ABŞ-nin Ermənistandakı səfirliyinin əməkdaşları 1995-ci ildən Paşinyanla müntəzəm əlaqə saxlayırlar?

2026/03/1773688082.jpg
Oxunub: 261     10:57     06 İyun 2026    
Ermənistanda fəaliyyət göstərən “Ümumerməni Cəbhəsi” Hərəkatının “Telegram” kanalı ABŞ-nin Ermənistandakı səfirliyinin əməkdaşları ilə Nikol Paşinyan arasında əlaqələrə dair olduğu iddia edilən sənəd yayıb.

Ordu.az xəbər verir ki, “Telegram” kanalında dərc olunan materialda sənədin 2008-ci ilə aid səfirlik yazışmalarından götürüldüyü iddia olunur.

Yayılan mətnə əsasən, ABŞ səfirliyinin əməkdaşlarının 1995-ci ildən etibarən Nikol Paşinyanla müntəzəm əlaqədə olduqları, onun jurnalist fəaliyyətini izlədikləri və müəyyən istiqamətlər üzrə əməkdaşlıq etdikləri bildirilib.

Sənəddə Paşinyanın xarakteri və fəaliyyəti ilə bağlı müxtəlif qiymətləndirmələr də yer alıb.

“1995-ci ildən etibarən Nikol Paşinyanla müntəzəm əlaqə saxlanılıb. Lakin həmin dövrdə onun effektivliyi qeyri-sabit xarakteri və kifayət qədər məsuliyyətli olmaması səbəbindən aşağı qiymətləndirilib. Bununla yanaşı, onun enerjisi və insanlara təsir etmək bacarığı perspektivli hesab olunub”, - deyə sənəddə qeyd edilib.

Materialda həmçinin ABŞ səfirliyinin 1997-1998-ci illərdə Paşinyanın təsis etdiyi “Oragir” qəzetinə, daha sonra isə “Haykakan Jamanak” qəzetinə maliyyə dəstəyi verdiyi barədə iddialar yer alıb.

“Səfirlik sonradan həmin nəşrlərdən media platformalarından biri kimi istifadə edib”, - deyə sənəddə bildirilib.

Yazışmada Paşinyanla əməkdaşlıq zamanı müəyyən fikir ayrılıqlarının yarandığı da iddia edilir.

“Bəzi nəşrlərin tonallığı ilə bağlı tövsiyələrimizə dəqiq əməl etməkdən imtina etdiyi üçün zaman-zaman fikir ayrılıqları yaranırdı”, - deyə sənəddə vurğulanıb.

Materialda Paşinyanın 2008-ci il mart hadisələrindən sonra ABŞ səfirliyindən dəstək istədiyi, bundan sonra isə onunla operativ əlaqələrin müvəqqəti dayandırıldığı iddia olunur.

“Nikol Paşinyan ‘problemli aktiv, psixoloji baxımdan qeyri-sabit şəxs’ kimi xarakterizə olunub və bunun nəticəsində onunla əlaqələr dayandırılıb”, - deyə sənəddə qeyd edilib.

“Telegram” kanalında yayılan materialda həmçinin guya 1996-cı ilə aid başqa bir elektron yazışmadan sitat da təqdim olunub.

“Əlaqə qurulub. Jurnalist özü əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. O, isterik, tamahkar və intizamsızdır, lakin kifayət qədər istedadlıdır. Bizimlə işləməyə hazır olduğunu təsdiqləyib. Hər tapşırığa görə ona 300-500 dollar ödənilməsi təklif olunur”, - deyə həmin sənəddə qeyd olunub.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin