsul meneceri Ceykob Miller bəzi nümayiş uçuşlarında V-BAT-ın avtonom uçuş həyata keçirdiyinin göstərildiyini, əslində isə aparatın uzaqdan pilot tərəfindən idarə olunduğunu iddia edib. Bundan başqa, bəzi qəza hesabatlarında məlumatların dəyişdirildiyi və sistemin göstəricilərinin reallıqdan daha müsbət təqdim edildiyi də irəli sürülüb. “Shield AI” bu ittihamları rədd edərək hüquqi müstəvidə müdafiə olunacağını bəyan edib.

Bütün mübahisələrə baxmayaraq, şirkətin “sadiq qanad yoldaşı” konsepsiyası üzrə hazırladığı X-BAT pilotsuz döyüş təyyarəsi proqramı davam edir. Məlumata görə, layihə çərçivəsində 2029-cu ilə qədər dörd prototip hazırlanacaq və bunun üçün Pentaqondan 500 milyon dollar maliyyə dəstəyi istənilib. Şirkət bildirib ki, V-BAT hazırda xidmət göstərən ən təcrübəli şaquli qalxma və enmə imkanına malik pilotsuz uçuş aparatlarından biridir. 2019-cu ildən etibarən platformanın 18 min saatdan çox uçuş həyata keçirdiyi vurğulanıb.

V-BAT Yunanıstan, Yaponiya, Niderland, Rumıniya və Hindistan tərəfindən istifadə olunur. Xüsusilə Ukraynadakı fəaliyyəti sayəsində beynəlxalq bazarda mühüm ixrac uğuru qazanan platforma son illərdə texniki nasazlıqlar və qəzalarla da gündəmə gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Shield-AI   V-BAT  


Bizi "telegram"da izləyin