İsveçrə F-35A qırıcılarının alınması üçün ABŞ-nə 500 milyon İsveçrə frankı məbləğində ilkin ödəniş edib

2026/06/1782739546.jpg
Oxunub: 209     17:26     29 İyun 2026    
İsveçrə ABŞ-dən F-35A qırıcılarının alınması çərçivəsində 500 milyon İsveçrə frankı (təxminən 618 milyon ABŞ dolları) məbləğində ilkin ödəniş həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) nəşri İsveçrə Müdafiə Satınalmaları Agentliyi “Armasuisse”nin rəhbəri Urs Loherə istinadən məlumat yayıb.

Loher bildirib ki, F-35A qırıcılarının alınması ilə bağlı 2026-cı il üçün nəzərdə tutulan bütün ödənişlər artıq tam şəkildə həyata keçirilib.

Onun sözlərinə görə, bu ödənişlər İsveçrənin müdafiə satınalmaları üçün ABŞ ilə yaradılmış ortaq maliyyələşdirmə hesabının kifayət qədər vəsaitlə təmin olunmasına xidmət edir. Həmin fond İsveçrənin ABŞ-də həyata keçirdiyi bütün müdafiə layihələrinin, o cümlədən 30 F-35A qırıcısının, “Patriot” hava hücumundan müdafiə sistemlərinin və F/A-18 qırıcıları üçün ehtiyat hissələrinin alınmasının maliyyələşdirilməsi üçün istifadə olunur.

Urs Loher qeyd edib ki, ödənişlərin dayandırılması İsveçrə ordusunun mövcud F/A-18 qırıcıları üçün ehtiyat hissələrinin tədarükünün dayanmasına və ya F-35A proqramının risk altına düşməsinə səbəb ola bilərdi.

“Bu risk bizim üçün çox böyük idi”, - deyə o bildirib.

Loher həmçinin Vaşinqton administrasiyasının imzalanmış müqavilə üzrə öhdəliklərinə sadiq qalacağını gözlədiklərini vurğulayıb.

Məlumata görə, İsveçrə üçün nəzərdə tutulan ilk F-35A stels tipli qırıcısının yığılmasına 2026-cı il may ayında başlanılıb. Təyyarələrin 2027-2030-cu illər ərzində təhvil verilməsi planlaşdırılır.

İsveçrə 2022-ci ildə sifariş etdiyi “Patriot” batareyaları üçün ABŞ-nə təxminən 700 milyon İsveçrə frankı (865 milyon ABŞ dolları) ödəyib. Lakin bu il başlaması gözlənilən təhvil prosesi bir neçə il gecikib.

Xəbərdə qeyd olunur ki, 2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi layihəsi səs çoxluğu ilə təsdiqlənsə də, hərbi texnikanın hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.

Bundan sonra İsveçrə hökuməti ABŞ-dən 36 F-35A qırıcısının alınması ilə bağlı 6 milyard İsveçrə frankı dəyərində ilkin razılaşma imzalayıb.

2022-ci il sentyabrın 19-da tərəflər 36 F-35A qırıcısının tədarükünə dair 6 milyard İsveçrə frankı məbləğində yekun müqavilə bağlasalar da, ABŞ administrasiyası enerji və xammal qiymətlərinin artmasını, eləcə də inflyasiyanı əsas gətirərək qiymətin artırılmasını istəyib və İsveçrə tərəfindən əlavə ödəniş tələb edib.

İsveçrə Müdafiə Nazirliyi isə müqavilədə nəzərdə tutulan sabit qiymət prinsipində israrlı olduqlarını, hüquqi yollarla nəticə əldə etməyin mümkün görünmədiyini və buna görə də diplomatik danışıqlar apardıqlarını açıqlayıb. Nazirlik bildirib ki, fikir ayrılığı aradan qaldırılmasa, alış ləğv edilə bilər.

ABŞ-dən sifariş edilən F-35A qırıcıları üzrə müqavilədə nəzərdə tutulmuş sabit qiymətin Vaşinqton tərəfindən artırılmaq istənilməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Bundan əlavə, ABŞ-nin İsveçrənin F-35A qırıcıları üçün ödədiyi vəsaiti “Patriot” hava hücumundan müdafiə sistemi fonduna yönəltdiyi də məlum olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   F-35A   Qırıcı  


Bizi "telegram"da izləyin