Ermənistanda 4 hərbi təşkilat üzvü qəzada yanaraq ölüb

2026/06/1782739418.jpg
Oxunub: 240     17:21     29 İyun 2026    
Ermənistanın Ağrı vilayətində avtomobildə yanaraq ölən dörd nəfərin uzun illər “Yerkrapah” hərbi təşkilatının üzvləri və Qarabağ müahribəsi iştirakçıları olduqları məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerkrapah” hərbi təşkilatını Kotayk vilayəti üzrə sədr müavini Suren Ağoyan danışıb.

Onun sözlərinə görə, ölənlərin dördü də döyüş yoldaşı olub, Qarabağ müharibəsində iştirak ediblər və 25 ildən artıqdır “Yerkrapah” üzvü idilər.

Ağoyan bildirib ki, ölmüş erməni döyüşçülər demək olar hər gün təşkilatın Kotayk bölməsində toplaşırdılar, onlar Qafan şəhərindəki dostlarını ziyarət etmək qərarına gəlib, yük maşınlarının hərəkətinə mane olmamaq üçün gecə saatlarında yola düşüblər.

“Bu dəfə mövqelərdə bir gün qalmağı planlaşdırırdılar”, - deyə o bildirib.

Ağoyanın sözlərinə görə, avtomobilin sürücüsü avtomobili təxminən bir ay əvvəl alan Lyova olub, ölən digər şəxslər 71 yaşlı Robert Qukasyan, 50 yaşlı Qazar Qazaryan və 46 yaşlı Muşeğ Manukyan olub.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, 2026-cı il iyunun 29-da Ağrı vilayətində müəmmalı hadisə baş verib. Saat 04:50 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin 112 Operativ İdarəetmə Mərkəzinə İrəvan-Yerasx avtomobil yolunun Surenavan kəndi ərazisində avtomobilin yanması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər “Nissan Rogue” markalı avtomobildə baş vermiş yanğını söndürdükdən sonra salonda dörd nəfərin yarıyadək yanmış meyitini aşkar ediblər.

Faktla bağlı “tezalışan və ya yanan maddələrin saxlanılması, uçotu, daşınması, göndərilməsi və ya istifadəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin