Uğursuzluqları ört-basdır etmək üçün 34 milyon avro: Ermənistan ixracını hara çatdırdılar?

2026/04/1775489688.jpg
Oxunub: 214     13:43     29 İyun 2026    
“Ermənistan hakimiyyəti növbəti dəfə maliyyə yardımını iqtisadi uğur kimi təqdim etməyə çalışır. Halbuki reallıq daha sadə və daha narahatedicidir. Ölkə əsas ixrac bazarlarını itirir, fermerlər və istehsalçılar zərərlə üzləşir, hökumət isə yenidən problemin səbəblərindən deyil, onun nəticələrinin yumşaldılmasından danışır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Uğursuzluqları ört-basdır etmək üçün 34 milyon avro: Ermənistan ixracını hara çatdırdılar?” sərlövhəli məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın Ermənistan mənşəli bir sıra məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlər iqtisadçıların illərdir xəbərdarlıq etdiyi bir problemi üzə çıxarıb.

“Ermənistanın ixracın şaxələndirilməsi üzrə real strategiyası yoxdur. İllər boyu hakimiyyət yeni bazarların əldə olunması, iqtisadi inqilab və ixracın görünməmiş artımı barədə bəyanatlar verirdi. Lakin ilk ciddi sınaq göstərdi ki, bu bəyanatların əhəmiyyətli hissəsi yalnız rəsmi çıxışlarda mövcud olub”, - deyə məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, məhdudiyyətlərin yaratdığı çətinliklər fermerlərə və ixracatçılara təsir göstərdikdən sonra hakimiyyət Ermənistan məhsulları üçün sürətlə yeni bazarların tapıldığını iddia etməyə başlayıb.

“Lakin zaman göstərdi ki, verilən vədlərlə reallıq arasında böyük fərq mövcuddur. Məhsulların bir hissəsi yeni istehlakçılara çatdırıla bilməyib, bir hissəsi geri qaytarılıb, çoxsaylı təsərrüfat subyektləri isə satılmamış məhsul və maliyyə itkiləri ilə üzləşib.

Bütün bunların fonunda Avropa Komissiyasının Rusiyanın məhdudiyyətlərindən zərər çəkmiş sahələrə dəstək məqsədilə Ermənistana 34 milyon avro ayıracağı elan olunub. Hakimiyyət bunu mühüm nailiyyət kimi təqdim edir. Lakin əslində bu açıqlama başqa bir sual doğurur: əgər iqtisadiyyat düzgün idarə olunurdusa, yeni bazarlar çoxdan tapılmışdısa və ixrac siyasəti effektiv idisə, bu gün nə üçün milyonlarla avro həcmində kompensasiyalara ehtiyac yaranıb?”, - deyə məqalədə qeyd olunub.

Nəşr hesab edir ki, mövcud vəziyyət hakimiyyətin əvvəlcə iqtisadi siyasətdə uğursuzluğa yol verdiyini, daha sonra isə həmin uğursuzluqların nəticələrini yumşaltmaq üçün xarici dəstək cəlb etdiyini göstərir.

“Lakin maliyyə yardımı itirilmiş bazarları geri qaytarmır, pozulmuş ticarət əlaqələrini bərpa etmir və illər ərzində qurulmuş ixrac sisteminin zəifləməsini kompensasiya etmir”, - deyə müəllif yazıb.

Məqalədə daha sonra vurğulanır ki, hökumətin məsuliyyətdən yayınmağa çalışması ayrıca narahatlıq doğurur.

“Heç kim izah etmir ki, niyə illər ərzində ixrac təhlükəsizliyi sistemi yaradılmayıb, niyə təsərrüfat subyektləri bir bazardan həddindən artıq asılı vəziyyətdə qalıb və niyə növbəti böhran zamanı dövlətin əsas təklifi yenidən xarici qrantlar gözləməkdən ibarətdir”, - deyə nəşr qeyd edib.

Müəllifin fikrincə, iqtisadi siyasətin effektivliyi alınan yardımların həcmi ilə deyil, iqtisadiyyatın böhran şəraitində nə qədər dayanıqlı olması ilə ölçülür.

“Əgər hər bir xarici məhdudiyyətdən sonra təsərrüfat subyektlərini xilas etmək üçün yeni maliyyə vəsaitlərinə ehtiyac yaranırsa, bu artıq uğurdan deyil, idarəetmədə ciddi problemlərin mövcudluğundan xəbər verir.

Bu gün hakimiyyət 34 milyon avrodan danışır. Lakin fermerləri, ixracatçıları və istehsalçıları daha çox maraqlandıran başqa bir sual var: illərlə vəd edilən iqtisadi dəyişikliklərin nəticəsində Ermənistan necə olub ki, yenidən öz məhsulunu satmaq üçün yeni bazarlar nümayiş etdirmək əvəzinə növbəti yardım proqramına ümid bəslədiyi vəziyyətə düşüb?”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İxrac  


Bizi "telegram"da izləyin