Peskov: “ABŞ münasibətləri bərpa etməyə hazır olanda Moskva da qarşılıq verəcək”

2026/06/1780734422.jpg
Oxunub: 221     12:20     06 İyun 2026    
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton Rusiya ilə münasibətlərin real bərpasına hazır olduğu zaman Moskva da buna qarşılıq verməyə hazır olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Peskov Çin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə qeyd edib ki, Rusiya tərəfi ABŞ ilə münasibətlərin normallaşdırılmasına açıqdır və bu istiqamətdə qarşılıqlı addımların atılmasını gözləyir.

“Amerikalılar münasibətlərin real şəkildə bərpasına hazır olan kimi, biz də buna qarşılıq verəcəyik”, - deyə Kremlin sözçüsü bildirib.

Dmitri Peskov vurğulayıb ki, ABŞ hazırda iqtisadi əlaqələrin inkişafını Ukrayna münaqişəsinin nizamlanması ilə əlaqələndirir, lakin Moskva bu yanaşmanı düzgün hesab etmir və iki ölkə arasında münasibətlərin ayrıca müstəvidə inkişaf etdirilməsinin tərəfdarıdır.

Kremlin nümayəndəsi münasibətlərin bərpası məsələsinə münasibət bildirərkən məşhur ifadədən də istifadə edib. Onun sözlərinə görə, bu proses yalnız hər iki tərəfin istəyi ilə mümkün ola bilər.

“Tanqo rəqsi üçün iki nəfər lazımdır, amma amerikalılar hələlik bunu istəmirlər”, - deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Moskva bu məsələdə səbirli davranmağa davam edir. Bununla yanaşı, Kreml ABŞ-nin Ukrayna ətrafında yaranmış münaqişənin həllinə yardım göstərmək niyyətini müsbət qiymətləndirir və bunu alqışlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin