Avropa İttifaqında Ukraynaya yeni kredit ayrılması məsələsi müzakirə olunur

2026/03/1773647283.jpg
Oxunub: 217     17:18     29 İyun 2026    
Avropa İttifaqında müharibənin 2027-ci ildən sonra da davam edəcəyi təqdirdə Ukraynaya əlavə maliyyə dəstəyinin göstərilməsi variantları müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna ilə əməkdaşlıq üzrə Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pekka Toveri “İzvestiya”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, həcmi 90 milyard avro olan hazırkı ikiillik dəstək proqramı 2027-ci ilin sonunadək nəzərdə tutulub. Bu səbəbdən Brüssel maliyyələşdirmənin davam etdirilməsi üçün mümkün mexanizmlər üzərində artıq iş aparır.

Ukrayna tərəfinin məlumatına görə, sözügedən paket çərçivəsində 30 milyard avro büdcə dəstəyi, 60 milyard avro isə müdafiə xərcləri üçün ayrılıb. Kiyevin hesablamalarına əsasən, bu vəsait yaxın iki il ərzində ölkənin maliyyə ehtiyaclarının təxminən üçdə ikisini qarşılamağa imkan verəcək.

Pekka Toveri əlavə edib ki, Ukraynanın artıq əlavə 30-45 milyard avroya ehtiyacı var. Onun sözlərinə görə, həmin vəsaitin cəlb olunması məsələsi “Böyük Yeddilik” (G7) ölkələri və NATO müttəfiqləri ilə müzakirə edilir.

Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, Ukraynanın 2026-2027-ci illər üçün xarici maliyyələşdirmə ehtiyacı təxminən 135,7 milyard avro təşkil edir.

Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, ölkənin maliyyə ehtiyacları yüksək olaraq qalır və tərəfdaşların gələcək dəstəyi makroiqtisadi sabitliyin qorunması, eləcə də büdcə xərclərinin maliyyələşdirilməsi baxımından vacibdir.

Məlumata görə, Ukrayna hakimiyyəti artıq uzunmüddətli müharibəyə hazırlıq işlərinə başlayıb. “The Economist” nəşri may ayının sonunda hökumətdəki mənbələrə istinadən yazıb ki, Volodimir Zelenski daha iki-üç il davam edə biləcək döyüş əməliyyatlarına hazırlaşmaq barədə göstəriş verib.

Nəşrin məlumatına görə, ilin əvvəlində Kiyev ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların müvəqqəti razılaşma ilə nəticələnəcəyinə ümid edirdi. “The Economist”in ukraynalı və qərbli mənbələri diplomatik prosesin yay aylarında yenidən başlaya biləcəyini istisna etməsələr də, daha real ssenari kimi müharibənin Ukrayna və ya Rusiyadan biri daha zəif mövqeyə düşənədək davam edəcəyini qiymətləndirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin