ABŞ-nin Baltik ölkələrində nüvə silahı yerləşdirəcəyi iddia olunur

2026/06/Ekran-1780760369.jpg
Oxunub: 357     19:38     06 İyun 2026    
ABŞ rəsmilərinin Polşa və Baltik ölkələrində nüvə silahlarının yerləşdirilməsi ehtimalını müzakirə etdiyi iddia olunub.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin mövzu ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, müzakirələr Vaşinqtonun “Dual-Capable Aircraft” adlandırdığı, həm adi döyüş tapşırıqlarını yerinə yetirə, həm də nüvə bombaları daşıya bilən döyüş təyyarələrinin ön xətt bölgələrində yerləşdirilməsi üzərində cəmlənib.

Qeyd olunub ki, bu tip təyyarələr NATO-nun nüvə paylaşımı konsepsiyasının əsas elementlərindən biri hesab edilir. Hazırda ABŞ-yə məxsus qabaqcadan yerləşdirilmiş nüvə bombaları Niderland, Belçika, Almaniya, İtaliya, Türkiyə və Böyük Britaniyadakı aviabazalarda saxlanılır.

“Financial Times”ın məlumatına görə, NATO-nun şərq cinahında yerləşən Polşa və Baltik ölkələri ABŞ-nin ikili təyinatlı təyyarələrini qəbul etməyə ən çox maraq göstərən dövlətlər sırasındadır.

Bildirilir ki, Polşa uzun müddətdir Rusiyaya qarşı çəkindirmə məqsədilə ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləyir. Belə ki, sabiq prezident Andjey Duda açıq şəkildə ABŞ-ni Polşada nüvə silahları yerləşdirməyə çağırmışdı. Yeni hökumət bu məsələdə daha ehtiyatlı mövqe nümayiş etdirsə də, mövzu Varşavanın gündəmində qalmaqda davam edir.

Məlumata görə, Polşa eyni zamanda Fransanın “Dissuasion Avancée” adlı “irəli çəkindirmə” təşəbbüsünə qoşulub. Həmin təşəbbüs Fransanın nüvə çətirinin Şərqi Avropa ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsini nəzərdə tutur.

Bu çərçivədə gələcəkdə Fransanın nüvə silahı daşımaq qabiliyyətinə malik döyüş təyyarələrinin müvəqqəti olaraq Polşada yerləşdirilməsi ehtimalı istisna edilmir.

Məqalədə həmçinin qeyd olunur ki, ABŞ-nin nüvə paylaşımı ilə bağlı hazırkı müzakirələri NATO kanalları vasitəsilə aparılır. ABŞ-nin Avropadakı diqqətini və adi hərbi mövcudluğunu azaltmağa başlaması, eyni zamanda Avropa ölkələrinin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırması fonunda NATO transformasiya mərhələsindən keçir.

“Financial Times”ın istinad etdiyi mənbənin sözlərinə görə, nüvə paylaşımının genişləndirilməsi ilə bağlı müzakirələrin əsas məqsədi Avropa paytaxtlarında yaranmış “Vaşinqtonun onları tək buraxa biləcəyi” narahatlıqlarını azaltmaqdır.

Bununla belə, danışıqlar davam etsə də, ABŞ-nin nüvə silahlarını qəbul edəcək ölkələrin sayının artırılması ilə bağlı hər hansı razılaşmanın yaxın vaxtlarda yekunlaşacağı gözlənilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Baltik-ölkələri  


Bizi "telegram"da izləyin