TUFAN kamikadze insansız dəniz platformasının istehsalı ARES Gəmiqayırma Zavoduna həvalə edilib

2026/06/1780734683.jpg
Oxunub: 331     12:27     06 İyun 2026    
ASELSAN və ARES Gəmiqayırma Zavodu arasında qurulan strateji əməkdaşlıq çərçivəsində Türkiyənin dənizlərdəki çəkindirmə imkanlarını artıracaq TUFAN kamikadze insansız dəniz platformasının hazırlanması və istehsalı ARES-ə həvalə olunub.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində platformanın dizaynı, inşası və istehsalı ARES Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcək, ASELSAN isə platformanı qabaqcıl sistemlərlə təchiz edəcək.

Məlumata görə, TUFAN ASELSAN tərəfindən hazırlanmış avtonomluq texnologiyaları, sürü zəkası konsepsiyası və müxtəlif faydalı yük sistemləri ilə təchiz olunacaq. İnsansız dəniz platformaları sahəsində böyük təcrübəyə malik olan ARES bu layihədə əsas istehsalçı kimi çıxış edəcək. Yüksək sürəti, çevikliyi və sürü şəklində fəaliyyət göstərə bilmə qabiliyyəti ilə seçilən TUFAN-ın yaxın gələcəkdə dəniz sınaqlarına başlaması planlaşdırılır.

Sürü zəkası texnologiyası sayəsində bir-biri ilə tam koordinasiyalı fəaliyyət göstərə bilən platformalar yüksək sürətlə hədəfə yaxınlaşaraq eyni vaxtda zərbə endirmək imkanına malik olacaq. Bu xüsusiyyət TUFANı Türkiyə Hərbi Dəniz Qüvvələri üçün mühüm asimmetrik güc elementi kimi ön plana çıxarır.

Yüksək partlayıcı döyüş başlığı daşıyan TUFAN həm suüstü hədəflərə, həm də sahilboyu yerləşən strateji obyektlərə qarşı istifadə edilə biləcək. Platforma eyni zamanda kəşfiyyat, müşahidə və məlumat toplama tapşırıqlarını tək və ya sürü şəklində yerinə yetirə bilir. Müxtəlif əməliyyatlar üçün xüsusi alt qruplar formalaşdırmaq, fərqli hücum formaları tətbiq etmək və tapşırıqları bölüşdürmək də sistemin imkanları sırasındadır.

Bundan əlavə, TUFAN hərəkətli və sabit maneələrdən müstəqil şəkildə yayınmaq, görüntü əsaslı hədəf aşkarlamaq və nişanalma həyata keçirmək qabiliyyətinə malikdir. Qabaqcıl situasiya məlumatlılığı, yüksək sürəti, manevr imkanları və muxtar idarəetmə xüsusiyyətləri sayəsində platformanın “Mavi Vətən” konsepsiyası çərçivəsində əhəmiyyətli qüvvə çarpanı rolunu oynayacağı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUFAN   ARES   Türkiyə  


Bizi "telegram"da izləyin