Borcların ödənilməsi vaxtı: Paşinyan hakimiyyət üçün Ermənistanın hesabına ödəniş edir

2026/03/1773688082.jpg
Oxunub: 234     17:11     29 İyun 2026    
“Avropa KİV-lərinin məlumatına görə, gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək. Nümayəndə heyətinin tərkibində Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da yer alacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan “Borcların ödənilməsi vaxtı: Paşinyan hakimiyyət üçün Ermənistanın hesabına ödəniş edir” sərlövhəli məqalədə bildirilib.

Nəşr yazır ki, Avropa mətbuatında bu səfər iyunda keçirilmiş parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsindən sonra Ermənistan hakimiyyətinə verilən yüksək səviyyəli dəstək siqnalı kimi qiymətləndirilir.

“Müəyyən etmək çətin deyil ki, hakimiyyət Avropa rəsmilərinin səfəri münasibətilə hansı təbliğat kampaniyasını təşkil edəcək. Bu səfər Nikol Paşinyanın həyata keçirdiyi “müdrik xarici siyasət”in nəticəsi və Rusiyadan asılılıqdan qurtuluş yolunda növbəti addım kimi təqdim olunacaq. Avropalılar, böyük ehtimalla, İrəvanda iri maliyyə vədləri də səsləndirəcəklər və hakimiyyət təbliğatı bunun hesabına cəmiyyəti daha bir neçə ay məşğul edəcək”, - deyə məqalədə qeyd olunub.

Məqalə müəllifi hesab edir ki, həm bu səfər, həm də son dövrdə Ermənistana edilən digər səfərlər ölkədə yaxın gələcəkdə baş verəcək və parlament seçkilərindən sonra qaçılmaz sayılan proseslərin göstəricisidir.

“Ümumiyyətlə, hər hansı ölkədə yeni hakimiyyət formalaşdıqdan və ya mövcud hakimiyyət yenidən hakimiyyətə gəldikdən sonra onun rəhbəri ilk xarici səfərləri ilə dövlətin xarici siyasət prioritetlərini nümayiş etdirir. Bu siyasi ənənənin əsasında seçki kampaniyası dövründə elan edilən proqramların qalib siyasi qüvvə tərəfindən dövlət siyasətinə çevrilməsi prinsipi dayanır”, - deyə nəşr yazıb.

Məqalədə daha sonra qeyd olunur ki, klassik siyasi yanaşmaya görə xarici siyasət daxili siyasətin davamıdır. Müəllifin fikrincə, Ermənistanda isə bu prinsip tamamilə dəyişib.

“Ermənistanda bu qayda tamamilə pozulub və baş-ayaq çevrilib. Burada dövlətin xarici siyasəti daxili siyasətin davamı deyil, əksinə, xarici siyasət daxili siyasəti formalaşdırır. Bunun səbəbi isə mövcud hakimiyyətin tam şəkildə xarici dəstək və müdaxilə hesabına yenidən hakimiyyətə gəlməsidir”, - deyə məqalədə vurğulanıb.

Nəşr bu vəziyyəti “xarici idarəetmə” adlandıraraq Ermənistanın klassik protektoratdan yalnız bir cəhətə görə fərqləndiyini iddia edir.

“Ermənistan klassik protektoratdan onunla fərqlənir ki, burada hakimiyyətin pay sahibləri birdən çoxdur. Onların sırasında kollektiv Qərb, ayrı-ayrı Qərb dövlətləri və artıq türk dövlətləri də var. Digər tərəfdən, Azərbaycan müəyyən mərhələdə Ermənistan hakimiyyətinin yeganə sahibi olmaq iddiasını ortaya qoyur və bu istiqamətdə indiyədək yalnız uğurlar əldə edib”, - deyə məqalədə bildirilib.

Müəllif təsadüfi saymır ki, parlament seçkilərindən sonra Ermənistana səfər edən ilk xarici rəsmilərdən biri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev olub.

“Parlament seçkilərindən sonra Ermənistana gələn ilk xarici rəsmilərdən biri Hikmət Hacıyev idi. O da, Avropadan gələn yüksək vəzifəli rəsmilər də “Vətəndaş Müqaviləsi”nin seçkilərdə qələbəsini təmin etdiklərinə görə onlara vəd edilmiş və ya çatmalı olan payı almaq üçün Ermənistana gəlirlər”, - deyə nəşr iddia edib.

Məqalənin sonunda Nikol Paşinyanın siyasəti sərt tənqid olunur.

“Nikol Paşinyan onların hər birinə istədiklərini verməyə hazır olmaqla yanaşı, bunu böyük həvəslə edir. O, bu addımların nəticəsində Ermənistandan sinəsinə yapışdırdığı xəritənin cizgilərindən başqa bir şey qalmayacağına belə əhəmiyyət vermir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Borc  


Bizi "telegram"da izləyin