Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün mümkün dayandırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Qaluzin bildirib ki, ekspertlər dekabr ayına qədər Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakının mümkün dayandırılmasının iqtisadi və hüquqi nəticələrini araşdıracaqlar.
Diplomat xatırladıb ki, yaxın vaxtlarda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatı qəbul olunub.
“Bu bəyanatda açıq şəkildə qeyd edilir ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması və hazırkı Ermənistan rəhbərliyinin Avropa İttifaqına qoşulmaq planları Avrasiya İqtisadi Birliyinin Ermənistan istisna olmaqla digər üzvlərinin iqtisadi təhlükəsizliyi üçün konkret risklər yaradır.
Dörd ölkənin lideri Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakının mümkün dayandırılmasının nəticələri ilə bağlı hesabat hazırlanmasını tapşırıb. Əminəm ki, ekspertlər həm iqtisadi, həm də hüquqi aspektləri araşdıracaqlar. Gəlin mütəxəssislərin işinin nəticələrini gözləyək”, - deyə Qaluzin bildirib.
Qaluzin vurğulayıb ki, Avrasiya İqtisadi Birliyinin digər üzvləri üçün Ermənistanın bir tərəfdən Avropa İttifaqına inteqrasiya niyyətini qanunvericilikdə təsbit etməsi, digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinə üzvlüyün bütün üstünlüklərindən istifadə etməyə davam etməsi qəbuledilməzdir.
RTVI-nin Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılması prosedurunun necə həyata keçiriləcəyi ilə bağlı sualını cavablandıran diplomat bildirib ki, hazırda bu məsələ ilə bağlı nəticə çıxarmağa tələsmək istəmir.
“Mən artıq qeyd etdim ki, hazırlanacaq hesabat üzərində həm iqtisadi, həm də hüquqi baxımdan iş aparılacaq. Bu səbəbdən hesabatın məzmunu barədə əvvəlcədən danışmaq istəmirəm”, - deyə o bildirib.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, Ermənistan qanunvericilik səviyyəsində ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını təsbit edib və Avropa İttifaqına üzvlük həm siyasi, həm də iqtisadi baxımdan Avrasiya İqtisadi Birliyinə üzvlüklə uzlaşmır.
“Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlandığını təsdiqləmək üçün bundan artıq nə lazımdır? Bu mövzu ilə bağlı xüsusi qanun qəbul olunub və mən burada başqa cür şərh görmürəm”, - deyə Qaluzin vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az