Avropa Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdiriləcəyini açıqlayıb

2026/06/1780731286.jpg
Oxunub: 243     11:30     06 İyun 2026    
Avropa Komissiyası Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qaydalarının daha da sərtləşdiriləcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bu qərar bir sıra Avropa ölkələrinin bəzi Aİ üzvlərini rus turistlərə qarşı həddindən artıq yumşaq siyasət yürütməkdə ittiham etməsindən sonra gündəmə gəlib.

Təşəbbüslə İsveç, Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Danimarka, Niderland, Çexiya, eləcə də Şengen zonasına daxil olan İslandiya və Norveç çıxış edib. Həmin ölkələr birgə məktubda Avropa İttifaqına üzv dövlətlərin Ukraynada müharibənin başlanmasından sonra qəbul edilmiş məhdudiyyətləri fərqli şəkildə tətbiq etməsindən narahat olduqlarını bildiriblər.

Məktub müəlliflərinin fikrincə, mövcud vəziyyət Aİ-nin viza siyasətinin “parçalanmasına” səbəb olub və birlik daxilində vahid mövqenin zəifləməsinə gətirib çıxarıb. Onların sözlərinə görə, bu vəziyyət Avropa İttifaqının təsir imkanlarını azaldır, ictimai etimadı sarsıdır və birlikdən ziddiyyətli siqnallar verilməsi riskini yaradır.

Xüsusi tənqid Fransanın, İtaliyanın və İspaniyanın siyasətinə yönəlib. Bu ölkələr hazırda Avropada rus turistlərin ən çox üz tutduğu istiqamətlər hesab olunur. Statistikaya görə, 2025-ci ildə Fransa Rusiya vətəndaşlarına təxminən 180 min Şengen vizası verib. Bu göstərici əvvəlki illə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Eyni dövrdə İtaliya təxminən 160 min, İspaniya isə 100 minə yaxın viza rəsmiləşdirib.

Təşəbbüs müəllifləri hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi bir vaxtda belə mənzərə ciddi suallar doğurur. Məktubda qeyd olunur ki, rus turistlərin Avropanın çimərlik və kurortlarında istirahət etdiyi dövrdə Ukraynanın mülki əhalisi və infrastrukturuna qarşı raket və pilotsuz uçuş aparatı hücumları davam edir.

Bu çağırışlara cavab olaraq Avropa Komissiyası artıq yeni məhdudiyyətlər üzərində işlədiyini açıqlayıb. Avropa Komissiyasının miqrasiya məsələləri üzrə nümayəndəsi Markus Lammert bildirib ki, gələn il Viza Məcəlləsinə yenidən baxılması çərçivəsində Rusiya vətəndaşları üçün əlavə hədəfli məhdudiyyətlər təklif olunacaq.

Onun sözlərinə görə, yeni tədbirlərin məqsədi xarici dövlətlərin fəaliyyəti ilə əlaqəli təhlükəsizlik risklərini azaltmaqdır. Bununla yanaşı, Avropa Komissiyası xatırladıb ki, viza verilməsi səlahiyyəti milli hökumətlərin ixtiyarında qalır və Brüsselin bu sahədə rolu əsasən koordinasiya və nəzarətlə məhdudlaşır.

Brüsseldə həmçinin vurğulanıb ki, rus vətəndaşlarına verilən vizaların sayı son illərdə onsuz da ciddi şəkildə azalıb. Əgər genişmiqyaslı müharibədən əvvəl hər il təxminən 4 milyon Şengen vizası verilirdisə, 2025-ci ildə bu göstərici təxminən 500 minə qədər azalıb.

Lakin təşəbbüsün tənqidçiləri bildirirlər ki, Fransa, İtaliya və İspaniya ənənəvi olaraq digər Avropa ölkələrindən daha çox viza müraciəti qəbul edir. Buna görə də yüksək rəqəmlər avtomatik olaraq daha yumşaq siyasətin göstəricisi hesab edilə bilməz. Onlar həmçinin qeyd edirlər ki, Avropa İttifaqının sanksiyaları artıq Rusiya rəhbərliyi və hərbi əməliyyatlarla birbaşa əlaqəli şəxslərə qarşı yönəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Rusiya  


Bizi "telegram"da izləyin