Ordu.az xəbər verir ki, yeni müqavilə 2025-ci ildə verilmiş ilk min ədədlik sifarişin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Müqavilə həmçinin “Sonora” platformasının gələcək avtonom əməliyyatlardakı potensialını təsdiqləyən son hərbi təlimdən sonra imzalanıb.
İstehsal işləri “Harmattan AI” şirkətinin qısa müddət əvvəl istifadəyə verdiyi və aylıq 10 min PUA istehsal gücünə malik yeni zavodunda həyata keçiriləcək.
Şirkətin məlumatına görə, son müqavilə avtonom sistemlərə artan tələbatı əks etdirir və “Harmattan AI”ın müasir müharibənin tələb etdiyi sürətlə kritik həllər təqdim etmək imkanlarını daha da gücləndirir.
“Harmattan AI” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Muad M'Qari bildirib ki, Fransa Silahlanma Baş İdarəsinin tətbiq etdiyi keyfiyyət standartları dünyanın ən sərt standartları sırasındadır.
“İlk konsepsiyadan cəmi bir il sonra istifadəyə verilən sistemlə bu standartlara cavab verməyi bacardıq”, - deyə o qeyd edib.
M'Qari əlavə edib ki, bu nəticə şirkətin müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq qabiliyyətini nümayiş etdirir.
“Biz real əməliyyat tələblərinə çevik və sürətli cavab verərək aşağı xərcli, miqyaslana bilən və avtonom müdafiə sistemlərini qısa müddətdə hazırlaya bilirik”, - deyə o bildirib.
“Harmattan AI” tərəfindən hazırlanan “Sonora” elektro-optik və infraqırmızı sensor variantları ilə təklif olunur. Bunun sayəsində platforma gecə və gündüz şəraitində kəşfiyyat məlumatlarının toplanması tapşırıqlarını yerinə yetirə bilir.
Uzunluğu 35 santimetr, çəkisi isə 1,8 kiloqram olan “Sonora” 4 kilometr mənzilə malikdir və 40 dəqiqədən artıq havada qala bilir.
Platformanın modul konstruksiyası sahədə sürətli təmirə və dəyişən əməliyyat tələblərinə qısa müddətdə uyğunlaşdırılmasına imkan verir.
“Sonora” minimum operator müdaxiləsi ilə fəaliyyət göstərəcək şəkildə hazırlanıb. Sistem bir operatorun eyni vaxtda bir neçə PUA-nı idarə etməsinə imkan verir. Hazırkı hazırlıq mərhələsində eyni təlim sahəsində eyni vaxtda 15 PUA-nın fəaliyyət göstərə bildiyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az