Ordu.az xəbər verir ki, şirkət 1,5 milyard dollar dəyərində investisiya proqramı çərçivəsində istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb.
Yeni istehsal xətlərinin istifadəyə verilməsi və müəssisələrin modernləşdirilməsi nəticəsində enerji materialları, sursatlar, silah sistemləri, raket texnologiyaları, aviasiya bombaları və KBRN mühafizə vasitələri kimi sahələrdə istehsal imkanları genişləndirilib.
MKE bildirib ki, həyata keçirilən layihələr Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfinə xidmət edir və ölkənin hərbi potensialının davamlı şəkildə gücləndirilməsinə yönəlib. Bu çərçivədə son bir ay ərzində müxtəlif çaplı və təyinatlı məhsulların böyük partiyalarla sifarişçilərə çatdırılması təmin olunub.
Quru Qoşunları Komandanlığına MKE ALPAY minalanmış ərazilərdə keçid açma sistemi, 107 mm-lik artilleriya raketləri, 60 mm-lik minaatan sursatları, 105 mm-lik artilleriya sursatları üçün atıcı barıtlar, 25 mm-lik sursatlar, 7,62 mm və 20 mm çaplı patronlar, eləcə də tüstü qumbaraları təhvil verilib.
Hərbi Hava Qüvvələrinə MK-84 və MK-82 aviasiya bombaları çatdırılıb. Hərbi Dəniz Qüvvələri isə MKE MOD48 əl qumbaraları, 76 mm-lik milli DENİZHAN dəniz topu və tüstü qumbaraları ilə təmin olunub.
Şirkət müdafiə sənayesi üzrə tərəfdaşlarına da mühüm məhsullar təqdim edib. Bunlara ALTAY tankının silah sistemi, FIRTINA özüyeriyən haubitsalarının avadanlıqları, 155 mm-lik PANTER haubitsası üçün komponentlər, MK-82 aviasiya bombaları, orta mənzilli raketlər üçün yanacaq çubuqları, “Nefes” KBRN qaz maskaları, artilleriya alışdırıcıları və müxtəlif ehtiyat hissələri daxildir.
MKE rəhbərliyi bildirib ki, həyata keçirilən tədarüklər Türkiyənin müdafiə potensialının gücləndirilməsinə və silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Şirkət qarşıdakı dövrdə həm daxili sifarişlərin, həm də ixrac layihələrinin həcmini artırmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az