BMT: Venesuelada təxminən 1,8 milyon insanın humanitar yardıma ehtiyacı var

2026/06/1782583616.jpg
Oxunub: 216     16:55     29 İyun 2026    
Venesuelada baş verən zəlzələdən sonra təxminən 1,8 milyon insan, o cümlədən 680 minə yaxın uşaq humanitar yardıma ehtiyac duyur.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, 2026-cı il iyunun 24-də Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra humanitar yardıma ehtiyacı olan 1,8 milyon nəfərin təxminən 680 mini uşaqlardır.

UNICEF-in Venesueladakı nümayəndəsi Manuel Rodriqes Pumarolun sözlərinə görə, ölkənin xəstəxanaları imkanlarının son həddində fəaliyyət göstərir, minlərlə uşaq sabit təmiz su təminatından məhrumdur, çoxsaylı məktəblərə isə ciddi ziyan dəyib.

Məlumata əsasən, paytaxt Karakasda 432 məktəb zədələnib ki, bu da regiondakı bütün təhsil müəssisələrinin üçdə birindən çoxunu təşkil edir. Ayaqda qalan məktəblər isə müvəqqəti olaraq evsiz qalan ailələr üçün sığınacaq kimi istifadə olunur.

Xatırladaq ki, 2026-cı il iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin maqnitudası 7,2, ikinci zəlzələnin maqnitudası isə 7,5 olub. Bundan sonra 512 afterşok qeydə alınıb.

Venesuela hakimiyyətinin son məlumatına əsasən, həlak olanların sayı 1450 nəfərə çatıb, 3,2 mindən çox insan müxtəlif bədən xəsarətləri ilə xəstəxanalarda müalicə olunur. Çoxsaylı yaşayış evləri dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Venesuela  


Bizi "telegram"da izləyin