Texnoloji Asimmetriya və Strateji Məhdudiyyətlər: Ermənistanın “Yasin” Seçimi (ANALİZ+FOTOLAR)

2026/06/1780316273.jpg
Oxunub: 926     10:28     02 İyun 2026    
Ermənistanda keçirilən son paradda nümayiş etdirilən və ya hərbi-texniki dövriyyəyə daxil edildiyi bildirilən İran istehsalı “Yasin” idarəolunan süzən aviasiya bombası Cənubi Qafqaz hərbi balansındakı dramatik asimmetriyanın yeni bir təzahürü olaraq Ermənistanın strateji ümidsizlik dövründə xarici asılılığa söykənən “ucuz qələbə illüziyası” axtarışının ən aydın göstəricisidir. Bu sursatın Ermənistan arsenalına daxil olması, sadəcə yeni bir aviasiya silahının tədarükü hadisəsi deyil, həm də Ermənistanın hərbi modernləşmə strategiyasındakı dərin struktur qüsurların, geosiyasi yönəlmə böhranının və müasir döyüş meydanı reallıqlarına uyğunlaşma çətinliklərinin bütöv təcəssümüdür.

“Yasin” sursatı İran Müdafiə Nazirliyi tərəfindən 2019-cu ilin avqustunda ictimaiyyətə təqdim edilmiş və rəsmi olaraq ordunun arsenalına daxil olmuş yerli istehsal məhsuludur. Onun yaranma fəlsəfəsi İranın onilliklər ərzində formalaşdırdığı asimmetrik müharibə doktrinasından və beynəlxalq sanksiyalar şəraitində xarici hərbi-texnoloji asılılığı minimuma endirmə cəhdlərindən qaynaqlanır. Sursat öz funksional konsepsiyası baxımından Rusiyanın Ukrayna müharibəsində geniş istifadə etdiyi UMPK modulları və ABŞ-nin JDAM-ER sistemləri ilə oxşar hərbi-texnoloji məntiqə malikdir, yəni adi sərbəst-düşən bombanı qatlanmış qanad mexanizmi, naviqasiya sistemi və idarəetmə qanadcıqları ilə təchiz edərək yüksək dəqiqlikli süzən sursata çeviriblər. Lakin oxşarlıq yalnız konseptual səviyyədə qalır, real texnoloji icra keyfiyyəti baxımından “Yasin” həm Qərb, həm də Rusiya analoqlarından əhəmiyyətli dərəcədə geri qalır.


Texniki spesifikasiyalar baxımından “Yasin” sursatının ümumi çəkisi təxminən 300 kq-dır və bunun 225 kq-ı (təxminən 500 funt) partlayıcı döyüş başlığından ibarətdir. Bu çəki nəzəri olaraq hədəfdə əhəmiyyətli dağıdıcı güc yaratmağa imkan verir, lakin müasir analoqlarla müqayisədə orta səviyyəli göstəricidir. Türkiyənin KGK-84 sistemi 450 kq-lıq döyüş başlığı daşıyır ki, bu da “Yasin”in dağıdıcı gücünün iki dəfəsidir, Rusiya UMPK modulları isə FAB-500-dən FAB-1500-ə qədər müxtəlif çəkili bombalara inteqrasiya edilə bilir. Sursatın mənzili daşıyıcı təyyarənin uçuş hündürlüyündən asılı olaraq dəyişir: standart versiyaları 50-60 km mənzilə malik olsa da, sonradan təkmilləşdirilmiş hərəkət sistemlərinin (yardımçı reaktiv mühərrik və ya genişləndirilmiş qanad arxitekturası) əlavə edilməsi ilə bu məsafə 100-120 km səviyyəsinə qaldırılıb. Bu, kağız üzərində iddialı göstəricidir, lakin real döyüş şəraitində bu mənzilin real reallaşma şərtləri (yüksək uçuş hündürlüyü, ideal atmosfer şəraiti, hədəfin əvvəlcədən dəqiq koordinatlarının bilinməsi və düşmən HHM-nin tam neytrallaşdırılması) nadir hallarda bir araya gəlir, ona görə də praktikada əlçatan effektiv mənzil 70-90 km civarında qalır.

Sursatın idarəetmə sistemi hibrid arxitektura üzərində qurulub, həm ətalətli naviqasiya (INS), həm də GPS/GLONASS peyk naviqasiya sistemləri kombinasiyası ilə işləyir. Hədəfdən yayınma ehtimalı 10 metrdən az olaraq bəyan edilir, lakin bu göstərici yalnız ideal şəraitdə, REM təsiri olmayan steril mühitdə əldə edilə bilən nəzəri rəqəmdir. İş prinsipi etibarilə sursat təyyarədən buraxıldıqdan dərhal sonra üst hissəsindəki qatlanmış qanadlar avtomatik açılır və bu qanadlar sayəsində bomba havada süzərək uzaq məsafəyə çata bilir. Açılan qanad mexanizmi sursatın ən kritik konstruktiv elementidir. Mexaniki nasazlıq, sürət-təzyiq səhvi və ya soyuq mühit şəraitində bu qanadların açılmaması sursatı adi “kor” bombaya çevirir. Beləliklə, 120 km əvəzinə maksimum 5-10 km məsafəyə uça bilir və hədəfdən tamamilə yayınır.

“Yasin” sursatının ən ciddi struktur zəifliyi onun radioelektron mübarizə mühitindəki həssaslığıdır və bu zəiflik bir neçə təbəqədə təzahür edir. Birinci və ən kritik problem mülki tezlikli peyk siqnallarından asılılıqdır. ABŞ ordusu öz JDAM və oxşar sursatlarında REM təsirini minimuma endirmək üçün xüsusi şifrələnmiş “M-Code” hərbi GPS siqnallarından istifadə edir ki, bu siqnallar yalnız NATO müttəfiqlərinə və xüsusi strateji tərəfdaşlara verilir. İran isə bu şifrələrə çıxışı olmadığı üçün “Yasin” sursatı açıq, kommersiya təyinatlı mülki GPS və GLONASS siqnallarına arxalanır. Mülki peyk siqnalları hərbi tezliklərə nisbətən çox zəifdir, müasir radioelektron mübarizə kompleksləri bu tezlikləri kilometrlərlə uzaqdan asanlıqla kor edir. REM aktiv olan zonada “Yasin” peyk koordinatını tamamilə itirir və yalnız daxili ətalətli naviqasiya sisteminə keçməyə məcbur olur.


Ətalətli naviqasiya sisteminin (INS) öz daxili problemləri də ayrıca diqqət tələb edir. Sursat peyk siqnalını itirdikdə INS daxili giroskoplar, akselerometrlər və mikroprosesor vasitəsilə bombanın sürətini və istiqamətini hesablayaraq onu hədəfə aparmağa cəhd edir. Lakin İran istehsalı INS texnologiyası Qərb və ya Rusiya analoqlarından əhəmiyyətli dərəcədə geri qalır. Sursat havada süzüldüyü hər saniyə və hər kilometr üçün INS sistemində “sürüşmə” adlanan kumulyativ xəta yığılır. 120 km-lik maksimum mənzildə peyk dəstəyi tam kəsilən “Yasin” bombası hədəfdən yüzlərlə metr, bəzi hallarda kilometrlərlə kənara düşə bilər ki, bu da onun strateji effektivliyini sıfıra endirir. Müasir Qərb analoqlarında bu problem yüksək keyfiyyətli mikroelektromexaniki sensorlar və lazer giroskopları ilə minimuma endirilir, halbuki İran istehsalı INS-lər əksər hallarda Yaponiya və ya Çin mülki sənaye komponentlərindən yığılır və hərbi səviyyəli dəqiqlik təmin edə bilmir.

İkinci REM təhdid kateqoriyası saxta peyk siqnalı ötürmək, yəni “spoofing” texnologiyasıdır. Müasir REM sistemləri təkcə siqnalı boğmur, eyni zamanda bombaya saxta GPS koordinatları ötürür. “Yasin” kimi mülki səviyyəli qəbuledicilərə malik sursatlar saxta siqnalı real peyk siqnalı kimi qəbul etdikdə tamamilə fərqli istiqamətə yönəlir, boş əraziyə, dağlıq zonaya və ya hətta sursatı buraxan tərəfin öz hərbi mövqelərinə doğru uça bilir. İran son istehsal etdiyi bəzi PUA və sursatlara saxta siqnalları süzgəcdən keçirən çoxkanallı CRPA əleyhinə antenalar quraşdırmağa çalışsa da, bu cür qoruyucu sistemlər baha başa gəlir və kütləvi istehsal olunan süzən bombaların hamısına standart olaraq inteqrasiya edilmir. Üstəlik, güclü sahə REM sistemləri CRPA müdafiəsini də üstələyəcək gücdə siqnal yayımlamaq qabiliyyətinə malikdir.

Sursat istehsalının özündə də sistematik keyfiyyət problemləri mövcuddur. İran beynəlxalq sanksiyalar şəraitində hərbi istehsalın çoxsaylı kritik komponentlərini açıq mülki bazardan (kommersiya elektronikası, mülki aviasiya komponentləri və ümumi sənaye məhsulları kateqoriyasından) tapmağa məcbur olur. Bu, sursatın etibarlılıq səviyyəsini ciddi şəkildə azaldır. Aerodinamik səviyyədə bombanın təyyarədən ayrıldıqdan sonra qanadlarının açılmaması və ya idarəetmə qanadcıqlarının kilidlənməsi ən böyük mexaniki risklərdəndir. Elektronik səviyyədə isə qeyri-stabil komponentlər, soyuqda və ya rütubətdə fərqli işləyən mikrosxemlər və qeyri-standart partlayıcı kapsullar sistematik nasazlıq mənbələri yaradır.


Bunlarla yanaşı, “Yasin” sursatı indiyədək heç bir intensiv, yüksək texnoloji və real döyüş əməliyyatında tətbiq edilməyib. İran bu bombanı yalnız daxili hərbi təlimlərdə, radioelektron mübarizə vasitələri olmayan, hava hücumundan müdafiəsi mövcud olmayan və qarşı tərəfin müqavimət göstərmədiyi “steril” sınaq poliqonlarında sınaqdan keçirib. Bu vəziyyət sursatın real döyüş şəraitindəki performansı barədə obyektiv qiymətləndirməyə imkan vermir. Yaxın Şərqdəki proksi əməliyyatlar (Yəməndəki Husi qüvvələrinin və ya Suriyadakı qruplaşmaların İran sursatlarından istifadəsi-red.) əsasən REM müdafiəsi olmayan, müasir radarlardan məhrum və zəif HHM imkanlarına malik rəqiblərə qarşı olub. Müasir nizamlı orduya, çoxtəbəqəli hava hücumundan müdafiə sisteminə və geniş REM çətirinə malik bir hərbi qüvvəyə qarşı bu sursatın necə davranacağı sual altındadır və hərbi ekspertlər poliqondakı yüksək uğur faizinin real müharibədə texniki nasazlıqlar və qarşı tərəfin kontr-tədbirləri səbəbindən kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdırırlar.

Bu mənzərənin ən paradoksal məqamı isə “Yasin” sursatının Ermənistan Hava Qüvvələrinin əsas daşıyıcı platforması olan Rusiya istehsalı “Su-30SM” qırıcı təyyarəsi ilə inteqrasiya problemidir və burada məsələ artıq sadəcə texniki çətinlikdən çıxıb sistematik strateji qüsura çevrilir. Müasir hərbi aviasiyada qırıcı təyyarə ilə onun daşıdığı idarəolunan silah sadəcə mexaniki olaraq qanadın altına asılmır. Onlar həm də ortaq rəqəmsal proqram dili ilə bir-birilə “danışmalı”, real-vaxt məlumat mübadiləsi aparmalı və koordinat yenilənməsini eyni şəbəkə standartı çərçivəsində həyata keçirməlidirlər.

Burada birinci böyük problem Rusiyanın mənbə kodları ilə bağlı əməkdaşlıq etməmək mövqeyindən çıxış etməsidir. Bir təyyarəyə yeni növ ağıllı silah inteqrasiya etmək üçün təyyarənin göyərtə kompüterinin və atəşi idarəetmə sisteminin mənbə kodlarına müdaxilə edilməlidir, bu, sistemli, dərin və texnoloji baxımdan həssas prosesdir. Rusiya öz hərbi-texnoloji gizliliyini qorumaq, ixrac etdiyi platformaların üçüncü tərəflər tərəfindən bilavasitə müdaxilə edilməsinin qarşısını almaq və xarici hərbi-texniki həyat tsiklini öz nəzarəti altında saxlamaq üçün Ermənistana satdığı “Su-30SM”lərin proqram təminatı kodlarını qətiyyən paylaşmayıb. Bu, klassik hərbi ixrac praktikasıdır və hətta strateji müttəfiq Belarusa belə Rusiya öz “Su-30” platformalarının tam mənbə kodu çıxışını vermir.



İkinci böyük problem isə İranın tamamilə fərqli proqram arxitekturasıdır. “Yasin” sursatı İran tərəfindən özünün köhnə “Su-22”, F-7 və F-4 təyyarələrinə inteqrasiya olunmaq üçün hazırlanıb və onun rəqəmsal protokolları, məlumat formatları, idarəetmə komandaları və ötürmə standartları İrandaxili hərbi-sənaye ekosistemində formalaşdırılıb. Bu səbəbdən “Yasin” birbaşa olaraq “Su-30SM”in MIL-STD-1760 adlı beynəlxalq standart hərbi rəqəmsal məlumat şəbəkəsinə qoşula və təyyarənin əsas multifunksional ekranlarında doğma silah kimi görünə bilməz. Nəticədə təyyarə pilot atəşi idarəetmə kompüterinin sursatı “tanıması”, radar məlumatlarının avtomatik olaraq bombaya ötürülməsi və havada koordinat yenilənməsi kimi standart funksiyalar tamamilə əlçatmaz qalır.

Ermənistan və İran mühəndislərinin bu problemi həll etmək üçün tətbiq etdiyi alternativ yol klassik “bypass” (kənar xətlə dolanma) texnologiyası ola bilər və bu, hərbi aviasiya tarixində ən tənqid olunan inteqrasiya metodlarından biridir. Qırıcının pilot kabinəsinə (kokpit) təyyarənin əsas sistemlərindən tamamilə müstəqil işləyən hərbi təyinatlı dözümlü bir planşet və ya kənar idarəetmə pultu quraşdırılır. Təyyarənin daxili naqillərinə birbaşa müdaxilə edilməyərək, kabinədəki bu planşetdən qanad altındakı “Yasin” bombasına müstəqil kabel xətti çəkilir. Pilot hədəf koordinatlarını təyyarənin öz hərbi radarı və ya nişangah sistemindən oxuyur, lakin bunu avtomatik olaraq bombaya ötürə bilmir, həmin koordinatları kabinədəki kənar planşetə əllə yazır (və ya planşetin daxili xəritəsindən seçir) və Wi-Fi, “Bluetooth” və ya kabel vasitəsilə bombanın yaddaşına köçürür.

Bu cür qondarma inteqrasiyanın yaratdığı taktiki uğursuzluq səviyyəsi son dərəcə yüksəkdir. Birincisi, dinamik (hərəkətli) hədəflərə qarşı sistem tamamilə effektivsizdir. Müasir döyüş meydanında ən qiymətli hədəflər (düşmənin mobil HHM sistemləri, hərəkət edən tank kolonları, qərargah maşınları, yaylım atəşli reaktiv sistemləri) hamısı dinamik xarakterlidir və saniyələr içində yerlərini dəyişir. Pilot koordinatları planşetə əllə köçürənə qədər hədəf yerini dəyişir və bomba köhnəlmiş koordinata uçur, boş əraziyə düşür. İkincisi, sursat yalnız koordinatları əvvəlcədən dəqiq bilinən böyük, sabit strateji obyektlərə (körpülər, elektrik stansiyaları, hərbi bazalar, anbarlar) qarşı proqramlaşdırıla bilər. Sursat hələ təyyarə yerdə ikən aerodromda hərbi mühəndislər tərəfindən kompüter vasitəsilə yüklənir və havada əhəmiyyətli dəyişdirilmə imkanı yoxdur. Üçüncüsü, intensiv döyüş və güclü hava hücumundan müdafiə şəraitində pilotun iş yükü həddindən artıq artır, pilot eyni zamanda təyyarə ilə manevr etməli, rəqib raketlərinin xəbərdarlıq siqnallarına reaksiya verməli, kabinədəki kənar planşetlə kompüter işləri görməli və standart kabin əməliyyatlarını idarə etməlidir. Bu çoxsaylı tapşırıq insan xətası riskini maksimuma çatdırır və real qarşıdurmada sistemli uğursuzluğa səbəb ola bilər.


Regional analoqlarla müqayisəli təhlil “Yasin”in texnoloji geri qalmasını daha aydın göstərir. Türkiyənin TÜBİTAK SAGE tərəfindən hazırlanan KGK (Kanatlı Güdüm Kiti) sistemi adi Mk-82/84 bombalarını ağıllı və uzaq mənzilli sursata çevirir. KGK-84 təxminən 100-110 km mənzilə və 450 kq-lıq döyüş başlığına malikdir, həm GPS/GLONASS, həm də güclü daxili INS sisteminə sahibdir, radioelektron mübarizəyə qarşı xüsusi CRPA antena texnologiyası standart olaraq tətbiq edilir. Radioelektron boğulma mühitində KGK “Yasin”lə müqayisədə hədəfi qat-qat yüksək dəqiqliklə vurur.

Rusiyanın Ukrayna müharibəsində kütləvi istifadə etdiyi UMPK modulları daha aşağı mənzilə malik olsa da (60-80 km), Ermənistanın özünün istifadə etdiyi “Su-30SM” platforması ilə tam orijinal inteqrasiya təmin edir. Rusiya UMPK-da pilot təyyarənin öz göyərtə radarı vasitəsilə havada koordinatları real vaxt rejimində yeniləyə bilir və Rusiya rəqibin REM maneələrinə qarşı davamlı olan xüsusi “Kometa-M” peyk naviqasiya antenlərindən istifadə edir ki, İranda hələlik bu səviyyədə miniatür müdafiə texnologiyası mövcud deyil.

Ən mükəmməl analoq isə İsrail istehsalı SPICE sursat ailəsidir: SPICE-250, SPICE-1000 və SPICE-2000 variantları. Bu sistemin ən radikal fərqi naviqasiya texnologiyasındadır. “Yasin”, Türkiyə və Rusiya sistemləri hədəfi tapmaq üçün peykə möhtacdırsa, SPICE sistemi Elektro-Optik və Hədəf Tanıma texnologiyası ilə işləyir. Bombanın burnunda kamera var və o, yaddaşındakı yüksək rezolyusiyalı fotoşəkillərlə yerdəki hədəfi vizual olaraq müqayisə edərək özü tapır. SPICE üçün regionda hər hansı bir ordunun tətbiq edəcəyi GPS/GLONASS boğucu sistemlərinin heç bir əhəmiyyəti yoxdur, peyk siqnalı olmadan, tamamilə kor elektromaqnit mühitdə belə 60-125 km məsafədən hədəfi 1 metrlik dəqiqliklə vurur. “Yasin” isə peyk siqnalı kəsildikdə tamamilə aciz qalır və müasir döyüş meydanında bu fundamental fərq həlledici amildir.

Ermənistanın “Yasin” sursatını idarə etmək üçün hansı peyk naviqasiya sistemlərindən istifadə edəcəyi məsələsi də ayrıca strateji həssaslıq nöqtəsidir, çünki Ermənistanın öz hərbi naviqasiya peyk qrupu mövcud deyil və ölkə tamamilə xarici şəbəkələrdən asılıdır. Birinci variant Rusiyanın qlobal GLONASS şəbəkəsidir və bu, Ermənistanın əsas seçimidir, çünki “Su-30SM” qırıcıları orijinal olaraq bu siqnallarla işləmək üçün proqramlaşdırılıb və İran da “Yasin” sursatlarını Rusiyadan aldığı hərbi texnologiyalar sayəsində GLONASS tezliklərinə uyğunlaşdırıb. Lakin bu asılılıq özlüyündə strateji risk yaradır, regional hərbi gərginlik zamanı Rusiya öz geosiyasi maraqlarından asılı olaraq Ermənistan ərazisində hərbi dərəcəli GLONASS siqnallarını söndürə, zəiflədə və ya daxili koordinat xətaları əlavə edə bilər və bu, Moskvanın gələcəkdə Bakı və ya Tehran ilə münasibətlərində manevr aləti kimi istifadəyə hazır qalır.

İkinci variant ABŞ GPS-dir, lakin Ermənistan yalnız açıq mülki tezliklərdən istifadə edə bilər, şifrələnmiş M-kodlu hərbi GPS siqnallarına çıxışı yoxdur. Mülki GPS həm dəqiqlik baxımından zəifdir, həm də ən asan kor edilə bilən siqnaldır. Üçüncü variant kimi Çinin “Beidou” və Avropanın “Galileo” sistemləri nəzəri olaraq mövcuddur, lakin bu sistemlərin Rusiya “Su-30SM”in göyərtə kompüterlərinə inteqrasiyası proqram təminatı səviyyəsində çox çətindir və əlavə rəqəmsal dəyişikliklər tələb edir ki, bunlara Rusiyanın icazəsi yoxdur.


Sursatın hava hücumundan müdafiə sistemləri qarşısındakı zəifliyi də ayrıca diqqət tələb edir. “Yasin” süzən bombası raket mühərrikinə malik olmadığı üçün təyyarədən ayrıldıqdan sonra yalnız cazibə qüvvəsi və qanadları sayəsində hərəkət edir. Sürəti səs sürətindən aşağıdır və hədəfə doğru süzərkən kəskin manevr edə bilmir. Radarlar onun hədəfə yönələn trayektoriyasını saniyələr içində hesablayır və bu sabitlik onu HHM raketləri üçün ideal hədəf edir. Müasir stels raketlərdən fərqli olaraq “Yasin” bombasının gövdəsi və üzərinə quraşdırılan böyük süzən qanad mexanizmi radio dalğaları kəskin şəkildə əks etdirir, kompozit materialdan deyil metal və standart hərbi hissələrdən yığılması onun radar görünüşünü böyüdür və müasir üçölçülü radarlar onu kilometrlərlə uzaqdan aşkar edir. Reaktiv mühərrikinin olmaması infraqırmızı sistemlərə qarşı qismən üstünlük yaradır, lakin radar əsaslı HHM sistemlərinə qarşı heç bir qoruma təmin etmir.

Bu çoxtəbəqəli texniki məhdudiyyətlər səbəbindən Ermənistanın “Yasin” sursatı ilə hədəf alacağı obyektlər kateqoriyası avtomatik olaraq dar bir spektrə daralır: yalnız koordinatları əvvəlcədən dəqiq məlum olan sabit strateji infrastruktura. Bu kateqoriyaya enerji infrastrukturu, logistika qovşaqları, hərbi komandanlıq və cəbhə arxası təchizat mərkəzləri (sabit hərbi bazalar, briqada qərargahları, sursat və yanacaq anbarları) və siyasi-psixoloji təsir məqsədilə şəhərlərin mülki infrastrukturu daxildir. Bütün bu hədəflərin ortaq xüsusiyyəti onların koordinatlarının dəyişməz, böyük, görünən və əvvəlcədən bilinən obyektlər olmasıdır, yəni söhbət “Yasin”in tipik proqram məhdudiyyətinə tam uyğun gələn hədəf tipindən gedir.

Bu hədəf strukturunun özü Azərbaycan hərbi planlaması üçün son dərəcə vacib bir analitik üstünlük yaradır, yəni qarşı tərəfin nə vura biləcəyi və nə vura bilməyəcəyi əvvəlcədən proqnozlaşdırıla bilir. Azərbaycan hərbi komandanlığı çox yaxşı bilir ki, Ermənistan “Yasin” sursatı ilə hərəkət edən tank birləşmələrini, mobil HHM komplekslərini, dinamik manevr edən qoşunları və ya qəfil yerini dəyişən qərargahları vura bilməz. Bu məhdudiyyət müdafiə resurslarının optimal dağılımına imkan yaradır, sabit strateji obyektlərin ətrafında müdafiə çətirini sıxlaşdırmaq, mobil aktivlərin isə ənənəvi manevr və gizlilik prinsipləri ilə qorunmasına davam etmək mümkün olur.


Azərbaycanın bu təhdidə qarşı çoxtəbəqəli əks-tədbir doktrinası ilkin mərhələdə kəşfiyyat və erkən xəbərdarlıq əsasında qurulur. Ermənistan aviasiya bazalarında “Su-30SM” təyyarələrinə “Yasin” bombalarının quraşdırılması, texniki xidmət göstərilməsi və koordinat yüklənməsi prosesinin uzun vaxt apardığını nəzərə alsaq, Azərbaycanın peyk şəbəkəsi və uzun mənzilli strateji PUA-ları bu hərbi aktivliyi real vaxt rejimində izləməyə qadirdir. Bu kəşfiyyat üstünlüyü kritik strateji məna daşıyır, çünki sursatın ən böyük zəifliyi yalnız havada deyil, eyni zamanda hazırlıq mərhələsində də mövcuddur.

Hava hücumundan müdafiə baxımından Azərbaycanın çoxtəbəqəli çətiri (uzunmənzilli, ortamənzilli və qısamənzilli HHM sistemlərinin inteqrasiya edilmiş şəbəkəsi) “Yasin” kimi subsonik, manevrsiz və yüksək radar görünüşlü hədəflər üçün son dərəcə əlverişsiz mühit yaradır. Sursatın aşağı sürəti və sabit trayektoriyası onun çoxtəbəqəli müdafiə xəttinin hər birində aşkarlanma və neytrallaşdırılma ehtimalını maksimum səviyyəyə qaldırır. Konkret hansı sistemlərin hansı ardıcıllıqla işə salınacağı, hansı sektorda hansı raket kompleksinin əsas vəzifə daşıdığı və müdafiə təbəqələrinin dinamik olaraq necə yenidən paylanacağı tam şəkildə hərbi planlama məxfiliyi çərçivəsində qalır və bu məxfiliyin özü ən güclü çəkindirici amillərdən biridir.

Radioelektron mübarizə müstəvisində isə “Yasin”in mülki peyk siqnallarından asılılığı və hibrid kabinədaxili planşet sistemləri vasitəsilə kommunikasiya etməsi müasir REM doktrinasının istənilən vektorla bu sistemi neytrallaşdıra biləcəyini göstərir. Sursatın peyk siqnalını boğmaq, saxta koordinat ötürmək, INS sürüşməsindən istifadə edərək hədəf trayektoriyasından çıxarmaq və ya hətta sursatla daşıyıcı təyyarə arasındakı kabin daxili “qeyri-rəsmi” rabitə xəttini pozmaq kimi konseptual imkanlar mövcuddur. Bu imkanların hansı konkret kombinasiya ilə tətbiq ediləcəyi, hansı tezliklərin əhatə olunacağı və operativ ardıcıllığın necə formalaşacağı hərbi sirr çərçivəsində qalır və bu qeyri-müəyyənlik özü Ermənistan hərbi planlamasını həddən artıq geniş, lakin effektiv olmayan müdafiə tədbirləri qurmağa məcbur edir, bu da öz növbəsində resurs israfına və operativ paralizasiyaya gətirib çıxaracaq.


Geosiyasi kontekstdə Ermənistanın İrandan “Yasin” sursatları alması Azərbaycan-İran münasibətlərində yeni gərginlik xəttinin açılmasına səbəb ola bilər və bu, Tehranın rəsmi səviyyədə bəyan etdiyi “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” diskursu ilə birbaşa ziddiyyət təşkil edir. İrəvana Azərbaycanın strateji infrastrukturunu vura biləcək silahların verilməsi Tehranın rəsmi xarici siyasət mesajlarının arxasındakı real strateji niyyətlərin nə qədər fərqli olduğunu açıq şəkildə göstərir. Azərbaycan tərəfi bu cür hərbi rəqabətə cavab olaraq İranla olan regional nəqliyyat və tranzit layihələrində, xüsusilə Şimal-Cənub dəhlizi kontekstində öz şərtlərini sərtləşdirə və ya İranı kənarda saxlayan alternativ marşrutlara (Zəngəzur dəhlizi, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya konnektivliyi) daha güclü yatırımlar yönəldə bilər. Bu, Tehranın regional iqtisadi nüfuzunun uzunmüddətli azalmasına və Azərbaycanın Qərb-Türk koalisiyası ilə inteqrasiyasının daha da dərinləşməsinə gətirib çıxarar.

Regional təhlükəsizlik arxitekturasına təsir baxımından “Yasin” sursatının Ermənistanda meydana çıxması mövcud koalisiya dinamikalarını üç fərqli istiqamətdə dəyişdirir. Birinci istiqamət Azərbaycan-Türkiyə müttəfiqliyinin dərinləşməsidir. Şuşa Bəyannaməsi çərçivəsində formalaşdırılan ortaq hərbi planlama, kəşfiyyat mübadiləsi və müdafiə sənaye inteqrasiyası bu yeni təhdid kontekstində daha da güclənir, ortaq hava hücumundan müdafiə şəbəkəsi və REM koordinasiyası tam şəkildə inteqrə olunur. İkinci istiqamət Azərbaycan-İsrail strateji tərəfdaşlığının texnoloji səviyyədə daha da intensivləşməsidir. İranın Ermənistanda hərbi nüfuzunu artırması paradoksal şəkildə İsrailin ən qabaqcıl müdafiə texnologiyalarını (SPICE sursatları, müasir HHM sistemləri, kompleks REM platformaları, kəşfiyyat sensorları) Azərbaycana intensiv şəkildə tədarük etməsinin əsas geosiyasi motivasiyasını yaradır. Tehranın addımı dolayısı ilə öz ən böyük regional rəqibinin Cənubi Qafqazdakı hərbi-texnoloji mövqeyini möhkəmləndirir və bu, klassik bir geosiyasi paradoksdur.

Üçüncü istiqamət isə Ermənistanın özünün hibrid silahlanma strategiyasının daxili uzlaşma böhranıdır. İrəvan eyni vaxtda Fransadan müasir radar və HHM sistemləri, Hindistandan artilleriya və hava hücumundan müdafiə platformaları, Çindən PUA-lar, İrandan süzən bombalar və digər sistemlər, Rusiyadan ənənəvi platformalar əldə etməyə çalışır, lakin bütün bu müxtəlif mənşəli silahların ortaq idarəetmə şəbəkəsində, vahid komandanlıq-nəzarət (C4I) standartında və inteqrasiya olunmuş döyüş ekosistemində uğurla çalışması praktiki olaraq mümkün deyil. Hər bir tədarükçü öz proqram protokollarını, məlumat formatlarını, şifrələmə standartlarını və servis tələblərini gətirir və bu çoxşaxəli kombinasiya Ermənistan ordusunu vahid sistem kimi işləməkdən məhrum edir. Nəticədə ordu kağız üzərində böyük və müxtəlif silah parkına malik görünür, lakin real döyüş şəraitində bu müxtəliflik sinerji deyil, qeyri-uyğunluq və koordinasiyasızlıq mənbəyinə çevrilir.


İran tərəfində isə “Yasin” sursatlarının Ermənistana satışı Tehranın Cənubi Qafqazdakı regional təsir genişləndirmə doktrinasının bariz təcəssümüdür. Bu satış İran hərbi sənayesinin sanksiyalar şəraitində maliyyələşdirilməsi, ixrac bazarlarının genişlənməsi və Bakı-Ankara-Təl-Əviv üçbucağına qarşı dolayı təzyiq mexanizmi kimi xidmət edir. Üstəlik, Ermənistan ərazisindəki İran silahları gələcəkdə Tehran üçün operativ kəşfiyyat və əməliyyat imkanları açır, çünki sistemlərin servis, ehtiyat hissə təminatı, proqram yenilənməsi və mühəndis dəstəyi tam İran nəzarəti altında qalır. Bu, Ermənistan hərbi suverenliyinin müəyyən hissəsinin Tehrana həvalə edilməsi anlamına gəlir və uzunmüddətli geosiyasi risk vektorudur, çünki gələcəkdə Ermənistan-İran münasibətlərində hər hansı bir gərginlik nəinki diplomatik, eyni zamanda Ermənistanın hərbi qabiliyyətinin tam funksional bağlılığına çevrilə bilər.

Sülh prosesi və regional sabitlik baxımından “Yasin” sursatının Ermənistanda meydana çıxması heç bir konstruktiv funksiya yerinə yetirmir, əksinə hərbi-revanşist xülyaları alovlandırır və İrəvanda real döyüş qabiliyyəti barədə yanlış təsəvvürlər yaradır. Bu, postmüharibə dövründə Cənubi Qafqaz regionunda müşahidə edilən normallaşma və sülh imzalanması perspektivlərinə zərbə vurur, eyni zamanda Ermənistanın özünün də uzunmüddətli geosiyasi maraqlarına ziyan vurur. Çünki bu tip silahlanma Azərbaycanın hərbi-texnoloji üstünlüyünü aşmaq gücündə deyil, sadəcə regional gərginlik səviyyəsini qaldırır və qarşıdurma ssenarilərinin daha intensiv qaynaqlanmasına səbəb olur.

Yekun analitik mənzərədə “Yasin” sursatı sadəcə bir aviasiya silahı olaraq deyil, daha geniş bir strateji sindromun, yəni Ermənistanın postmüharibə dövründə öz hərbi-texnoloji boşluqlarını çoxşaxəli, uzlaşmasız və xarici asılılıq dolu tədarüklərlə qapatmağa çalışmasının təcəssümü kimi qəbul edilməlidir. Sursat texniki cəhətdən köhnəlmiş yanaşmaya əsaslanır, müasir REM mühitində qeyri-effektivdir, “Su-30SM” platforması ilə qondarma şəkildə inteqrasiya olunub, yalnız sabit strateji hədəflərə qarşı tətbiq edilə bilər, mülki peyk siqnallarından tam asılıdır və beynəlxalq sanksiyalar şəraitində istehsal olunan keyfiyyət qeyri-stabil komponentlərdən ibarətdir. Bütün bu məhdudiyyətlər birlikdə düşünüldükdə “Yasin”in real döyüş çəkisi həm Azərbaycanın çoxtəbəqəli sensor-zərbə-REM ekosistemi qarşısında, həm də bölgədəki müasir analoqlarla (Türkiyə KGK, Rusiya UMPK, İsrail SPICE) müqayisədə son dərəcə zəif qalır.


Ermənistan tərəfi bu reallıqdan əslində xəbərdardır, lakin alternativ seçim spektrinin məhdudluğu, beynəlxalq sanksiya rejimi xaricində qalan resursların azlığı və 44 günlük müharibədən sonra yaranan hərbi-psixoloji boşluğu doldurmaq cəhdi onu bu paradoksal yolla irəliləməyə məcbur edir. İrəvan ictimaiyyətinə “uzaqdan zərbə qabiliyyəti” mesajını çatdırmaq və Azərbaycana qarşı çəkindirici güc illüziyası yaratmaq motivasiyası sursatın real döyüş effektivliyindən qat-qat üstün siyasi-psixoloji məqsədlər kimi ortaya çıxır. Lakin müasir hərbi reallıq belə illüziyaların real döyüş şəraitində çox tez dağılmasını və xərcinin daha sonra ödənildiyini dəfələrlə sübut edib.

Cənubi Qafqaz hərbi balansının ümumi mənzərəsində “Yasin” sursatının payı asimmetrik qarşıdurmanın simvoludur. Bir tərəfdə Bakı qismində yüksək texnoloji sensor inteqrasiyası, müttəfiq operativ platforma standartlaşması, real vaxt rejimində komanda- idarəetmə şəbəkəsi və çoxdomenli kəşfiyyat-zərbə zənciri istiqamətində sistemli inkişaf yolu mövcuddur. Digər tərəfdə İrəvan qismində hibrid, parçalanmış, çoxmənşəli və xarici asılılıq dərinliyi ilə müşayiət olunan tədarük strategiyası mövcuddur və bu, kağız üzərində geniş silah çeşidi yaratsa da, real döyüş şəraitində bir-birinə uyğun olan sistem kimi fəaliyyət göstərə bilmir. Bu asimmetriyanın gələcək strateji nəticələri aydındır: Ermənistanın əldə etdiyi platformalar nə Bakının texnoloji üstünlüyünü neytrallaşdıra, nə də regional balansı əhəmiyyətli şəkildə dəyişdirə bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asimmetriya   Strateji-Məhdudiyyət   Ermənistan  


Bizi "telegram"da izləyin