Ermənistan MTX “oğru Bce” və “Tetsik” ləqəbləri ilə tanınan şəxsləri saxlayıb

2026/06/1780736275.jpg
Oxunub: 276     12:55     06 İyun 2026    
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “oğru Bce” və “Tetsik” ləqəbləri ilə tanınan şəxsləri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, MTX-dən daxil olmuş mümkün cinayət barədə məlumat əsasında aparılan araşdırmalar zamanı kriminal iyerarxiyada yüksək statusa malik olan və “oğru Bce” ləqəbi ilə tanınan V.H.-nin qanunsuz nüfuzundan istifadə etdiyi müəyyən edilib. İstintaqın versiyasına görə, “Tetsik” ləqəbli A.H. ona müraciət etdikdən sonra V.H. A.H. ilə “Qoco” ləqəbli S.P. arasında yaranmış şəxsi mübahisəni dövlət tərəfindən müəyyən edilmiş hüquqi prosedurlar xaricində həll etmək məqsədilə göstəriş verib.

Məlumata görə, V.H. A.H.-yə daha əvvəl müxtəlif cinayət işləri üzrə kriminal subkultura nümayəndələrinə qarşı ifadə verdiyi üçün S.P.-ni “hörmətdən düşmüş şəxs” kimi tanıtmağı və onu cəzalandırmağı tapşırıb. Bu məlumat əsasında Ermənistan İstintaq Komitəsinin Xüsusilə Vacib İşlərin İstintaqı Baş İdarəsində insanlara qarşı cinayətlər üzrə cinayət işi başlanıb.

Nəzarətçi prokurorun qərarı ilə V.H.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 322-ci maddəsinin 1-ci hissəsi (kriminal iyerarxiyada yüksək statusun əldə edilməsi, saxlanılması və ya verilməsi) ilə, A.H.-yə qarşı isə 324-cü maddənin 1-ci hissəsi (kriminal subkultura daşıyan qruplaşmada iştirak) ilə ictimai cinayət təqibi başlanıb.

Hər iki şəxs Ermənistan MTX əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. İstintaq onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Ermənistan İstintaq Komitəsi bildirib ki, cinayət işi üzrə ibtidai istintaq davam edir və hadisənin bütün detalları araşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin